Azərbaycanda yaşı 60-ı keçən müəllimlər sertifikasiya imtahanına buraxılmayacaq. Bu yaş kateqoriyasında təmsil olunan 5700-dən çox müəllimin sertifikasiyada iştirakına icazə verilməyib. Təhsil İnstitutunun direktoru Rüfət Əzizov bildirib ki, yaşlı müəllimlərin imtahanda könüllü iştirakı ləğv olunub.
"20-24 iyul tarixində keçirilən imtahanda yaşı 60 və daha artıq olan müəllimlərin iştirakı nəzərdə tutulmur. Könüllü də iştirak edə bilməyəcəklər. Onların iştirakı ləğv olunub", - o deyib.
Belə bir qərarın qəbul olunması birmənalı qarşılanmayıb. Bəzi müəllimlər maaşlarına artım edilməsi üçün sertifikasiyadan keçmək istədiklərini bildiriblər.
Vüsal Kərimli: “Yaxşı olar ki, yaşı 60-dan çox olan müəllimlərin maaşlarına 20 faiz əlavə olunsun”
Təhsil eksperti Vüsal Kərimli bildirdi ki, yaşlı müəllimlərin əməkhaqları qaldırılmalıdır. Yaxşı olar ki, yaşı 60-dan çox olan müəllimlərin maaşlarına 20 faiz əlavə olunsun: “Təklif edirəm ki, yaşı 60-dan yüksək olan, sertifikasiyaya cəlb edilməyən müəllimlərin əməkhaqlarını nəzakətlə 20 faiz qaldıraq. Özünü cəmiyyətin inkişafına həsr etmiş, saçlarını ağartmış, əsəb sistemini məhv etmiş insana bu da azdır”.
Elçin Əfəndi: “Müəllimlərin sertifikasiya imtahanında iştirak etmək istəyi birbaşa əməkhaqqı ilə bağlıdır”
Təhsil eksperti Elçin Efəndi bildirdi ki, 60 yaşdan yuxarı müəllimlərin sertifikasiyaya buraxılmaması müəllimlərin öz istəyi ilə nəticələnən prosesdir: “Yekunda sertifikasiya keçiriləcək deyəndə 60 yaş üzəri olan müəllimlər prosesdə iştirak etməyəcəklərini, yaxud müxtəlif üsullarla prosesdən yan keçəcəklərini bildirirdilər. Demək olar ki, onların bu fikirləri nəzərə alındı və müvafiq olaraq qanun layihəsi qəbul edildi. Düzdür, qanun layihəsi qəbul olunsa da, hələ rəsmi olaraq dövlət başçısı tərəfindən təsdiqlənməyib. Amma ilkin olaraq Milli Məclis bunu qəbul edib. Elm və Təhsil Nazirliyi İnsan Resursları Mərkəzindən açıqlama verildi ki, konkret olaraq həmin qanun layihəsi əsas gətirilərək, məhz 60 yaşdan yuxarı olan müəllimlər imtahanda iştirak etməyəcəklər. Təbii ki, 10 illik prinsip əsasında kim istəsə iştirak edə bilər. Amma yenə də biz tamamilə fərqli və ziddiyyətli məqamları görürük. Müəllimlərin əksəriyyəti imtahanda iştirak etmək istəyir. Hansı ki, əvvəl istəmirdilər, amma indi istəyirlər. Hətta son günlər müəllimlərdən imtahanda iştirak etmək istəyi ilə bağlı xeyli sayda müraciətlər daxil olub. Danılmaz faktdır ki, müəllimlərin sertifikasiya imtahanında iştirak etmək istəyi birbaşa əməkhaqqı ilə bağlıdır. Amma ümumilikdə qərar verilib. Bu qərar onların öz istəyi əsasında verilib. Düşünürəm ki, bundan sonra həmin şəxslər müsabiqədə iştirak etməyəcəklər. Çalışma fəaliyyəti başa çatana qədər müvafiq 5 il idarə edib, sonra təqaüdə göndəriləcəklər”.
Günel CƏLİLOVA