Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın mövqeyinin beynəlxalq miqyasda tam dəstəklənməsini ATƏT-in Minsk Qrupunun həmsədrlərinin son bəyanatı da açıq şəkildə nümayiş etdirdi. Ermənistanı isterik vəziyyətə salan bu bəyanat düşmən ölkədə çox ciddi diplomatik məğlubiyyət, Azərbaycanın növbəti qələbəsi qismində təqdim edilir.
Xatırladaq ki, Minsk Qrupunun həmsədrləri Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutacaq ilk rəsmi danışıqlar barədə birgə bəyanatla çıxış edib. Bəyanatda Ermənistanın indiki hakimiyyətinin bir ilə yaxındır danışıqlar prosesinin formatına dair irəli sürdüyü tezisləri alt-üst edilir. Eyni zamanda, İrəvanda geniş vüsət almış “bir qarış da olsun torpaq qaytarmamaq” çağırışlarına cavab olaraq təsdiq edilir ki, zəbt edilmiş ərazilər azad olunmalıdır. Həmsədrlər tərəfləri mövcud vəziyyətdə dəyişiklik yarada biləcək açıqlamalardan və hərəkətlərdən, gələcək danışıqlar üçün şərtlər irəli sürməkdən və digər tərəfin razılığı olmadan formata dəyişikliklər tələb etməkdən çəkinməyə çağırır.
Aydın görünür ki, bu çağırışların əsas hissəsi məhz erməni tərəfinə yönəlib. Həmsədrlər aydın şəkildə erməni tərəfinə mesaj verir ki, danışıqlar formatını dəyişdirmək cəhdləri, yəni zəbt edilmiş ərazilərdə yaradılan separtçı rejimin Nikol Paşinyanın israr etdiyi kimi danışıqlarda iştirakı baş tutmayacaq. Eyni zamanda o da diqqətə çatdırılır ki, Ermənistan rəhbərliyi münaqişənin nizamlanmasının mümkün yolları barədə danışanda Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsini, yaxud müstəqilliyinin tanınmasını şərt kimi irəli sürə bilməz. Belə ki, həmsədrlər danışıqların təməli kimi Helsinki Yekun Aktına istinad edirlər. Helsinki Yekun Aktına görə isə, xalqların öz müqəddəratını təyin etməsi ərazi bütövlüyünə zidd ola bilməz.
Bütün bunların nəticəsidir ki, Ermənistanda Paşinyanın opponentləri həmsədrlərin bəyanatını İrəvanın danışıqlarda mövqelərinin zəifləməsinin göstəricisi və indiki hakimiyyətin buraxdığı diplomatik səhvlərin nəticəsi kimi qəbul edir. Məsələn, Respublika Partiyasının sözçüsü Eduard Şarmazanov hesab edir ki, bu bəyanat Paşinyanın hakimiyyətinə dəyən sillədir və ona göstərilmiş sarı kartdır. Çünki həmsədrlər danışıqlar formatının dəyişdirilməsini qəbuledilməz adlandırmaqla Paşinyana tam əks mövqe ortaya qoyur: “Həmsədrlər ilk dəfə olaraq Ermənistan rəhbərliyi üçün bir sillə və ya sarı kart hesab edilə biləcək bəyanat verdilər". Şarmazanovun sözlərinə görə, bu, Ermənistanın Dağlıq Qarabağ üzrə danışıqlar prosesində zəiflədiyini sübut edir: “Minsk Qrupunun həmsədrlərinin bəyanatını oxudum. Həmsədrlər ilk dəfə olaraq Ermənistan rəhbərliyi üçün bir sillə və ya sarı kart hesab edilə biləcək bəyanat verdilər. Həmsədrlər aprel döyüşlərindən sonra İrəvanda danışıqlar prosesinin son mərhələsində “DQR"in iştirak etməli olduğunu bəyan edirdilərsə, indi əksini iddia edərək Paşinyana əks zərbə vururlar. Bu, yeni hökumətimizin cahil və populist siyasətinin nəticəsidir. Aydındır ki, bizim mövqeyimiz danışıqlar prosesində zəifləyib”.
Respublika Partiyasının sədr müavini Armen Aşotyan da məsələyə eyni prizmadan yanaşır. Onun sözlərinə görə, Minsk Qrupu həmsədrlərinin sonuncu bəyanatı çox diqqətəlayiqdir: “Ermənistanda hakimiyyət dəyişikliyindən sonra bu, hazırkı danışıqlar prosesindəki vəziyyətlə bağlı ilk geniş, proqramlı və nisbətən birbaşa sözdür. Daha açıq desək, bunu tərəflərə ünvanlanmış dəqiq mesajlarla danışıqlar prosesinin saxlanması və hərbi əməliyyatların bərpasının qarşısını almaq cəhdi kimi qiymətləndirirəm. Nikol Paşinyanın tələskənliyi üzündən, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında öz səylərinə həddindən artıq inam nəticəsində təxminən bir il keçdikdən sonra, təəssüf ki, Vyana, Sankt-Peterburq və Cenevrə razılaşmalarının həyata keçirilməsinin zəruriliyini qeyd etmədən başlanğıc nöqtəsinə qayıtmaq təhlükəmiz var”.
Armen Aşotyan xatırladır ki, ATƏT-in Minsk Qrupu həmsədrləri, həmçinin Avropa İttifaqı rəsmiləri, o cümlədən Yohannes Han və Frederika Moqerini “DQR”in danışıqlar masasına qaytarılmasına dair Paşinyanın təşəbbüsünü alıqışlamır: “İlkin şərt olmadan nizamlama haqqında danışarkən, “DQR” cəlb edilmədən Ermənistan-Azərbaycan formatını nəzərdə tutublar”. Eyni zamanda Aşotyan qeyd edib ki, qarşıda Prezident İlham Əliyevlə gözlənilən görüşdə Paşinyan dediyi sözləri, yəni “DQR”i danışıqlar masasına qaytarmağı yerinə yetirməyə cəhd etsə də iflasa uğrayacaq: “Belə vəziyyətdə Paşinyan ATƏT-in Minsk Qrupu həmsədrləri çərçivəsində Ermənistan ucbatından danışıqlar prosesinin fəallaşması və iflic edilməsi təsəvvürü yaratmamalıdır. Paşinyan ikinci ssenari üzrə hərəkət edərsə, Azərbaycanın mümkün hərbi əməliyyatları beynəlxalq aləmin bir hissəsində özünə haqq qazandıra biləcəyinə dair böyük təhlükə olacaq”.
Bir daha xatırladaq ki, Paşinyanın təxribatçı “danışıqlar formatı” ideyası Avropada qəbul edilmir. Yohannes Han və Frederika Moqerini ilə yanaşı, bunu Avropa Komissiyasının sədri Jan Klod Yunker də xüsusi vurğulayır. O, konfliktin həlli üçün nəzərdə tutulan hazırkı formatın saxlanılmasının gərəkdiyini bildirib Onun fikrincə, ən yaxşısı indiki formatı saxlamaqdır və yenilik xatirinə yeni nəsə yaratmağa ehtiyac yoxdur. Bunlar Ermənistanın populist siyasətinin uğursuzluğunun növbəti nümunəsidir. Avropa rəsmilərinin, o cümlədən də həmsədrlərin açıqlaması çox aydın göstərir ki, danışıqların əsasını işğal olunmuş ərazilərin azad edilməsi və məcburi köçkünlərin geri qayıtması təşkil edir. Məhz bu mənada, rəsmi Bakı istər Avropa İttifaqı təmsilçilərinin, istərsə də Minsk Qrupu həmsədrlərinin indiki mövqeyini yüksək qiymətləndirir. Xarici İşlər Naziriyinin mətbuat katibi Leyla Abdullayeva bu xüsusda vurğulayır: “Minsk Qrupu həmsədrlərinin açıqlaması Ermənistana verilən bir siqnaldır, biz bunu alqışlayırıq. Prezident İlham Əliyev Minsk Qrupu həmsədrlərini qəbul edərkən, ölkəmizin bu səpkidə mövqeyini həmsədrlərin diqqətinə çatdırıb. Münaqişənin həlli üzrə danışıqlar Ermənistan və Azərbaycan arasında aparılır. Danışıqların formatı dəyişilməz olaraq qalır. Ölkəmizin işğal edimiş ərazilərində yaradılmış qondarma rejimin danışıqlara cəlb edilməsi və formatın dəyişdirilməsi cəhdləri qəbuledilməzdir. Həmçinin, həmsədrlərin açıqlamasında münaqişənin həlli ilə əlaqədar atılmalı addımlar da qeyd olunur. Burada ilkin addımlardan biri kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ətrafındakı ərazilərin işğaldan azad edilməsi və bu ərazilərdən zor gücünə qovulmuş məcburi köçkünlərin geri qayıtması nəzərdə tutulur".
Beləliklə, yaranmış vəziyyətdə aydın görünür ki, Ermənistanın siyasi rəhbərliyi çox çətin və ziddiyyətli vəziyyətə düşüb. Çünki Azərbaycan xarici siyasətdə o dərəcədə uğurludur ki, təkcə ABŞ və Avropa yox, hətta Ermənistanla eyni hərbi-iqtisadi blokda təmsil olunan dövlətlər belə onu müdafiə edir. Amerika və Avropa ölkələri Azərbaycanla əməkdaşlığa çox ciddi münasibət göstərirlər. Ermənistana münasibət isə fərqlidir və Paşinyanın Avropa İttifaqına səfəri çərçivəsində fiaskoya uğraması da bunu təsdiq edir. Bütün bunlar həm də Qarabağ münaqişəsinə yanamşmada özünü qabarıq büruzə verir. Qərb ölkələri, eləcə də Rusiya açıq bəyan edir ki, Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həllinin tapılması vacibdir. Bundan başqa, Paşinyana çox aydın mesaj verilir ki, ATƏT-in Minsk Qrupunun mövcud formatı çərçivəsindən kənarda hər hansı bir format ola bilməz. Həmçinin, Dağlıq Qarabağın separatçı rejiminin ayrıca bir subyekt olaraq erməni icmasının danışıqlar prosesinə cəlb edilməsi mümkünsüzdür və bu haqda ümumiyyətlə danışmaq lazım deyil. İrəvan artıq aydın başa düşür ki, Dağlıq Qarabağı danışıqlara cəlb etməklə bağlı tutduğu mövqe qeyri-realdır. Bu mövqeni nə Rusiya, nə də Qərb müdafiə edir. Rus ekspert Sergey Markedonov vurğulayır ki, bu fonda İrəvanın yanlış addımı həm cəbhədə vəziyyəti gərginləşdirə, həm də Ermənistan daxilində ziddiyyətə, qarşıdurmaya yol aça bilər: “Hər halda, format məsələsinin Ermənistanın öz daxilində ziddiyyətlərə yol açdığı aydın görünür. Paşinyanın mövqeyinə qarşı çıxanların olması da bunu göstərir. Belə vəziyyətdə Ermənistan üçün ən yaxşısı üzərinə düşən öhdəlikləri yerinə yetirmək – BMT qətnamələrinin tələblərinə əməl etmək, eyni zamanda danışıqlar prosesində münaqişənin ədalətli həlli istiqamətində adekvat addımlar atmaqdır. Əks təqdirdə Azərbaycan uzun müddət gözləməli olmayacaq”.
Ümumiyyətlə, proseslərin gedişi çox aydın göstərir ki, Ermənistanın işğalçılıq siyasəti və onun nəticələri ilə bağlı məsuliyyətdən yayınması mümkün deyil. Yaranmış durumda isə Azərbaycanın problemi sülh yolu ilə həll etməyə sadiq qalması Ermənistan üçün bir şansdır və işğalçı ölkə bunu qiymətləndirməyi bacarmalıdır. Əks təqdirdə Azərbaycanın istəyinə güc yolu ilə nail olması elə də çətin olmayacaq. Bunu yaxşı bilən İrəvan, ekspertlərin fikrincə, özünü xilas etmək üçün beynəlxalq və regional reallığı da düzgün dərk edərək müvafiq nəticə çıxarmalıdır. Əks halda Ermənistanın iflası və özünütəcridi daha da dərinləşəcək, siyasi, iqtisadi, sosial, demoqrafik, diplomatik böhran davam edəcək. Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmayana, qonşu dövlətlərlə normal, beynəlxalq qanunlar çərçivəsində əlaqələr qurmayana qədər belə vəziyyət davam edəcək. Eyni zamanda, Ermənistanın konstruktivlikdən kənar təklifləri danışıqlar prosesində hansısa dəyişikliklərə də yol açmayacaq və dünya dövltələrinin mövqeyi də bunu çox aydın şəkildə nümayiş etdirir. Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.