“Mühüm məsələlərdən biri iki dəfə Sovet İttifaqı Qəhrəmanı adı alan Həzi Aslanovun hansı şəraitdə qətlə yetirilməsi məsələsidir ki, biz bu haqda dəqiq məlumatı həmin arxivdən əldə edə bilərik” “Tarixi şəxsiyyətlərimizin bir çoxu II Dünya Müharibəsi dövründə Hitler və ermənilərin birgə işlədiyi cinayətlər nəticəsində müəmmalı şəkildə qətlə yetirilib”
Tariximizin elə gizlinləri var ki, onların aşkarlanması, tədqiqata cəlb edilməsi çox mühümdür. Bu gizli sənədlər dünyanın müxtəlif ünlü arxivlərində məxfi qrif altında saxlandığı üçün Azərbaycan alimlərinin ora girişi çətindir. İndiyə qədər dünyanın bir sıra arxivləri açılıb və bu, alimlərə şərait yaradıb ki, tariximizlə bağlı elmə məlum olmayan sirləri açıb təqdim etsinlər.
Azərbaycan tarixinə aid hələ aşkarlanmamış məlumatların, sənədlərin bir çoxu, xüsusən də II Dünya müharibəsinə aid faktların Vatikanda saxlandığı məlumdur.
Yayılan məlumata görə, Roma Papası Fransisk Papa XII Piyin dövründən etibarən Vatikanın gizli arxivlərini açacağını bildirib.
Xarici mətbuatın verdiyi bilgiyə görə, yəhudilərin çoxu Papa XII Piyin Holokosta göz yumduğunu iddia edir, buna görə də Papa Fransisk Vatikanın gizli məlumatlarını açıqlamağa qərar verib. Onu da vurğulayaq ki, Papa Fransisk bildirib ki, arxivlər 2020-ci il martın 2-də açılacaq.
Məlumat üçün bildirək ki, XII Piy 1939-cu ildən 1958-ci ilə qədər Papa olub.
Bir məqamı da yadınıza salaq ki, Vatikan arxivlərinin açılacağı ilə bağlı bir neçə dəfə məlumatlar yayılıb.
Bir neçə il əvvəl isə AzərTAc xarici mətbuata istinadən məlumat yaydı ki, Vatikan öz məxfi arxivinin iki milyondan çox sənədini dərc etməyə hazırlaşır. O zaman bildirilirdi ki, sənədlərdə hərbi əsirlər və Avropada müharibə vaxtı itkin düşənlər barədə məlumat verilir. Sənədlərdən əlavə, 10 milyona yaxın məktubun da dərc olunacağı qeyd edilirdi. Vurğulanırdı ki, bunlar itkin düşənlərin axtarışına kömək etmək xahişilə Roma Papasına ünvanlanmış müraciət məktublarıdır. Sənədlər 1939-1947-ci illərə aiddir. Vatikanın bir neçə il əvvəl yaydığı bəyanatda deyilirdi ki, Papa XII Piy faşizmin törətdiyi cinayətlərin üstündən sükutla keçməkdə təqsirləndirilib.
Piyin tənqidçilərinin fikrincə, o, İtaliya ərazisində yəhudilərə qarşı cinayətlərə rəvac verib və Piy onların xilası üçün heç nə etməyib.
Qeyd edilənə görə, Vatikanın gizli Arxivlərində (Archivum Secretum Apostolicum Vaticanum) olduqca mühüm sənədlər saxlanır. Bu arxiv Vatikanda olan Müqəddəs Məqam tərəfindən elan edilən və atılan bütün addımların saxlandığı mərkəzi anbardır. Qanunla, vəzifədə olan Papanın yerinə gələcək Papa Kardinallar Məclisi tərəfindən seçilənə və ya vəzifədəki Papa ölənə, ya da istefa verənə qədər arxivin sahibidir. Vatikan Gizli Arxivlərində dövlət sənədləri, yazışmalar, papalığın və kilsənin dərc etdiyi kitablar və əsrlər boyunca yığılmış bir çox digər sənədlər var. XVII əsrdə Papa V Pavelin təlimatları ilə alimlərə Gizli Arxivə çox məhdud daxil olma icazəsi verilirdi. Xaricilərə isə arxivə daxil olmaq tamamilə qadağan idi. Ancaq 1881-ci ildə Vatikan Kitabxanası yaradıldıqda, Papa XIII Leo arxivin qapılarını araşdırmaçıların üzünə açdı. İndi də hər il bəzən mindən çox araşdırmaçı arxivlərə daxil olur.
Vatikan Gizli Arxivlərinin adındakı "gizli" sözü indiki vaxtda fəaliyyəti ilə uyğun gəlmir. Gizli sözünün buradakı mənası arxivin Müqəddəs Məqamın fərdi mülkiyyəti olduğu və ona yardımçı mövqedə olan "Roma Curi"aya aid olan "xüsusi" mənasını verdiyini göstərir. Eyni zamanda buradakı gizli sözü "gizli xidmətçilər", "gizli daşıyıcı" və "gizli işarələr" mənalarını verir.
Vatikan Gizli Arxivləri rəflərinin uzunluğunun 84 km olduğu bildirilir və 35.000 kataloqa malikdir. Hər bir otağa aid məlumat oradan kənara çıxarıla bilməz, tam və ya hissə-hissə nəşri də qadağandır. Arxivlərin qorunması məqsədilə xüsusi fotostudiya fəaliyyət göstərir. Arxivdəki ən qədim sənədin tarixi səkkizinci əsrin sonuna qədər uzanır. Yerdəyişmə və siyasi qiyamlar təxminən III Innocentiusdan (xristian aləminin ən böyük qanun hazırlayan şəxsi) əvvəlki dövrün arxivinin yox olmasına baxmayaraq, 1198-ci ildən etibarən toplanan böyük arxivlərə sahibdir. O tarixlərdəki arxiv sənədləri arasında İngiltərə kralı VIII Henrinin evliliyin ləğvi tələbi və Mikelancelodan gələn məktublar var.
Bilirik ki, II Dünya müharibəsində Azərbaycan xalqı da böyük bəlalar çəkib. Müharibə dövründə azərbaycanlılarla bağlı bir sıra mühüm faktların, o cümlədən də Hitlerlə ermənilərin birləşərək azərbaycanlılara qarşı törətdikləri əməllərin yer aldığı sənədlərin, o cümlədən Hitlerlə ermənilərin gizli sözvdələşmələrinin yer aldığı və indiyə qədər gizli saxlandığı Vatikan arxivlərinin açılması mühümdür. Bu arixvlərdə Azərbaycan alimlərinin iştirakı, təbii ki, vacibdir. Alimlərimizin Vatikan arxivlərində işləməsi xalqımızla bağlı tarixi faktların üzə çıxarılması baxımından çox əhəmiyyətlidir.
Tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ümumiyyətlə, Vatikanın gizli arxivində Azərbaycanla bağlı bir sıra mühüm sənədlər var ki, onların bir qismi II Dünya müharibəsindən əvvələ təsadüf edir. F.Ələkbərli hesab edir ki, Vatikanın gizli arxivi açılarkən burada Azərbaycan alimlərinin iştirakı mütləq nəzərə alınmalıdır. Vatikan arxivinin dünyanın ən sirli arxivlərindən biri olduğunu xatırladan F.Ələkbərlinin sözlərinə görə, burada elə faktlar var ki, onların üzə çıxması faşizmə xidmət edən ermənilərin də iç üzünü açacaq. “Şübhəsiz ki, Vatikanın gizli arxivləri açıldıqdan sonra Azərbaycan alimlərinin orada tədqiqat aparmasına şərait yaradılmalıdır. Bu arxivin açılması dünyanın özü üçün sirr olan bir sıra məxfi sənədlərin üzə çıxmasına səbəb olacaq. Bilirsiz, istər II Dünya müharibəsi dövründə, istərsə də ondan öncə baş verənlərlə bağlı əlimzdə çox az məlumat var. Əlimizdə olan məlumatların daha da dolğunlaşdırılmasına ehtiyac var. Burada ən mühüm məsələlərdən biri iki dəfə Sovet İttifaqı Qəhrəmanı adı alan Həzi Aslanovun hansı şəraitdə qətlə yetirilməsi məsələsidir ki, biz bu haqda dəqiq məlumatı həmin arxivdən əldə edə bilərik. Digər məsələ faşist Almaniyası ilə ermənilərin gizli sövdələşmələri, burada azərbaycanlılarla bağlı həyata keçirilən cinayətlərdir ki, o haqda daha səhih məlumatlar əldə etmək üçün Vatikan arxivlərində işləməliyik. Bəzən o dövrdə azərbaycanlıların haqsız yerə ittiham edilməsi məsələsi də var ki, onlara da aydınlıq gətirməliyik. Bu baxımdan da, Azərbaycan alimlərinin Vatikan arxivlərində işə cəlb edilməsi çox vacibdir. Yeri gəlmişkən, bizə qarşı bir sıra hadisələr saxtalaşdırılıb. Bu səbəbdən də bizim bəzi insalarımız tariximizlə bağlı qiymətləndirmə apararkən məhz o saxta tarix üzərindən qiymətləndirmə aparır. Bizimlə əlaqədar I, yaxud II Dünya Müharibəsi dövründə baş verən bir sıra hadisələrin tarixi saxtalaşdırılıb. Ona görə də hesab edirəm ki, Azərbaycan alimləri Vatikan arxivlərində geniş tədqiqata başlasalar, bizə qarşı baş verən tarixi saxtalaşdırmalar ifşa olunar. Bu bizim keçmişimiz, bugünümüz və gələcəyimizdən ötrü bir sıra qaranlıq məsələlərin açılması üçün çox faydalıdır. Vaxtilə Azərbaycanın bir sıra tarixi şəxsiyyətləri haqqında həqiqətə uyğun olmayan fikirlər formalaşdırılıb. Bizim tarixi şəxsiyyətlərimizin bir çoxu II Dünya Müharibəsi dövründə Hitler və ermənilərin birgə işlətdikləri cinayətlər nəticəsində müəmmalı şəkildə qətlə yetirilib. Bu barədə sənədlər Vatikan arxivlərində saxlanır. Vatikan arxivlərində Azərbaycanla bağlı çox gizlinlər saxlanır və o gizlinlərin aşkara çıxarılması bizə hava-su kimi lazımdır”-deyə F.Ələkbərli bildirdi.
Alimin sözlərinə görə, elə sənədlər var ki, həmin sənədləri əldə etməklə biz faşizmə xidmət edən və Hitlerin əmrlərini icra edən erməni faşistlərini ifşa edə bilərik.
İradə SARIYEVA