Fikrət Yusifov: “Bu, ölkə başçısının humanistliyindən irəli gəlir”
Məlum olduğu kimi, Prezident İlham Əliyev “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, bu il martın 1-dən dövlət orqanlarında qulluq edən dövlət qulluqçularının aylıq vəzifə maaşının minimum məbləği yardımçı vəzifələrdə çalışanlar üçün 165 manatdan 200 manata qaldırılıb. Bundan əlavə, 170 manat əməkhaqqı alanlar, müvafiq olaraq, 205manat, 175 manat alanlar 210, 185 manat alanlar isə 215 manat alacaq.
Burada diqqətçəkən məqam ondan ibarətdir ki, ölkə başçısı ilk əvvəl əhalinin sosial cəhətdən həssas və aztəminatlı təbəqələrinin təqaüd və sosial müavinətlərini, minimum əməkhaqlarını artırdı. Məlum olduğu kimi, ölkədə minimum əmək haqqı 50 manat artırılaraq 130 manatdan 180 manata çatdırıldı. Nəticədə dövlət sektorunda çalışan 450 min nəfərin minimum əməkhaqqı artdı. Eyni zamanda bu, özəl sektorda çalışan 150 min nəfəri də əhatə edəcək. Bununla yanaşı, əhaliyə verilən bütün sosial müavinət növlərinin məbləği əhəmiyyətli dərəcədə artırıldı. Məhz bütün bunlardan sonra dövlət qulluqçularının aylıq vəzifə maaşının minimum məbləği artırıldı. Özü də o dövlət qulluqçuları ki, onlar bu sahədə ən aşağı məbləğdə məvacib alırdılar. Nəzərə almaq lazımdır ki, sözügedən sektorda elə sahələr var ki, orada çalışanların məvacibləri digərlərinə nisbətən yüksəkdir. Ona görə də minimum əməkhaqqı alanların məvaciblərinin artırılmasına qərar verilməsi sosial siyasətin humanistliyinin göstəricisidir.
Digər tərəfdən, bəzən yersiz fikirlər səsləndirilirdi ki, ancaq dövlət sektorunda çalışanlara diqqət göstərilir, onların məvacibləri artırılır və s. Prezidentin məlum qərarları bütün bu iddiaların əsassız olduğunu ortaya qoydu.
Sözügedən məsələni “Bakı Xəbər”ə şərh edən iqtisad elmləri doktoru Fikrət Yusifovun sözlərinə görə, belə siyasət həm humanizmə söykənir, həm də bunun ciddi məntiqi əsasları var: “Sosial müavinət və minimum əməkhaqqının artırılmasında dərin məntiq var. Çünki ilk əvvəl sosial dəstəyə daha çox ehtiyacı olan təbəqələrin sosial müavinətləri, yardımları və təqaüdləri artırıldı. Bütün bunlardan sonra dövlət orqanlarında vahid tarif cədvəli ilə əməkhaqqı alan şəxslərin məvacibləri artırıldı. Onların bəziləri çox aşağı tariflə əməkhaqqı alırdı. Məlum qərar da məhz minimum əməkhaqqı alanlara şamil edildi. Bu nəyin göstəricisidir? Bu uğurlu sosial siyasətin təcəssümüdür. Yəni birinci növbədə ehtiyacı olan təbəqələrin sosial müavinətləri və minimum əməkhaqqı artırılır. Ona görə də bu cür sosial siyasətin aparılması tam ədalətli və məntiqlidir. Hesab edirəm ki, sosial siyasətin həyata keçirilməsində bu cür yanaşmanın ortaya qoyulması əhalinin aztəminatlı təbəqəsinin maraqlarına xidmət edir. Bu həm də ölkə başçısının humanistliyindən irəli gəlir ki, daha çox ehtiyacı olan təbəqənin maraqlarının qorunmasına önəm verildi. Ona görə də düşünürəm ki, bu cür siyasət tamamilə doğrudur. Sosial müavinətlərin, təqaüdlərin, məvaciblərin minimum hissəsinin artırılması bu təbəqədən olan şəxslərin sosial vəziyyətinin yaxşılaşmasına öz müsbət təsirini göstərəcək”.
Vidadi ORDAHALLI