2021-ci il noyabrın 15-i Quzey Kipr Türk Cümhuriyyətinin (KKTC) elan edilməsinin 38-ci ildönümünü qeyd edir.
Baki-xeber.com xəbər verir ki, KKTC-nin yaranmasına həsr olunan bayram tədbirlərində Türkiyənin vitse-prezidenti Fuat Oktay da iştirak edib. Xatırladaq ki, 1974-cü ilin yayında Türkiyə Silahlı Qüvvələri Kıbrısda sülhməramlı əməliyyat keçirib. Əməliyyat Türkiyənin o dövrdə baş naziri Bülənt Ecevit və baş nazirin müavini Necmettin Erbakanın şəxsi göstərişi ilə Kıbrısda etnik türklərə qarşı zorakılıq və təzyiqlərə cavab olaraq başlayıb. Türkiyə hərbçilərinin əməliyyatları Kıbrısda axan qanı dayandıraraq adaya sülh gətirdi və 1975-ci il fevralın 13-də Kıbrıs Türk federal dövləti yaradıldı.
1983-cü il noyabrın 15-də Kıbrıs Türk Federal Dövlətinin Qanunvericilik Məclisi Kuzey Kıbrıs Türk Cümhuriyyətini elan etdi.
7 may 1985-ci il konstitusiyasına görə, ölkədə idarəetmə forması yarı prezidentdir. Prezident ümumxalq səsverməsi ilə 5 il müddətinə seçilir. Birpalatalı parlament proporsional əsasda 5 il müddətinə seçilən 50 üzvdən ibarətdir.
Kipr məsələsi ilə bağlı danışıqlar 1968-ci il iyunun 3-dən davam edir və yunan tərəfinin destruktiv mövqeyi ucbatından irəliləyiş olmadığı üçün dəfələrlə yarımçıq qalıb.
KKTC iqtisadiyyatında xidmət sektoru və turizm üstünlük təşkil edir.
Ötən həftə İstanbulda keçirilən Türk Dövlətləri Birliyinin zirvəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kuzey Kıbrıs Türk Cümhuriyyətini də üzv dövlət olaraq qurumda görmək istəyini anons etdi. Bu isə “Yavru Vətən”lə bağlı çox mühüm mesaj və gözlənti sayıla bilər.
SAMİRƏ