Azərbaycanda taksi fəaliyyəti ilə bağlı bir sıra dəyişikliklər gözlənilir. Belə ki, bununla bağlı məsələ artıq Milli Məclisdə müzakirəyə çıxarılıb.
“Dövlət rüsumu haqqında” qanuna nəzərdə tutulan dəyişikliklərdə taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi üçün 125 manat, taksi sifarişi operatoru fəaliyyətinə icazənin verilməsi üçün 3000 manat rüsum tələb olunacağı qeyd olunur.
Həmçinin, belə bir məlumat yayılıb ki, köhnə taksi şirkətləri ləğv olunacaq və onların yerinə yeni şirkətlər gələcək. "Bolt" və "Uber" kimi beynəlxalq taksi xidmətlərinin ay ərzində ləğv ediləcəyi ilə bağlı iddialar dolaşır. Bu isə qiymətlərin artması fonunda insanları ciddi narahat edir. Maraqlıdır, ictimai nəqliyyat sektoruna daxil olacaq yeni taksi şirkətləri gediş haqlarına necə təsir edəcək?
"Yalnız ictimai nəqliyyatda qayda-qanun yaradıldıqdan və xəttə kifayət qədər avtobus buraxıldıqdan sonra taksi qiymətləri artırıla bilər, ancaq indiki dövrdə..."
Nəqliyyat eksperti Eldəniz Cəfərov "Bakı - Xəbər"ə açıqlamasında qeyd etdi ki, yaxın müddət ərzində xarici taksi şirkətləri bağlanacaq: "Bu məsələ Milli Məclisdə də müzakirə olundu, indi hər kəs dövlət qurumlarının rəsmi açıqlamasını gözləyir. Ümumiyyətlə, belə bir hadisənin olması fonunda qiymətlərin yüksəlməsi gözləniləndir. Aidiyyəti qurumlar çalışmalıdır ki, taksi qiymətləri artmasın. Yəni elə addımlar atılmalıdır ki, vətəndaşlar üçün taksi əlçatan olsun. Çünki taksi ictimai nəqliyyatın bir qoludur. Bu gün ictimai nəqliyyatın avtobus qolunun bərbad olması səbəbilə insanların daşınmasını həyata keçirmək lazımdır. Əgər müvafiq qurumlar insanları avtobus vasitəsilə bir nöqtədən digərinə daşıya bilmirsə, bu işi onların əvəzinə taksi görür. Ona görə də taksi adi vətəndaşlar üçün əlçatan olmalıdır. Yalnız ictimai nəqliyyatda qayda-qanun yaradıldıqdan və xəttə kifayət qədər avtobus buraxıldıqdan sonra taksi qiymətləri artırıla bilər. İndiki dövrdə qiymətlərin stabil qalması üçün çalışılmalıdır".
Günel CƏLİLOVA