Əli Orucov: “Onun danışıqların formatının dəyişdirilməsi ilə bağlı istəkləri beynəlxalq qurumlar və həmsədrlər tərəfindən dəstəklənmədi”
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gedib. Erməni mətbuatının yaydığı məlumata görə, Qarabağda Ermənistan Təhlükəsizlik Şurasının növbədənkənar iclası keçiriləcək. Ermənistan Təhlükəsizlik Şurasının iclasında ATƏT-in Minsk Qrupunun son bəyanatının müzakirə olunacağı gözlənir.
Erməni mətbuatı onu da qeyd edib ki, Ermənistan Milli Təhlükəsizlik Şurasının iclasının Qarabağda keçirilməsi ilk dəfədir. İndiyə qədər sözügedən iclas Dağlıq Qarabağda keçirilməyib.
Onu da qeyd edək ki, ATƏT-in Minsk Qrupu həmsədrləri regiona son səfərlərindən sonra birgə bəyanat yaymışdılar. Bəyanatda bildirilib ki, Azərbaycan və Ermənistan liderləri ATƏT-in Minsk Qrupu həmsədrlərinin yaxın vaxtlarda görüş keçirmək təklifini qəbul ediblər. Bəyanatda qeyd olunur ki, həmsədrlər bu yaxınlardakı Bakı və İrəvan səfərləri zamanı liderlərin yanvar ayında Davosdakı Dünya İqtisadi Forumu zamanı baş tutan danışıqları barədə onları məlumatlandırıblar. Xatırladaq ki, regiona son səfərləri zamanı həmsədrlər Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla sözügedən ölkələrdəki mövcud vəziyyəti müzakirə edərək bundan sonrakı addımlarla bağlı gözləntilərini çatdırıblar.
Maraq doğuran məqam odur ki, Ermənistan niyə məhz indi MTŞ iclasını Dağlıq Qarabağda keçirməyə qərar verib. Məqsəd separatçı rejim təmsilçilərinin iştirakını təmin etmək idisə, bunu İrəvanda da etmək olardı. Yəni həmin separatçıları Ermənistanda keçirilən iclasa dəvət etmək olardı. Zatən əvvəllər buna bənzər hallar olub. O zaman maraqlıdır, Paşinyan MTŞ iclasını niyə məhz Qarabağda keçirməyə qərar verib?
Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucovun sözlərinə görə, bunda bir neçə məqsəd ola bilər: “Əvvəla, Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həllində radikal mövqe sərgiləməsinə rəğmən, separatçı qurum təmsilçiləri ona o qədər də etibar etmir. Ən azından ona görə ki, Paşinyan “Qarabağ klanı”nı təmsil etmir. Paşinyanın “məxməri” inqilabı sözügedən klanın 20 illik hakimiyyətinə son qoydu. Eyni zamanda, Paşinyanla “Qarabağ klanı” təmsilçiləri arasında ciddi ziddiyətlər var. Bir ara bu klanı təmsil edən şəxslər hay-küy qopardılar ki, Paşinyan Qarabağ məsələsində güzəştlərə hazırlaşır. Qarabağda Ermənistan Təhlükəsizlik Şurasının növbədənkənar iclasında ATƏT-in Minsk Qrupunun son bəyanatının müzakirə olunacağı deyilir. Ola bilsin ki, Paşinyan bu iclası separatçılarla birgə keçirməklə onları arxayınlaşdırmaq istəyir. Yəni qorxmayın, heç bir güzəştdən söhbət gedə bilməz. Ya da o ola bilər ki, Paşinyan münaqişənin həlli ilə bağlı ona edilən təzyiqlər barədə separatçıları məlumatlandırsın. Nəzərə almaq lazımdır ki, Paşinyanın separatçı qurumun danışıqlarda tərəf olması ilə bağlı təşəbbüsləri baş tutmadı. Həmçinin, danışıqların formatının dəyişdirilməsi ilə bağlı istəkləri beynəlxalq qurumlar və həmsədrlər tərəfindən dəstəklənmədi. Paşinyanın Brüssel səfərində yaşananlar buna əyani sübutdur. Fikrimcə, bu məsələlər də iclasda əsas müzakirə predmeti ola bilər. Bəlkə də Paşinyan separatçıların Dağlıq Qarabağ danışıqları ilə bağlı yekun rəyini öyrənmək istəyir. Hər halda, belə halın baş verməsi diqqətçəkən məsələdir”.
Vidadi ORDAHALLI