Yerli istehsala qayğı olsa, 47 ton İran kartofuna pul verib küçələrə tökmərik....

Akif Nəsirli: “Ölkədə yerli təlabatı ödəyəcək qədər kartof istehsal olunursa, onun 15-20 faizi ixrac edilsin”
Azərbaycanda aqrar sektorda kartof istehsalının payı hər zaman böyük olub. Azərbaycan xalqının mətbəxində kartofun mühüm payı var. Təsadüfi deyil ki, kartofu ölkəmizdə “ikinci çörək” adlandırırlar. Buna görə də ölkə üzrə istehlak olunan kartofun 90 faizə yaxını məhz əhalinin şəxsi istehlakıdır.
Məlumdur ki, bu gün bazarda yerli kartofla yanaşı, idxala da rast gəlinir. Bu günlərdə İrandan Azərbaycana gətirilən 47 min 400 kq ərzaqlıq kartof məhsulu partiyasında uyğunsuzluq aşkarlanıb. Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaydığı məlumatda qeyd edilir ki, müfəttişlərinin götürdüyü nümunələrin müayinəsi nəticəsində karantin tətbiq edilən Kartof gövdə nematodu müəyyən olunub. yararsız məhsul partiyası məhv edilib.
Maraqlıdır, daxildə kartof istehsal olunduğu halda niyə idxala üstünlük verilir?
“Məhsulların idxal və ya ixracını tamamilə aradan qaldırmaq bazar iqtisadiyyatı şəraitində mövcud deyil”
Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə şərhinə bildirdi ki, yerli istehsal daxili tələbatı təmin edəcək səviyyədədir. Ancaq problem odur ki, yerli istehsal müxtəlif mövsümlərdə yetişir: “Həmin mövsümlərdə də istehsal olunan kartofun bir hissəsi ixrac edilir. Bu da ilin müəyyən dövründə kartof çatışmazlığına səbəb olur. Bu səbəbdən də idxala ehtiyac yaranır. Məsələn, yaz aylarında istehsal olunan faraş kartofun əsas hissəsi ixrac olunur. Digər kartof mövsümü isə avqust-sentyabr aylarında başlayır və həmin müddətdə ölkədə kartof bol olur. Noyabr-dekabr aylarına qədər həmin kartofun bir hissəsi ixrac olunur. Yanvar, fevral və mart aylarında ölkədə kartofa ehtiyac yaranır. Bu ərəfədə idxala üstünlük verilir. Ancaq onu da deyim ki, istehsalla bazar hələ tənzimlənə bilmir. Məlumdur ki, faraş kartofun ixracının qarşısını almaq mümkün deyil. Çünki bu kartof növü uzun müddət anbarda saxlanıla bilmir, bu səbəbdən də ixrac olunur”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, məhsulların idxal və ya ixracını tamamilə aradan qaldırmaq bazar iqtisadiyyatı şəraitində mövcud deyil. Bu axın olmalıdır. Ölkədə yerli təlabatı ödəyəcək qədər kartof istehsal olunursa, onun 15-20 faizi ixrac edilsin.
Günel CƏLİLOVA