Aydın Mirzəzadə: “Hesab edirəm ki, İran Ermənistandan işğala son qoymasını tələb etsəydi, onunla münasibətləri...”
Xəbər verildiyi kimi, xarici işlər naziri Elmar Məmmədyarov İran İslam Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin rəsmiləri ilə bir sıra görüşlər keçirib.
Elmar Məmmədyarav İran prezidenti Həsən Ruhani ilə görüşündə bir sıra məsələləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsini müzakirə edib. Prezident Ruhani Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh və diplomatik danışıqlar yolu ilə Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində həllini dəstəklədiklərini qeyd edib. Bənzər mövqeyi İran İslam Respublikasının İslam Şurası Məclisinin sədri Əli Laricani də ortaya qoyub. Belə ki, Laricani İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqirinin Azərbaycana səfəri zamanı səsləndirdiyi fikirlərin İranın rəsmi mövqeyi olduğu bildirilib. O da münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduğunu vurğulayıb.
İran prezidentinin Paşinyanın bu ölkyə səfərindən sonra Azərbaycanın ərazi bütövlüyü ilə bağlı sərgilədiyi konkret mövqe maraq doğurur. Çünki Paşinyanın Xocalı qətliamının 27-ci ildönümündən bir gün sonra İrana səfər etməsi, İran ermənilərinin idman klubu “Ararat”ın stadionunda Azərbaycanın torpaq bütövlüyünü təhdid edən bir şüarın qarşısında çəkdirdiyi foto və ölkə rəsmiləri tərəfindən təmtəraqla qarşılanması Azərbaycanda birmənalı qarşılanmadı. Ən başlıcası ermənilər Paşinyanın səfərindəki bu məqamları maksimum şişirdilmiş formada təqdim etməyə çalışdılar. Xüsusən də belə rəy formalaşdırmağa çalışırdılar ki, İran bu məsələdə neytral mövqe ortaya qoyur. O baxımdan məhz Paşinyanın Tehrana rəsmi səfərindən sonra Ruhaninin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində həllini dəstəkləməsi nə deməkdir? Ekspertlər bunu necə şərh edirlər?
Məsələyə münasibət bildirən millət vəkili Aydın Mirzəzadə buna bir neçə konteksdən yanaşdı: “Həsən Ruhaninin sərgilədiyi yanaşma qonşuluq və beynəlxalq hüquq normalarını üstün tutma mövqeyidir. İran əvvvəldən də Azərbaycanın ərazi bütövlüyünü tanıyırdı və son dövrdə bu məsələdə mövqeyini qəti şəkildə ortaya qoyur. Ancaq bir məsələ var ki, onu da qeyd etmək lazımdır. Məsələ ondadır ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımadığı bir halda, İranın bu ölkə ilə yaxşı münasibətlərə malik olması işğalçı ölkənin etinasızlığına gətirib çıxarır. Yəni Ermənistanın beynəlxalq hüquq normalarını pozmasına gətirib çıxarır. Hesab edirəm ki, İran Ermənistandan işğala son qoymasını tələb etsəydi, onunla münasibətləri işğala son qoyulana qədər dondursaydı, o zaman vəziyyət tamam başqa cür olacaqdı. Yəni Ermənistan öz qoşunlarını çoxdan Azərbaycanın işğal olunmuş ərazilərdən çıxarardı. Çünki Ermənistanın İranla yaxşı münasibətlərə malik olması, bu ölkənin ayaq üstə qalmasına kömək edir. Ona görə də istərdik ki, İran bunu təkcə bəyan etməsin. Eyni zamanda, sözügedən məsələdə konkret addımlar da atsın. Ümumən, Paşinyanın İrana səfərindən sonra Ruhaninin məlum mövqeyini müsbət qiymətləndiririk. Ancaq bu sadəcə olaraq diplomatik mövqedir. İranın Ermənistanla yaxşı münasibətləri isə Dağlıq Qarabağ münaqişəsinin həllini uzadır”.
Vidadi ORDAHALLI