Bakı şəhərinin kanalizasiya sistemi ilə əhatə səviyyəsi müasir dünya standartlarından xeyli geri qalır. Xüsusilə paytaxtın ətrafında yerləşən qəsəbələrdə, onlara yaxın ərazilərdə salınan yeni yaşayış sahələrində kanalizasiya ən ciddi problemlərdən biridir.
Yüz minlərlə evin tullantı suları həyətlərdə qazılmış quyulara axıdılır. Bu isə müxtəlif ərazilərdə qrunt sularının səviyyəsinin artmasına, torpağın aşınmasına səbəb olur.
Maraqlı məqam ondan ibarətdir ki, Bakıətrafı ərazilərdə kanalizasiya olmasa da, sakinlərdən bu kommunal növünə görə ödəniş tələb olunur. Ancaq olmayan kanalizasiya xəttinə görə sakinlərdən ödəniş yığılmamalıdır. Bu hal daha çox Hövsan, Kürdəxanı, Zabrat, Maştağa və digər Bakıətrafı qəsəbələrdə müşahidə olunur. Həmin ərazilərdə yaşayan sakinlər olmayan kanalizasiya xəttinə ödəniş tələb olunmasından şikayət edir.
Elxan Əliyev: “Olmayan kanalizasiyaya görə sakinlərdən ödəniş tələb etmək düzgün deyil”
Social sahə üzrə ekspert Elxan Əliyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, olmayan kanalizasiyaya görə sakinlərdən ödəniş tələb etmək düzgün deyil: “Məlumdur ki, bəzi vətəndaşlar həyətlərində kanalizasiya əvəzinə quyu qazır. Lakin yağış yağdıqda evləri, həyətləri su basır və ən pis tərəfi odur ki, ərazidə yaşanan mənzərə ətrafa üfunət yayır. Ümumiyyətlə, bu kanalizasiya problemi qısa zamanda həll olunmalıdır. Nəzərə almaq lazımdır ki, kanalizasiya quyuları bir çox xəstəliklərin yaranmasına səbəb olur”.
Anar Cəbrayıllı: “Vətəndaşın kanalizasiya sistemi yoxdursa, ona xidmət haqqı hesablanmamalıdır”
“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, vətəndaşın kanalizasiya sistemi yoxdursa, ona xidmət haqqı hesablanmamalıdır: “Bəzi ərazilərdə mərkəzləşmiş kanalizasiya xətti olmasa da, vətəndaşlar tərəfindən fərdi şəbəkələrlə kanalizasiya xətti çəkilir və nasos stansiyasında birləşdirici xəttə axıdılır. Nasos stansiyasında o sular kənarlaşdırılır və təmizlənir. Biz belə ərazilərdə təftiş aparırıq. Baxmayaraq ki, həmin ərazidə mərkəzləşmiş kanalizasiya xətti yoxdur, amma onlardan kanalizasiya xidmətləri hesablayırıq. Vətəndaşın şambosu və su xətti varsa, kanalizasiya üçün şambodan istifadə edirsə, bəli, həmin vətəndaşa kanalizasiya xidmətləri hesablanmamalıdır”.
Günel CƏLİLOVA