Avropa İttifaqı (Aİ) Rusiya ilə ABŞ və NATO arasında körpü olmaq istəyir. Baki-xeber.com xəbər verir ki, Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Rusiya ilə bağlı bildirib ki, diplomatiya həmfikir tərəflərlə tərəfdaşlıq şəraitində aparılarsa, daha yaxşı nəticə verəcək.
Bu səbəbdən ABŞ və G7 ölkələri kimi onlarla oxşar mövqedə olan ölkələrlə təmasda olduqlarını qeyd edən Borrell, bir çox Aİ ölkəsinin liderlərinin koordinasiyanın davam etdirilməsi və diplomatik səylərin davam etdirilməsinin vacibliyini vurğuladıqlarını deyib.
“Mən həmçinin vurğuladım ki, Avropanın təhlükəsizliyi məsələsinə dair istənilən müzakirədə Aİ təbii olaraq masa arxasında olmalıdır”, - Borrell bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin bir neçə gün əvvəl Rusiya ilə ABŞ arasında təhlükəsizlik zəmanətləri haqqında təklifini, NATO-nun Avropa üzvləri üçün də yaydığını xatırladan Borrell, “Aİ-nin bu müzakirələrin tərkib hissəsi olması çox açıqdır” deyib.
Borrell Rusiya ilə hər hansı bir danışıqların aparılması üçün ATƏT-i işarə edib.
Qeyd edək ki, Rusiya ABŞ və NATO-ya təhlükəsizlik zəmanətləri ilə bağlı təklifində NATO-nun şərqə doğru genişlənməsindən və keçmiş Sovet İttifaqı ölkələrinin NATO-ya qəbulundan imtina etmək öhdəliyi istəmişdi.
Rusiya açıqladığı təklifdə həmçinin ABŞ-ın keçmiş Sovet İttifaqı ölkələrində və NATO-ya daxil olmayan ölkələrdə hərbi baza qurmamasını və bu ölkələrlə hərbi əməkdaşlıqdan imtina etməsini tələb edib.