Bəzi məlumatlara görə, ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin sayı durmadan azalır. Əhalinin taksilərdən istifadə etməsi ictimai nəqliyyatda sərnişinlərin sayının azalmasına təsir edib. Bununla bağlı statistik məlumatlara da istinad edilir.
Qeyd olunur ki, son 1 ildə avtobuslardan istifadə 40 faiz azalıb. Metrodan istifadə isə hələ də 2019-cu il səviyyəsinə çatmayıb. Üstəlik, taksi sayının əhaliyə nisbətdə yüksək olması da diqqət çəkir. Bu məsələ eyni zamanda şəhər nəqliyyat sisteminin, tıxacların idarəedilməsi üçün ciddi çağırışlar yaradır. O da məlum olub ki, Bakıda hər 85 nəfərə 1 taksi düşür. Bu da kifayət qədər çoxdur. Müqayisə üçün qeyd edək ki, İstanbulda hər 865 nəfərə 1 taksi düşür.
Bütün hallarda, ictimai nəqliyatdan istifafə azalıbmı? Azalıbsa, burada taksi xidmətlərinin mənfi rolu varmı?
“Bir sıra marşrut xətlərində sərnişindaşımanın səviyyəsi bərbaddır”
Sözügedən məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən ekspert Rəsul Cahangirli buna birmənalı yanaşmadı: “Taksilərin ictimai nəqliyyatda daşımalara təsirləri var, amma bu elə də böyük deyil. Bir sıra hallarda taksilərin bununla bağlı fəaliyyəti şişirdilir. Pandemiya başladığı dövrdə ictimai nəqliyyat sahəsində əsasən metroda sərnişin daşınması azaldı. Bunun da səbəbi onunla əlaqədar idi ki, metroda koronavirusa yoluxma risqi böyük idi. Ona görə də sərnişinlərin bir qismi metro ilə getməkdən çəkinirdi. Ancaq pandemiyadan sonra metrodan istifadə edənlər yavaş-yavaş artır. Bunun bir səbəbi yollarda tıxaclarla bağlıdırsa, digər səbəbi metroda vaqonların əksəriyyətində kondisionerlərin olması ilə əlaqədardır. Xüsusən isti yay mövsümündə sərnişinlərin bir qismi metrodan istifadə edir. Ancaq demək olmaz ki, avtobuslardan istifadə edən sərnişinlərin sayı kəskin azalıb. Düzdür, bəzi marşrutlarda azalma var. Bunun səbəbi onunla əlaqədardır ki, müəyyən marşrutlarda sərnişinlərə xidmətin keyfiyyəti çox aşağıdır. Avtobuslar müəyyən standartlara cavab vermir, kondisioner sistemi yoxdur, sürücülərin mədəni səviyyəsi, peşəkarlığı aşağıdır və s. Bütün bunlar, istər-istəməz, həmin marşrutdan istifadə edənlərin sayına öz təsirini göstərir. Ancaq bunu ümumilikdə bütün marşrut xətlərinə şamil etmək doğru deyil. Ümumilikdə, ictimai nəqliyyatda sərnişindaşımanın keyfiyyəti birmənalı deyil. Bir sıra marşrut xətlərində sərnişindaşımanın səviyyəsi bərbaddır. Marşrut xətt sahibləri ancaq pul yığmaqla məşğuldular. Onları sərnişinlərin rahatlığı maraqlandırmır. Onları ancaq qazanc maraqlandırır. Başqa bir tərəfdən, Bakıda son illər fərdi avtomobili olanların sayı artıb. Bu da sərnişindaşımaya təsir edir. Bir çox fərdi avtomobili olanlar işə gedəndə və işdən qayıdanda yoldan 1 manatdan 4 nəfər sərnişin götürür. Bu da gündə 8 nəfər sərnişin deməkdir”.
Vidadi ORDAHALLI