Məlum olduğu kimi, Bakıda ağacları qanunsuz kəsən tikinti şirkətləri ilə bağlı prokurorluğa müraciət olunub. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda qeyd edilir ki, nəzarət tədbirləri zamanı Bakı şəhərinin Xətai, Nəsimi, Nərimanov və Qaradağ rayonları ərazisində ağacların qanunsuz kəsildiyi müəyyən edilib.
Araşdırma zamanı ağacların Xətai rayonu, Nəsirəddin Tusi küçəsində "Hayat Residence” MMC, Nəsimi rayonu ərazisində "İnvest M. Construction” MMC, Nərimanov rayonu, Heydər Əliyev prospektində "FMG” MMC, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində "Ailə Park” QSC, Qaradağ rayonu, Lökbatan qəsəbəsində isə vətəndaş Tahir Osmanov tərəfindən kəsildiyi məlum olub.
Qanunsuz ağac kəsimində adı hallanan tikinti şirkətləri ilə əlaqə saxladıq.
“FMG” MMC şirkəti: “Yazılanlar əsassızdır, qanunsuz ağac kəsimi olmayıb”
"FMG” MMC şirkətindən “Bakı-Xəbər”ə bildirildi ki, deyilənlər, yazılanlar əsassızdır, qanunsuz ağac kəsimi olmayıb: “İlk növbədə bildirim ki, biz tikinti şirkəti deyilik, idarəetmə təşkilatıyıq. Biz hardasa tikinti işləri aparmırıq ki, ağac da kəsək. Siyahıda bizim şirkətin adının hallanması düzgün deyil. Onu da deyim ki, bizim şirkət müxtəlif zamanlarda ağac əkib. Ağac əkimi ilə məşğul olan şirkət heç vaxt qanunsuz ağac kəsimi ilə məşğul olmaz”.
Flora Hacıyeva: “Prezident İlham Əliyev yeni-yeni parklar saldırır, ağac kəsən şəxslər dövlət başçısının siyasətinə zidd gedirlər”
Ekoloq Flora Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, şirkətlər ağacları kəsməklə insanların ömrünü azaldırlar. Cərimələr isə azdır. Təbiəti oksigenlə təmin edən bir ağacın qiyməti ən azı 50-100 min arasında dəyişir. Kəsilən ağacların sayı artıqca bu neçə milyon ziyan deməkdir: “Bu səbəbdən də hesab edirəm ki, qanunsuz ağac kəsimi ilə bağlı cəzalar sərtləşdirilməlidir. Qanunsuz ağac kəsənlər cinayət məsuliyyətinə cəlb olunmalıdır. Bakının iqlimini nəzərə alsaq, ağacları boya-başa çatdırmaq uzun zaman və böyük zəhmət tələb edir. Prezident İlham Əliyev yeni-yeni parklar saldırır. Bu həm də insanların istrahətinin təşkili və şəhərin ekoloji vəziyyətinin tarazlanması üçündür. Belə olan halda ağac kəsən şəxslər dövlət başçısının siyasətinə zidd gedirlər. Nəzərə almaq lazımdır ki, hündürlüyü 15-20 metrə çatan ağac 10 nəfəri oksigenlə təmin edir. Bir ağacın kəsilməsi ilə neçə-neçə insanı oksigensiz qoyurlar”.
Günel CƏLİLOVA