“Bakı Xəbər”in 8 mart 2019-cu il tarixli sayında “ŞKTC parlamentinin deputatlarının Bakıya səfəri prinsipial əhəmiyyət kəsb etməyə başlayır” başlıqlı yazı dərc olunub. Yazıda Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun Bakıda MM sədri Oqtay Əsədovla görüşü barədə məlumat verilir.
Müxbirimiz Vidadi Ordahallı həmin yazısında bəzi Azərbaycan saytlarının Anadolu Agentliyindən götürülmüş məlumatına istinad edib və Mustafa Şentopun Oqtay Əsədovla görüşdə “Şimali Kipr Türk Cumhuriyyətinin parlamentinin nümayəndə heyətinin Bakıya səfəri faydalı oldu” kimi fikir söylədiyini bildirib.
Şimali Kipr Türk Cumhuriyyətinin Bakı təmsilçisi xanım Ufuk Arça Turganer bununla bağlı ötən gün baş redaktorumuz Aydın Quliyevlə əlaqə saxlayıb. Araşdırmalarımız nəticəsində məlum olub ki, bəzi Azərbaycan saytlarının Anadolu Agentliyinə istinad etdikləri xəbərdə texniki yanlışlığa yol verilib. Belə ki, hörmətli Mustafa Şentopa məxsus “Şimali Kipr Türk Cumhuriyyətinin parlamentinin nümayəndə heyətinin Bakıya səfəri faydalı olardı” fikri səhvən “ŞKTC parlamentinin nümayəndə heyətinin Bakıya səfəri faydalı oldu” kimi verilib. Beləliklə, Mustafa Şentopun fikri bu cür oxunmalıdır: ”ŞKTC-nin parlamentinin nümayəndə heyətinin Bakıya səfəri faydalı olardı”.
Texniki yanlışlığı aradan qaldırmaqda redaksiyamıza dəstəkçi olduğu üçün ŞKTC-nin Bakı təmsilçisi, dostumuz xanım Ufuk Arça Turganerə bir daha təşəkkür edir, texniki yanlışlığa görə hər kəsdən üzr istəyirik.
Baki-xeber.com