Bir neçə gün əvvəl Milli Məclisin deputatı Elnur Allahverdiyev açıqlamasında bildirib ki, əhalinin taksilərdən istifadə etməsi metro sərnişinlərinin sayının azalmasına təsir edib.
O qeyd edib ki, bütün dünyada ən rahat nəqliyyat növü metrodur, amma statistikaya əsasən, metrodan istifadə halları azalıb: "Bu da Bakıda əhalinin sayının azalması və digər səbəblərlə bağlı deyil. Hesab edirəm ki, taksilərlə bağlı şərtlər sərtləşdirilməlidir".
Ancaq Dövlət Statistika Komitəsinin məlumatı millət vəkilinin fikri ilə üst-üstə düşmür. Belə ki, bu ilin yanvar-mart aylarında Bakı Metropoliteninin xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 15,4 faiz artaraq 52 678,3 min nəfər olub. 2022-ci ilin müvafiq dövründə Bakı Metropoliteni 45 635,7 min sərnişin daşıyıb.
"Avtobus da gecikir, taksilər günün saatları və hava şəraiti ilə bağlı qiymətləri qaldırır, metro isə ən rahat nəqliyyat vəsitəsi olaraq qalır, ona görə də..."
Mövzu ilə bağlı fikir bildirən nəqliyyat eksperti Aslan Əsədov "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, əhalinin taksidən istifadə etməsi ictimai nəqliyyatdan istifadə edənlərin sayına təsir etməyib: "Ictimai nəqliyyatdan istifadə edənlərin sayının artması üçün bu sahədə tənzimlənmələr aparılmalıdır. Marşrut sistemində yeni qaydalar tətbiq olunmalıdır. Sərnişinlərin avtobuslardan istifadə etməsi üçün şərait yaradılmalıdır. Bunun üçün avtobus xətləri yenilənməli, daşıyıcıların sayı artmalıdır. Məlumdur ki, avtobus sayı az olduğu üçün insanlar yollarda daşıyıcı gözləməli olur".
Ekspert onu da əlavə etdi ki, ictimai nəqliyyatdan istifadənin kəskin azalmasının günahkarı taksi xidməti deyil. Həm ictimai, həm də fərdi daşımada ciddi problemlər var: "Onu da deyim ki, taksi metrodan istifadə edənlərin sayına təsir etməyib. Çünki mütəmadi olaraq metroda sıxlıq yaşanır. Bakıda ictimai nəqliyyatın bir üstünlüyü də metronun olmasıdır. Avtobus da gecikir, taksilər günün saatları və hava şəraiti ilə bağlı qiymətləri qaldırır, metro isə ən rahat nəqliyyat vəsitəsi olaraq qalır. Ona görə də vətəndaşlar metrodan istifadəyə daha çox önəm verir. Tədris müddətində ictimai nəqliyyatdan, xüsusilə metrodan istifadə edənlərin sayı artır. Nəzərə almaq lazımdır ki, metro tələbələrin ən çox istifadə etdiyi nəqliyyat növüdür".
Günel CƏLİLOVA