Saakaşvilinin məhkəməsi zamanı qarşıdurma - 15 nəfər saxlandı

Gürcüstanın üçüncü Prezidenti Mixeil Saakaşvilinin işi üzrə məhkəmənin keçirildiyi Tbilisi Şəhər Məhkəməsi ətrafında etiraz aksiyası keçirilib.
“Report”un yerli bürosu xəbər verir ki, polis və iştirakçılar arasında qarşıdurmalar baş verib.
Yerli mətbuatın yaydığı məlumatlara əsasən, etirazçılara qarşı istiotlu sprey tətbiq olunub.
İnsident zamanı bir neçə nəfərin saxlanıldığı bildirilir. Gürcüstanın Daxili İşlər Nazirliyi 15 nəfər saxlandığını açıqlayıb. Bildirilib ki, həmin şəxslər polisin qanuni tələbinə əməl etməyiblər.
M.Saakaşvilinin iştirak etdiyi məhkəmə iclasına yalnız yerli "Birinci Kanal"ın heyəti buraxılıb. Siyasətçinin vəkillərindən biri Şota Tutberidze bir neçə dəqiqə ərzində feysbuk səhifəsi üzərindən canlı yayım aparıb.