ABŞ və AB Rusiyanın ən böyük banklarına və Rusiyanın Birbaşa İnvestisiya Fonduna qarşı sanksiyaları nəzərdən keçirir.
Məlumata görə, məhdudiyyətlər Rusiya Ukraynaya hücum edəcəyi təqdirdə tətbiq olunacaq. Xüsusilə bu sanksiyalarla rublun dollara, avroya və ya funt-sterlinqə çevrilməsini əngəlləmək mümkündür. Ən böyük sanksiya isə Rusiyanın SWİFT beynəlxalq ödəniş sistemindən çıxarılması ola bilər, lakin bu addımın sadə vətəndaşlara da ziyan vura biləcəyi bildirilib.
Yeni sanksiyaların nə vaxt tətbiq ediləcəyi ilə bağlı hələ yekun qərar yoxdur, ABŞ prezidenti Co Baydenin administrasiyası hazırda avropalı tərəfdaşlarla danışıqlar aparır.
Maraqlıdır, Birləşmiş Ştatlar Rusiyanı SWİFT sistemindən çıxarsa, Rusiya nə günə düşəcək? Ekspertlərin bununla bağlı dəyərləndirməsi nədən ibarətdir?
“Bunun nəticəsində ölkə özündən asılı olmayan səbəblərdən iflic vəziyyətinə düşəcək”
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Fuad İbrahimovun fikrincə, ABŞ buna getsə, Rusiya iqtisadiyyatında çox ciddi fəsadlar yaranacaq: “Məsələ ondadır ki, ABŞ 2014-cü ildə Ukrayna ətrafında baş verən hadisələrlə əlaqədar Rusiyanı SWİFT beynəlxalq ödəniş sistemindən çıxarmaq istəyir. Belə bir hal baş verərsə, birmənalı şəkildə Rusiya bankları bütün dünyanın ödəniş sistemindən təcrid olunacaq. Belə olduğu təqdirdə, idxal və ixrac əməliyyatları ilə əlaqədar Rusiya hər hansı ödəniş həyata keçirə bilməyəcək. Bunun nəticəsində ölkə özündən asılı olmayan səbəblərdən iflic vəziyyətinə düşəcək. Elə məhsullar var ki, anbarlarda onlarla bağlı ehtiyat var. Sözügedən ehtiyat müəyyən bir dövr üçün tələbatı ödəyəcək. Ancaq bəlli bir müddətdən sonra iqtisadiyyatda çox ciddi sıxıntı yaranacaq. Çünki hesablaşma yoxdursa, o zaman idxal və ixrac əməliyyatları arasında kəskin pozulma baş verəcək. Rusiyada müxtəlif mal çeşidləri üzrə defisit yaranacaq. Bu da kəskin qiymət artımına səbəb olacaq. Qara bazarın formalaşması prosesi gedəcək. Ölkədən kapital axınının qaçaqmalçılıq formasında özünü göstərəcəyi gözlənilir. Bir sözlə, ABŞ buna getsə, Rusiyada ciddi fəlakət olacaq. Ümid edirəm ki, bu qorxunc addım atılmayacaq. Ancaq Rusiyanı SWİFT beynəlxalq ödəniş sistemindən çıxarmaq ABŞ-ın ixtiyarındadır. Tərəflər dil tapmasa, bu baş verə bilər. Bir məqamı da qeyd edim ki, Krım Rusiya tərəfindən ilhaq ediləndən sonra bu sistem orada işləmir”.
Bi sözlə, iqtisadçı-ekspert hesab edir ki, ABŞ buna getsə, Rusiya üçün ciddi problemlər yaranacaq.
Vidadi ORDAHALLI