Məlumdur ki, taksi daşıyıcılarının 90 faizi fəaliyyətini müxtəlif onlayn platformalar və ya aqreqatorlar üzərindən həyata keçirir. Qanunvericilik isə bu cür fəaliyyət növünü tənzimləmir.
Bu arada Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, sərnişinlərin fərdi məlumatları, ödəniş kartları haqqında məlumatlar, hərəkət trayektoriyaları barədə bütün məlumatlar əksər hallarda ölkə xaricinə ötürülür: “Taksi sifarişi operatorları əsasən virtual olduğundan onların hansı ölkədə yerləşdiyini, sahiblərinin kim olduğunu bilmək milli təhlükəsizlik baxımindan vacibdir. Bakıda təqribən 28 min taksi var, onların 90%-i bu platformalar üzərindən fəaliyyət göstərir”.
Millət vəkili tərəfindən belə bir məlumatın verilməsi çox ciddi məsələ və mötəbər informasiyadır. Ona görə də sözügedən məsələnin DTX tərəfindən araşdırılmasına ciddi ehtiyac var. Bu, ölkə içində taksi şirkətlərinin çox geniş, əhatəli kəşfiyyat fəaliyyəti ilə, kəşfiyyat-məlumat toplama işi ilə məşğul olduğuna dair çox mötəbər siqnaldır. O üzdən, bunu araşdırmaq lazımdırmı?
“Hesab edirəm ki, DTX bu sahədə geniş və əhatəli araşdırmalar aparmalıdır”
Sözügedən məsələyə aydınlıq gətirən hüquqşünas Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bu sahədə araşdırmaların aparılmasına ehtiyac var:“Həqiqətən də nəqliyyatın bu sahəsi, bu sektoru uzun illərdir diqqətdən kənardadır. Bu sahəyə yetərli nazarətin olmaması dövlət üçün müəyyən problemlər yaradır. Problem ondadır ki, taksi fəaliyyətində xaotik vəziyyət yaranıb. Burada həm vergidən yayınma halları var, həm də digər məsələlər. Uzun illər ərzində “işbazlar” yaranan boşluqdan öz şəxsi manafeləri naminə istifadə edə bildilər. Hibrid avtomobillərdən 50-100 ədəd alanlar var ki, ondan taksi kimi istifadə edirlər. O cümlədən, insanların şəxsi məlumatlarının xaricə ötürmə halları var. Ona görə də hesab edirəm ki, DTX bu sahədə geniş və əhatəli araşdırmalar aparmalıdır. Biz nəzərə almalıyıq ki, müasir dövrdə kəşfiyyat məlumatları toplamaq fəaliyyəti dəyişib. Kiber, onlayn vasitələrdən istifadə etməklə insanların, qurumların məlumatlarını əldə edirlər. Vətəndaş onlayn formada taksi sifariş edir və özü bilmədən şəxsi məlumatlarına çıxış üçün şərait yaradır. Özü də mərkəzi ofisləri xaricdə yerləşən bu cür şirkətlərin fəaliyyətinə nəzarət etmək demək olar mümkünsüzdür. Kim zəmanət verir ki, həmin şirkətlər xarici kəşfiyyat orqanlarının nəzarətində deyil? Ona görə də millət vəkilinin fikirlərinə son dərəcə ciddi yanaşmaq lazımdır və bununla bağlı şübhələri görməzdən gəlmək olmaz. Həqiqətən də burada milli təhlükəsizliyimiz üçün müəyyən boşluqlar yaranıb. Nəzarət olmayanda bu sahədə müəyyən problemlərin yaranması qaçılmaz olur. Digər tərəfdən, taksi fəaliyyəti ilə məşğul olanlar həkim müainəsindən keçməlidilər. Bunlar narkotik və psixi testlərdən keçməlidilər. Ancaq çox təəssüflər olsun ki, indiyə qədər bu sahəyə o qədər də diqqət göstərilməyib”.
Vidadi ORDAHALLI