Məlum olduğu kimi, ATƏT-in Minsk Qrupunun həmsədrləri Endryu Şefer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) Azərbaycan və Ermənistan liderlərinin gözlənilən görüşünə dair bəyanat yayıb.
Həmsədrlərin budəfəki bəyanatı konkret notlar və tələblər üzərində kökləndiyi üçün ciddi rezonans doğurub. Həmsədrlər tərəfləri konkret müddəalar üzrə danışıqlar prosesinə çağırır və bildirirlər ki, işğal altındakı ərazilərin boşaldılması ətrafında müzakirələr aparılmalıdır. Eyni zamanda qeyd edilir ki, format dəyişikliyi ilə bağlı irəli sürülən tələblər heç müzakirə mövzusu belə ola bilməz.
Həmsədrlərin məlum bəyanatına ilk rəsmi reaksiyanı Azərbaycan tərəfi verdi.
Xarici İşlər Naziriyinin mətbuat katibi Leyla Abdullayeva ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında qarşıdan gələn görüşü barədə bəyanatını şərh edib.
Leyla Abdullayeva Azərbaycanın danışıqlar prosesinə sadiq və substantiv danışıqlara hər zaman hazır olduğunu qeyd edib:
"ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri arasında görüşünə dair təklifləri olub. Qeyd etmək istərdik ki, Azərbaycan danışıqlar prosesinə sadiqdir və substantiv danışıqlara hər zaman hazırdır. Azərbaycan tərəfi münaqişənin nəyicəyə yönəlik və intensiv danışıqlar yolu ilə həlli istiqamətində həmsədrlərin səylərini dəstəkləyir. Məlum olduğu kimi, indiyədək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında 3 dəfə, xarici işlər nazirləri arasında isə 4 dəfə görüş baş tutmuşdur.
Minsk Qrupunun həmsədrlərinin bu açıqlaması Ermənistana verilən bir siqnaldır, biz bunu alqışlayırıq. Prezident İlham Əliyev Minsk Qrupunun həmsədrlərini qəbul edərkən ölkəmizin bu səpkidə mövqeyini həmsədrlərin diqqətinə çatdırmışdı. Münaqişənin həlli üzrə danışıqlar Ermənistan və Azərbaycan arasında aparılır. Danışıqların formatı dəyişilməz olaraq qalır. Ölkəmizin işğal edimiş ərazilərində yaradılmış qondarma rejimin danışıqlara cəlb edilməsi və formatın dəyişdirilməsi cəhdləri qəbuledilməzdir...”
Ermənistanın rəsmi mövqeyi bir qədər geciksə də, ifadə olunub. Həmin ölkənin XİN sözçüsü Anna Naqdalyan açıqlamasında bildirib ki, Ermənistan həmsədrlərin irəli sürdüyü tələbləri qəbul edir: “Biz, bütün zamanlarda olduğu kimi, yenə də sülhə sadiqik”.
Hər iki bəyanatı müqayisə edəndə, Ermənistanın faktları təhrif etdiyi açıq-aşkar görünür. Məsələn, Ermənistanın ifadə etdiyi rəsmi mövqedə həmsədrlərin işğal altında olan ərazilərin boşaldılması və format dəyişikliyinin mümkünsüzlüyünə dair səsləndirdiyi fikirlərə münasibət açıqlanmır. Başa düşürük ki, bunu Ermənistanın maraqlarına uyğun olmadığı üçün edirlər. Ermənistan XİN adından yayılan bəyanatda, nədənsə, daha çox tərəflərin hərbi ritorika ilə danışmasının mümkünsüzlüyü qabardılır. Və həmsədrlərin bu yöndə verdiyi açıqlamanın hədəfi kimi Azərbaycan göstərilir. Bu da kökündən yanlış olan yanaşmadır. Çünki son vaxtlar hərbi güclə hədələmə tonunda daha çox Ermənistan rəsmiləri danışıb. Ermənistanın müdafiə naziri məhz Xocalı faciəsinin ildönümünün qeyd edildiyi gündə yeni hücum silahları aldıqlarını, daha müdafiədə oturmayacaqlarını bəyan edib. Bundan sonra həmin ölkənin təhlükəsizlik naziri işğal altında olan ərazilərə səfər edib və orda Azərbaycana bir qarış da olsun torpağın qaytarılmayacağını bildirib. Bu iki fakt kifayət edir ki, həmsədrlərin məhz hərbi ritorika, güc tətbiqi ilə bağlı bəyanatda səsləndirdikləri fikirin ünvanının da Ermənistan olmasına sübhə yeri qalmasın. Bir sözlə, Ermənistan ifadə etdiyi rəsmi mövqeyilə həmsədrlərin bəyanatını birtərəfli şərh edib, özünə sərf edən fikirləri ifadə edir. Azərbaycan tərəfi isə həmsədrlərin bəyanatının həqiqəti əks etdirdiyi üçün ölkəmizin rəsmi mövqeyinə yaxın olduğunu bildirir və onu dəstəklədiyini bəyan edir. Ermənistanın həmsədrlərin bəyanatı ilə bağlı rəsmi şəkildə məsuliyyətdən yayınma cəhdinə hansı formada reaksiya verilməlidir?
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, ATƏT-in Minsk Qrupu həmsədrlərinin son bəyanatının müsbət tərəfi münaqişə tərəflərinin danışıqlara dəvət edilməsi və danışıqlar formatının müəyyənləşdirilməsidir: “Paşinyan tez-tez qondarma separatçı rejimin danışıqlara dəvət edilməsi və danışıqlar formatının dəyişdirilməsini ilə bağlı fikirlər irəli sürürdü. Hətta təkidlə bildirirdi ki, bu format olmasa, danışıqlara getməyəcək. Amma həmsədrlərin son bəyanatı bir daha təsdiq etdi ki, danışıqlar yalnız Azərbaycan və Ermənistan arasında aparılmalıdır”
Bəyanatda bir sıra məsələlərin sadalandığını deyən politoloq söyləyib ki, həmsədrlər sənəddə Dağıq Qarabağ hüdudlarından kənarda yerləşən 7 rayonun işğaldan azad edilməsi, bunun müqabilində Dağlıq Qarabağa keçici statusun verilməsi, həmçinin bölgəyə sülhməramlı qüvvələrin gətirilməsi ilə bağlı fikirlər sadalanır.
Q.Hüseynlinin sözlərinə görə, əsas məsələ danışıqların formatının dəyişdirilməsi ilə bağlı məsələ idi ki, bəyanat göstərdi ki, ATƏT-in Minsk Qrupu da Azərbaycanın mövqeyini müdafiə edir: “Amma bütövlükdə proseslərin sonrakı inkişafı, xüsusilə ərazi bütövlüyü məsələsi ilə millətlərin öz müqəddəratının təyin etməsi prinsipi çox ciddi sürətdə vurğulanır. Bəyanatda ərazi bütövlüyü məsələsi ön plana çəkilir”.
Politoloq qeyd edib ki, Avropa İttifaqı, ATƏT-in Minsk Qrupu qabaqcadan irəli sürülən şərt olmadan tərəflərin əvvəlki formatda danışıqlara getməsini tövsiyə və hətta tələb edir: “ Bu isə Paşinyanın səfeh fikirlərini alt-üst edilməsi deməkdir. Bütün bunlar bir daha göstərir ki, şərt qoyulmadan danışıqlara başlanılmalıdır. İndi hər şey Ermənistanın Minsk Qrupunun tələbinə necə cavab verməsindən asılı olacaq”.
Politoloqun sözlərinə görə, Ermənistan XİN adından yayılan bəyanat daha çox məsuliyyəti öz üzərindən atmağa bənzəyir: “Biz mövqeyimizi ifadə etmişik. Bundan sonra Ermənistanın hər bəyanatını şərh etməyə lüzum da görmürəm. Hesab edirəm ki, Ermənistan tərəfi ən qısa zamanda bu məsələ ilə bağlı daha dolğun mövqe ortya qoymalıdır. Daha doğrusu, söz oynatmamalıdır. Mövqelərində konkretlik olmasa, bu o deməkdir ki, onlar tamamilə başqa taktika seçiblər və danışıqlar prosesinə etiraz edirlər. İstənilən halda, Azərbaycan hadisələrin hər iki istiqamətdəki gedişinə hazırdır”.
Məhəmmədəli QƏRİBLİ