Məlum olduğu kimi, birinci siniflərə qəbul elektron qaydada aparılır. Bu da bir çox vaideynlər üçün yaşayış və iş yerlərinə yaxın məktəblərdə yer tapmaq məsələsində çətinlik yaradır.
Xüsusən də rus dili bölmələri ilə bağlı narahatlıq var. Valideynlər redaksiyamıza müraciət edərək bildirirlər ki, övladları üçün rus dili bölməsi üzrə birinci sinfə elektron müraciət etsələr də, yaşadıqları və işlədikləri ünvana yaxın məktəblərin heç birində boş yer yoxdur, bütün məktəblərdə yerlər tutulmuş göstərilir. Bu da onlarda narahatlıq doğurur ki, birdən uşaqlarını məktəblərə yerləşdirə bilməzlər. Valideynləri narahat edən həm də sistemin iyunun 20-də fəaliyyət üçün açılaraq elə həmin gün də bağlanmasıdır.
Yəqin ki, aidiyyəti təhsil qurumları qəbul sisteminin təkmilləşdirilməsi üzərində əlavə tədbirlər görəcəklər. Cəmi bir gün ərzində fəal iş rejimində olan onlayn qəbul rejiminin ictimai narahatlıq doğuran tərəfləri var. Elə etmək olar ki, həm valideynlər narazı qalmasın, həm şagirdlər özlərinə uyğun məktəbi seçə bilsinlər, həm də elektron qəbul sisteminin il boyu yox, ancaq bir gün fəal rejimdə işləməsi kimi neqativlik aradan qaldırılar.
GÜNEL