Son günlər sosial şəbəkələrdə nizam-intizam qaydalarını pozan şagirdlərin cəza növü kimi məktəbi təmizləyəcəyi ilə bağlı məlumatlar yayılır. Bu məlumatlar ictimaiyyət arasında birmənalı qarşılanmır, hətta hiddətə səbəb olur.
Qeyd edək ki, bu günlərdə Ağstafa rayon Dağ Kəsəmən kənd Aqil Salıfov adına 2 nömrəli orta məktəbində maraqlı addım atılıb. Təhsil ocaqlarında şagirdlər təhsil və davranışlarında nümunəvi olduqları və ya intizamsız olduqları üçün qiymətləndirilib. Belə ki, məktəb rəhbərliyi onları yaşıl və narıncı kartlarla qiymətləndirib. Şagirdlərin fotoları isə məktəbin rəsmi "Facebook" səhifəsində paylaşılıb.
Ancaq təhsil ocağında nizam-intizamı pozan şagirdlərə bu formada cəzanın tətbiq edilməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.
Maraqlıdır, bu cür cəzanın tətbiqi nə qədər doğrudur və həqiqətən də yeni tədris ilində sözə baxmayan şagirdlər təmizlik edəcək?
Elm və Təhsil Nazirliyi: "Təhsil müəssisələrində “uşaqların məktəbi təmizləməsi” adlı cəza növü yoxdur"
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən bildirildi ki, yayılan iddialar həqiqətə uyğun deyil və təhsil müəssisələrində “uşaqların məktəbi təmizləməsi” adlı cəza növü yoxdur.
Elşən Qafarov: "… ümumtəhsil məktəbləri haqqında qanunun 22-ci maddəsinin 3-cu bəndinə ziddir"
Təhsil eksperti Elşən Qafarov bildirdi ki, intizam qaydalarında şagirdlərin məktəbi, məktəbin həyətini təmizləmək və ya digər ictimai işlərdə məcburi qaydada iştirak etməsi ümumtəhsil məktəb haqqında qanunun 22-ci maddəsinin 3-cu bəndinə ziddir: "Qeyd edilir ki, birbaşa təhsilə bağlı olmayan məsələlərə şagirdlərin cəlb olunması düzgün deyil. Həmçinin, məktəblilərə rəngli kartların verilməsi onların hüquqlarının pozulmasına səbəb olur".
Ekspert hesab edir ki, bu gün nizam-intizam qaydalarını pozan hansısa şagird gələcəkdə ən nümunəvi məktəbli ola bilər. Bu səbəbdən də elmə, təhsilə aid olmayan cəza elementləri mütləq qaydada ləğv olunmalıdır.
Aytəkin Kamranqızı: "Nizam-intizam qaydalarını pozan şagirdlərin məktəbi təmizləməklə cəzalandırıldırılması düzgün deyil"
Sosioloq Aytəkin Kamranqızı "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, məktəb tərbiyə müəssisəsi kimi cəmiyyətə nümunəvi davranışı aşılamalıdır. İstər müəllimlər, istərsə də şagirdlər üçün nizam-intizam qaydaları olmalıdır: "Nizam-intizam qaydalarını pozan şagirdlərin məktəbi təmizləməklə cəzalandırıldırılması düzgün deyil. Ümumiyyətlə, məktəblini hər kəsin önündə hansısa içtimai iş gördürərək cəzalandırmaq onun hüququnu pozmaq deməkdir. Bunu edən məktəb rəhbərliyi və müəllimlər pedaqoji qaydalara qarşı çıxmış olurlar".
Günel CƏLİLOVA