“Dərman vasitələri üçün içlik vərəqələrinin Azərbaycan dilində olması tələbi idxalçılar üçün kifayət qədər ciddi problem yaradırdı”. Bunu səhiyyə nazirinin müavini Rasim İsmayılov Milli Məclisin Səhiyyə komitəsinin ötən iclasında deyib.
O qeyd edib ki, xarici dərman şirkətləri Azərbaycan dilində içlik vərəqələri hazırlamaqda maraqlı deyildilər: “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişiklikdə dil məhdudiyyətinin aradan qaldırılması təklif edilir. “Türk, rus və digər dillərdə də içlik vərəqələrinin qəbul edilməsi təklif edilir”.
Maraqlıdır, dərman vasitələrinin içlik vərəqəsinin azərbaycan dilində olması niyə ləğv edilir? Ümumiyyətlə, dərman vasitələrinin içlik vərəqəsi hansı dildə olmalıdır?
“Dərman idxalı ilə məşğul olan şirkətlərin arasında beynəlxalq müqavilə olarsa, o zaman dərman təlimatının hansı dilində yazılması ilə bağlı problem olmaz”
Professor, tibbi ekspert Adil Qeybulla “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, dərmanların içlik vərəqələri istehsalçının öz dilində daxil ola bilər: “Ancaq idxal olunan dərmanın təlimatı mütləq həmin ölkənin konstitusion dilində olmalıdır. Məsələn, Avropa istehsalı olan “Rosh” dərmanı Almaniyaya buraxılırsa, o zaman həmin preparatın üzərindəki təlimatlar alman dilində yazılır. Və ya hansısa dərman Türkiyəyə irxac olunursa, mütləq içlik vərəqəsi Türkiyə türkcəsində yazılmalıdır. Dərman eyni dərmandır. Sadəcə olaraq, dərmanı istehsal edən ölkə o preparat barədə məlumatı, nişanı, ticarət emblemini qeyd etməlidir. Istehsalçı ölkə dərmanı hansı ölkəyə göndərəcəksə təlimatı da o dildə yazmalıdır. Bu bir növ qaydadır. Rəsmi idxal bunu tələb edir. Təəssüflər olsun ki, Azərbaycana daxil olan bəzi dərman maddələrinin istehsalçıları həmin şirkətlərlə rəsmi əməkdaşlıq etmir. Ona görə də bu cür problemlər yaşanır. Rəsmi idxal olunarsa, o zaman həmin ölkə biləcək ki, bu qədər dərman filan ölkəyə idxal olunacaq və içlik vərəqəsi də həmin yerin dilinə uyğun yazılmalıdır. Dərman idxalı ilə məşğul olan şirkətlərin arasında beynəlxalq müqavilə olarsa, o zaman dərman təlimatının hansı dilində yazılması ilə bağlı problem olmaz. Beynəlxalq qanunvericiliyə görə, dərman hansı ölkəyə idxal olunursa içlik vərəqəsi də mütləq o ölkənin konstitusion dilində yazılmalıdır”.
Günel CƏLİLOVA