Azərbaycanda uşaq bağçasında tərbiyəçi uşaqlara qarşı təhqiramiz ifadələr işlədib. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Bağçada işləyən şəxslərdən biri azyaşlıya vuraraq, yerində dayanmamasına görə onun valideynlərinin ünvanına təhqiramiz ifadələrdən istifadə edib. Bağça işçisinin bu cür davranışları digər uşaqları da qorxudub.
Qeyd edək ki, bu ilk hal deyil. Zamanla bağçalarda çalışan tərbiyəçilər körpələrə şiddət göstərib.
“Hər bir insanın problemi ola bilər və hər kəsin də psixologiyası bərabər deyil, bunun üçün də, bu kimi hallar ortaya çıxmasın deyə, müəssisə rəhbərliyi problemi olan işçisinə mütləq şəkildə yardım göstərməlidir”
Psixoloq Könül İsmayılova “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, məktəbəqədər təhsil-tərbiyə fundamentdi, burada uşağın öyrəndiyi hər şey onun yaddaşında həkk olunur: “Tərbiyə mütəşəkkil təşkil olunmuş məqsədyönlü prosesdir. Deməli, bizim uşaqları bilərəkdən belə tərbiyəçilər “vəhşi” edirlər? Nəinki məktəbəqədər, məktəb direktorları, müəllimlər, bütün təhsil pillələrində dərs deyənlər əvvəlcə psixoloji komissiyadan keçib, kağız alıb, ondan sonra pedaqoji prosesdə iştirak etməlidirlər”.
Psixoloqun sözlərinə görə, uşaqların döyülməsi yolverilməzdir. Bağça tədris müəssisəsi sayılır. Biz övladlarımızı ora göndəririk ki, sosiallaşsın, paylaşmağı öyrənsin, qalibiyyəti, məsuliyyəti öyrənsinlər. Bu doğru bir hal deyil: “Bağçada və yaxud hər hansı tədris müəssisəsində mütəxəssis (bura pedaqoq, psixoloq, loqoped, tərbiyəçi, müəllimə daxildir) seçilərkən onların psixoloji durumu yoxlanılmalı, psixoanaliz olunmalıdır. Çünki psixoloji durumunda problem olan hər hansı bir mütəxəssis uşaqlarla çalışanda çətinlik çəkəcək, işləyə bilməyəcək. Ona görə də mütləq şəkildə birinci onların psixologiyasını tənzimləməliyik. Əslində, məsləhət görərdim ki, uşaqlarla işləyən hər hansı bir müəssisə öz işçilərini heç olmasa 2-3 aydan bir hansısa təlimə yönləndirsin. Yaxud uzun illər işləyən işçilər var ki, eyni işi görürlər və artıq onlarda yanma sindromu başlayır. İnsan hətta sevdiyi işdən belə zövq almır. Çünki artıq eyni işi illərdir fasiləsiz olaraq görür. Mütləq şəkildə fasilə verilməlidir. Həmin müəssisələrin rəhbərliyinin üzərinə çox iş düşür. Çünki onlar işçilərini daim nəzarətdə saxlamalıdır. Hər bir insanın problemi ola bilər və hər kəsin də psixologiyası bərabər deyil. Bunun üçün də, bu kimi hallar ortaya çıxmasın deyə, müəssisə rəhbərliyi problemi olan işçisinə mütləq şəkildə yardım göstərməlidir. Həmin uşağı döyən müəllimənin psixologiyasında hər hansı bir çaxnaşma, gərginlik var. Ona görə də bu kimi hərəkətləri edib. Bəlkə də istəyərək etməyib. Bu həmin qadının səbrini toplaya bilməməsinin nəticəsidir. Amma bütün hallarda bu yolverilməzdir”.
Günel CƏLİLOVCA