Bakının taksi bazarında mövcud problemlər və sektorun tənzimlənməsi ilə bağlı planlar müzakirə edilib. Bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev özünün tviter hesabında məlumat verib.
Bildirilib ki, Rəşad Nəbiyev "Bolt" şirkətinin prezidenti Yevgeni Kabanov ilə onlayn görüş keçirib. Görüşdə ekoloji təmiz, keyfiyyətli və dayanıqlı taksi xidmətinin təşkilində aqreqatorların rolu haqqında fikir mübadiləsi aparılıb.
Maraqlıdır, bu görüş taksi sahəsində yaşanan problemlərə necə təsir edəcək?
“Bolt” şirkətinin rəhbərliyi ilə ona görə danışıqlar aparıldı ki, burdakı nümayəndəlik qayda-qanuna tabe olsun, ancaq…”
Nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, belə bir görüşün baş tutmasının səbəbi bu sahədə yaşanan problemləri yaxşılığa doğru həll etməkdir: “Heç kim heç bir şirkəti ölkədən qovmur. Ümumiyyətlə, belə bir tələb də yoxdur. Qoyulan yeganə tələb odur ki, ölkədə fəaliyyət göstərən xarici taksi şirkətləri Azərbaycan qanunları ilə işləməlidir. Qanundan kənar hal baş verməməlidir. Belə olarsa normal şəkildə fəaliyyət göstərmək mümkündür. Bu gün dövlətin əsas tələbi ondan ibarətdir ki, taksi fəaliyyəti ilə bağlı Prezident İlham Əliyevin sərəncamına əməl olunsun. Qaydalar hamı üçündür. Yerli şirkətlərlə bərabər xarici şirkətlər də bu qaydalara əməl etməlidir.
“Bolt” şirkətinin rəhbərliyi ilə ona görə danışıqlar aparıldı ki, burdakı nümayəndəlik qayda-qanuna tabe olsun. Ancaq onlar qanunda mövcud olan tələbləri icra etmək istəmir. Onlar xaos, özbaşınalıq olmasını istəyir. Istədikləri qiymətə istədikləri xidməti göstərmək istəyirlər. Nazirin “Bolt” şirkətinin sahibi ilə görüşü o deməkdir ki, məsələnin tənzimlənməsinə çalışılır”.
Günel CƏLİLOVA