"Hariboda" narkotik aşkarlandı - Azərbaycanda marketlər ağzınacan doludur...

Dünyanın ən böyük qənnadı şirkətlərindən biri olan "Haribo" tərəfindən Niderlandda satılan bəzi məhsullarda narkotik maddə aşkarlanıb. Məlumata görə, bunu yeyənlər özlərini pis hiss edib.
Məsələ ilə bağlı Niderland Ərzaq və İstehlak Məhsullarının Təhlükəsizliyi Təşkilatı (NVWA) araşdırma aparıb. Müayinələrdə konfetlərdən götürülmüş nümunələrdə narkotik maddələrin olduğu təsdiqlənib. NVWA-nın sözçüsü, dərmanın indiyə qədər üç paketdə tapıldığını, lakin "Haribo"nun bütün məhsullarını geri çağırdığını söyləyib. Sözügedən məsələ ilə bağlı şirkətin yaydığı məlumatda qeyd edilir ki, şirkət yalnız Niderlanddakı məhsulların geri çağırıb, digər ölkələrdəki məhsulların təhlükəsiz olduğunu bildirib.
Onu da bildirək ki, adıçəkilən şirniyyatın əsas istehlakçısı uşaqlardır. "Haribo" adlanan marmalad uşaqların sevimli təamıdır.
Maraqlıdır, həmin məhsul Azərbaycana da idxal edilibmi?
AQTA: “Uyğunsuzluq aşkarlanan həmin məhsul partiyaları ölkəmizə idxal olunmayıb”
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən “Bakı-Xəbər”ə bildirildi ki, uyğunsuzluq aşkarlanan həmin məhsul partiyaları ölkəmizə idxal olunmayıb: “Bununla bağlı heç bir narahatlığa əsas yoxdur”.
Pərvanə Mustafayeva: “Uşaqlar üçün olan bu cür şirniyyatlara müxtəlif dadlandırıcılar vurulur, onlar da insan sağlamlığı, xüsusən də uşaqlar üçün ziyandır”
Həkim Pərvanə Mustafayeva “Bakı-Xəbər”ə şərhində bildirdi ki, satışda olan jelibonların istehlakı məsləhət deyil: “"Haribo" adlanan marmaladın tərkibində narkotikin olub-olmadığını aidiyyatı qurumlar müəyyən edəcək. Niderlandın özü məhsulun tərkibində narkotik olduğunu etiraf edibsə, bu təamla bağlı ehtiyyatlı olmaq lazımdır. Ümumiyyətlə, uşaqların bu tip şirniyyat məhsullarının istifadə etməsini düzgün saymıram. Məlumat üçün deyim ki, bu cür məhsulların tərkibində kimyəvi boyaq maddələri olur. Bu maddələrdə diş çürüməsi, piylənmə, diabet, ürək-damar xəstəlikləri, xərçəng, hipertoniya, iflic, xora, astma, revmatizm, xroniki yorğunluq sindromu və sümük əriməsi kimi xəstəliklərə səbəb olur. Uşaqlar üçün olan bu cür şirniyyatlara müxtəlif dadlandırıcılar vurulur, onlar da insan sağlamlığı, xüsusən də uşaqlar üçün ziyandır”.
Günel CƏLİLOVA