ABŞ Azərbaycandakı yeni səfiri Li Litzenberger martın 7-də yerli vaxtla saat 21 radələrində Bakıya gəlib.
Səfir Litzenberger Bakı Beynəlxalq Hava limanında jurnalistlərə bildirib ki, həyat yoldaşı Merian xanımla birgə Bakıya gəlməkdən çox məmnundur. “Mən ABŞ səfiri kimi səlahiyyətlətimin icrasına başlamağı, insanlarınızla, mədəniyyətinizlə, rəsmilərlə tanış olmağı, xalqlarımız və ölkələrimiz arasındakı əlaqələri dərinləşdirməyi və gücləndirməyi həvəslə gözləyirəm” - Litzenberger deyib.
Qeyd edək ki, martın 6-da ABŞ-ın Azərbaycandakı Səfirliyi yeni səfirin video mesajını yayıb.
Keçmiş səfir Robert Sekutanın ölkəni tərk etməsindən 12 ay sonra yeni səfir Azərbaycana gəlib.
ABŞ Senatı yanvarın 2-də Li Litzenbergeri Azərbaycanda yeni səfir postuna təsdiq edib.
Litzenbergerin Dövlət Debartamentində son işi hərbi-siyasi məsələlər üzrə büroda baş müşavir olub.
Li Litzenberger diplomat kimi fəaliyyət göstərdiyi 34 il ərzində Əfqanıstanda, Əlcəzairdə, Belçikada, Bolqarıstanda, Fransada, Gürcüstanda, Qazaxıstanda və Serbiyada çalışıb.