Daşdəmir Əliyev: “Ya sülhlə torpaqları tərk etməlidirlər, ya da biz onları buna ordumuzun gücü ilə məcbur edəcəyik”
Martın 11-dən Azərbaycan Ordusu ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, müdafiə nazirinin rəhbərliyi altında genişmiqyaslı təlimlərə başlayıb. Müdafiə Nazirliyindən bildirilib ki, təlimlər martın 11-dən 15-dək keçiriləcək. Təlimlərə 10.000 nəfərədək şəxsi heyət, 500-dək tank, zirehli texnika, eləcə də avtomobil və xüsusi texnika, 300-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunacaq.
Təlimlərdə qoşunlar hücum əməliyyatının hazırlanması, şərti düşmənə bir neçə istiqamətdə zərbə vurulması, onun müdafiəsinin yarılması və qruplaşmalarının darmadağın edilməsi, eləcə də düşmən ərazisinin dərinliyində yerləşən hərbi və strateji obyektlərə raket-artilleriya zərbələrinin endirilməsi tapşırıqlarını yerinə yetirəcək.
Eyni zamanda təlim mərkəzləri və ümumqoşun poliqonlarında müasir silah sistemləri və vasitələrinin tətbiqi ilə döyüş atışları, o cümlədən raket buraxılışları praktiki icra olunacaq.
Qeyd edək ki, Azərbaycan Ordusunun bu təlimləri işğalçı Ermənistanda ciddi təşvişə səbəb olub. Erməni KİV-ləri bu təlimlə bağlı həyacan təbili çalaraq qeyd edirlər ki, bu Azərbaycanın Ermənistana verdiyi sərt mesajdır. Xüsusilə də belə genişmiqyaslı hərbi təlimin ATƏT-in Minsk qrupu həmsədrlərinin verdiyi bəyanatdan dərhal sonraya təsadüf etməsi ciddi mülahizələrə yol açıb. Erməni analitikləri bildirirlər ki, Ermənistan rəhbərliyi həmsədrlərin son bəynatında qeyd olunan müddəalar əsasında hərkət etməsə Azərbaycan hərbi yola əl atacaq. Bunun da ən görünən mesajı 10 minlik şəxsi heyətlə hücum təyinatlı təlimlərə başlamaqdır. Ermənilərin Azərbaycan ordusunun taktikası ilə bağlı dediklərini nə dərəcədə əsaslı saymaq olar?
Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Daşdəmir Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan müstəqil dövlətdi, özünün müstəqil hərbi doktrinası var: “Bu da onu deməyə əsas verir ki, nə vaxt, hansı yöndə hərbi təlimləri keçirmək bizim öz səlahiyyətimzə aiddir. Bizim qoşunlarımızın daim döyüşə hazır olmaları üçün belə təlimlərin mütəmadi keçirilməsinə zərurət var. Bizim bu addımız əslində kimisə narahat etməməlidir. Ermənistanı narahat edirsə, deməli, bunun tam əsası var. Çünki onlar başqasının torpağını işğal edib orda uzun müddətdir ki, oturub. Ona görə də vahimə içindədirlər. Həm də bu təlimlərin sülh danışıqları ilə bağlı səylərin aktivləşdiyi və daha konkret ifadə olunduğu bir dönəmə təsadüf etməsi onları daha da narahat edir. Anlayırlar ki, ordunun təlimləri ərazi bütövlüyümüzün təmin edilməsində hərb variantının ön plana çıxdığına işarədir.
Budəfəki təlimlər hücum xarakteri daşıyır. Həmin təlimlərə ordunun bütün qoşun növləri cəlb olunub və kompleks şəkildə hərbi təlimlərin keçirilməsi nəzərdə tutulur. Danışıqlar prosesi ətrafında Paşinyan və onun komandasının yaratdığı qeyri-konstruktiv mühit Azərbaycan tərəfinin danışıqların gələcəyi ilə bağlı tam ümidsizliyə düşməsinə səbəb olub. Ordunun döyüş əməliyyatlarına hazırlanması, münaqişənin hərb yolu ilə həll edilməsi variantı bu gün gündəmdə duran əsas məsələdir. Paşinyan özündən əvvəlki prezidentlərdən daha radikal, eyni zamanda məntiqsiz və sərsəm fikirlər səsləndirməyə başladı. Hətta onun hakimiyyətə gəlişindən sonra Ermənistan Müdafiə naziri David Tonoyan Ermənistan ordusunu yenidən quraraq, hücum taktikası üzərində formalaşdıracaqlarını açıqlamışdı. Bu, açıq-aşkar Azərbaycan tərəfinə psixoloji təhdid xarakteri daşıyır. ATƏT-in Minsk Qrupunun son bəyanatı ilə onların Ermənistan tərəfinin mövqeyini təmin etmədikləri bir daha ortaya çıxdı. Həmsədrlərin yaydığı bəyanatda danışıqların formatının dəyişməyəcəyi bir daha qeyd olundu. Görünən budur ki, onlar Paşinyanı sülhə dəvət edir, bu isə yayınır. Belə olan tədirdə təbiidir ki, Azərbaycanın yeganə yolu hərbi yola əl atmağa qalır. Ermənilər anlamalıdır ki, iki yolları var. Ya sülhlə torpaqları tərk etməlidirlər, yada biz onları buna ordumuzun gücü ilə məcbur edəcəyik. Artıq Azərbaycanın güclü ordusunun olduğunu onların özləri də etiraf edirsə, deməli, başlarına çarə qılmalıdırlar. Hamıdan çox isə ordumuzun zəfər çala biləcəyi gücünə biz inanırıq”.
Məhəmmədəli QƏRİBLİ