Dağlıq Qarabağ münaqişəsinin dinc müstəvidə həllinə qəbuledilməz şərtlər irəli sürməklə maneə yaratmağa çalışan Ermənistanın baş naziri Nikol Paşinyanın addımları təkcə Azərbaycan yox, dünya ictimaiyyəti tərəfindən də kəskin şəkildə pislənir. Belə görünür ki, Paşinyanın bu xüsusda mövqeyi Ermənistan üçün, əslində, diplomatik müstəvidə yeni problemlər də yaradacaq.
Məsələnin bu tərəfini diqqət mərkəzinə gətirən Azərbaycan bildirir ki, Ermənistan baş nazirinin Qarabağ münaqişəsi üzrə aparılan danışıqların formatını dəyişmək arzusu ATƏT-in Minsk Qrupunun, xüsusilə də onun Rusiya, ABŞ və Fransadan olan həmsədrlərinin fəaliyyətini məhv etmək kimi nəzərdən keçirilə bilər. Rəsmi Bakı onu da bəyan edir ki, danışıqların ATƏT-in 1992-ci il Helsinki Nazirlər Şurasının qərarı ilə təsdiq olunmuş formatını ATƏT üzv ölkələrinin konsensus qərarı olmadan dəyişmək qeyri-mümkündür. Bu qərara əsasən, Ermənistan və Azərbaycan münaqişənin tərəfləri, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları isə maraqlı tərəflər qismində çıxış edir. Bütün bunlar fonunda Azərbaycan vurğulayır ki, Qarabağ münaqişəsinin beynəlxalq hüquq əsasında həll edilməsi, mövcud status-kvonun dəyişdirilməsi, danışıqların mövcud format əsasında davam etdirilməsi vacibdir. Əks təqdirdə problemin çözümü hərbi səpkidə olacaq.
Rusiyanın “regnum.ru” portalı da yazır ki, yaranmış vəziyyətdə danışıqlar formatı ilə bağlı beynəlxalq ictimaiyyət Azərbaycanın mövqeyini qəti şəkildə dəstəkləyir və Paşinyan özü də bunu Avropa səfəri fonunda aydın gördü. O da vurğulanır ki, Bakının mövqeyinin İrəvan tərəfindən nəzərə alınması Ermənistan üçün daha məqbul hal olardı. Bu xüsusda “regnum.ru” daha sonra yazır: “Nikol Paşinyan Brüsselə işgüzar səfəri fonunda Avropa İttifaqı strukturlarının başçıları, Avropa Şurasının prezidenti Donald Tusk və Avropa Komissiyasınn prezidenti Jan-Klod Yunkerlə, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali təmsilçisi Federika Moqerini ilə yüksək səviyyədə danışıqlar aparıb. Əslində, səfər “özünü göstərmək və dünyaya baxmaq” prinsipi üzrə keçib. Çünki prinsipial əhəmiyyətli heç bir konkret sazişdən söz açılmayıb.
Ermənistan Təhsil və Elm Nazirliyi və Flandriyanın Xarici Işlər Nazirliyinin departamenti, IMEC mərkəzi və “Müəssisələr inkubatoru” fondu arasında qarşılıqlı anlaşma haqda memorandumları böyük çətinliklə irəliləyişə aid etmək olar. Görünür, “qızılgül inqilabı”ndan sonra demokratik yolla inkişaf etməyə və Avropada qəbul edilmiş “dəyərlər sistemi”nə tərəfdar olduğunu bəyan edən Paşinyan ümid edirdi ki, Brüsseldə onu, sadəcə alqışlamayacaq, həm də maliyyə-iqtisadi yardımı göstərəcəklər. 100 milyon avrodan danışırdılar, amma bu məbləğ hələ “köhnə hakimiyyət”lə şərtləşdirilib, belə ki, prinsipcə heç nə dəyişilməyib. Paşinyanın özü hələ keçən ilin yayında NATO sammitində bildirib: “Biz xahiş edən durumunda deyilik, hansı siyasəti aparmaq onların seçimi, onların qərarıdır. Onlar mövqelərini müəyyən edəndə onların siyasətinə münasibətimizi yekunlaşdırarıq”.
O bununla kifayətlənib ki, Avropa İttifaqı və NATO-nun yüksəkməqamlı şəxslərilə, ondan çox dövlətin liderlərilə bir sıra görüşlər keçirib. Paşinyanın Brüsselə indiki səfərinin yekunlarına əsasən, Avropa hələ də mövqeyini müəyyən etməyib, amma Avropanın yüksəkməqamlı siyasətçilərinin “demokratik İrəvan”ın ünvanına “hərarətli və təbrik bəyanatları”nın səviyyəsi hər cür tərifdən yuxarıdır. Lakin Ermənistan-Avropa işgüzar əlaqələrinin inkişafının önəmi, ticarət dövriyyəsinin artımı, birgə yatırım proqramlarının gerçəkləşdirilməsi haqda bəyanatlar hələlik ancaq bəyanat olaraq qalır. Bir də “Ermənistanda islahatlar potensialını Cənubi Qafqazdakı münaqişələr dayandırır”, “həll edilməmiş Dağlıq Qarabağ münaqişəsi və bölgədə gərginliyin saxlanması həm bizim ölkənin, həm də bütün bölgənin yatırım cazibədarlığını azaldır” bəyanatlarını verən baş nazirin özünün sözləri bayağı həqiqət və uzun çəkən oyun kimi qəbul olunub.
Buna görə də Ermənistanın Paşinyanın səfərinin başlıca mənasını, guya “Ermənistanın qabaqlar yalnız Rusiya xarici siyasət vektoruna tərəfdar olduğu, indi isə Avropanın da olduğu”, İrəvanın “beynəlxalq münasibətlərin təəccüb və sayğı doğuran hansısa yeni modelini təklif etdiyi” haqda düşüncələr təəccüb doğurur. Doğrudan da, korrupsiya ilə mübarizə, yoxsulluğun aradan qaldırılması, müstəqil məhkəmə sisteminin formalaşdırılması və bütün iqtisadi və siyasi subyektlər üçün bərabər qaydaların təminatı Ermənistan hökumətinin prioritetləri içindədir. Paşinyanın sözlərinə görə, “Ermənistan və Avropa İttifaqı arasında hər şeyi əhatə edən və genişləndirilmiş tərəfdaşlıq haqda sazişin gerçəkləşdirilməsi islahatlarımızın bütün sahələri üçün böyük mənaya malikdir”.
Ancaq Avropa qabaqlar da var idi, Avropa İttifaqı ilə “Şərq tərəfdaşlığı” üzrə sənədləri isə Paşinyan imzalamayıb. Buna görə də Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankinin “Ermənistan baş nazirinin Berüsselə səfərində heç bir gizli məna axtarmaq gərək olmadığı”, “Ermənistan rəhbərliyinin Rusiyanın strateji müttəfiqi olduğu və KTMT və AİB çərçivələrində də özünün bütün öhdəliklərinə əməl edəcəyini dəfələrlə təsdiqlədiyi” haqda sözlərilə razılaşmamaq çətindir.
Pankin bununla yanaşı etiraf edir ki, “erməni həmkarlarımızın ölkədə islahat keçirməkdə yardıma ehtiyacı var”, amma “onların təkcə iqtisadi və siyasi xarakterdə problemləri yoxdur, həm də əlavə çətinlikləri var”. Dağlıq Qarabağ münaqişəsi problemini indiki İrəvan üçün “əlavə çətinlik” saymaq olarmı? Demək çətindir. Lakin İrəvanın xarici tərəfdaşlarla heç bir təması onun müzakirəsi olmadan ötüşmür. Bu dəfə də belə idi. Paşinyan Brüsseldə özünün qabaqkı tezisini təkrar edib ki, Dağlıq Qarabağ əhalisini təmsil etmir və “yalnız Ermənistan Respublikası sakinlərinin mandatı əlindədir”. Onun fikrincə, “yalnız Dağlıq Qarabağ təmsilçiləri danışıqlar masasının arxasına əyləşəndə və onların səsi eşidiləndə sülh danışıqları hissolunası irəliləyiş verə bilər”.
Amma Brüssel bildirir ki, “status-kvonun saxlanması uzun çəkə bilməz və beynəlxalq hüquqa uyğun siyasi həll tapmaq gərəkdir” və hesab edir ki, Qarabağ üzrə danışıqlarda “ancaq yenilik xatirinə hansısa yeni bir mexanizmin icadına can atmaq lazım deyil, indiki formata tərəfdar olmaq daha yaxşıdır”. Avropa İttifaqı eyni zamanda bu fikrə tərəfdardır ki, Qarabağ üzrə danışıqlarda “yaxşı çıxış nöqtəsi Ermənistan və Azərbaycan başçılarının və xarici siyasət idarələri rəhbərlərinin ilk təmaslarıdır”. Belə ki, İrəvanın Avropa İttifaqına böyük ümidi hələlik ona bəslənən ümidləri heç cür doğrultmur. Bu, Paşinyanı yeni xarici siyasət qərarlarına itələyə bilər. Onun vaxtı azdır. “Lazarev klubu” ekspertlərinin vurğuladıqları kimi, “Ermənistan strateji perspektivdə bir yığın problemlə, o cümlədən daxli problemlərlə üzləşməli olacaq və heç kim bilmir ki, tezliklə hansı Ermənistanla iş görməli olacağıq”. Məhz qeyd edilənlər fonunda “regnum.ru” mövqeyini belə yekunlaşdırır ki, Paşinyan daha ciddi çətiknliklər və problemlər məngənəsində çabalayan Ermənistan görmək istəmirsə, Qarabağ münaqişəsinin həllində real addımlar atmalıdır, daha onu mürəkkəbləşdirməklə məşğul olmamalıdır. Əks təqdirdə Ermənistanın daha böyük tənəzzülü qaçılmaz sayılır.
O da bildirilir ki, Qarabağ münaqişəsinin həllinin uzanması müəyyən qüvvələr tərəfindən elə Ermənistanın öz daxilində Paşinyan üçün ciddi problem yarada bilər. Bunu Rusiya Jurnalistlər Birliyinin sədri Vladimir Solovyov da təsdiq edir və vurğulayır ki, Ermənistanda daxili qarşıdurma getdikcə kəskinləşir. Onun sözlərinə görə, Ermənistanda mövcud olan ziddiyyətlər erməni cəmiyyətinin parçalanmasına gətirib çıxaracaq: “Bu parçalanma Qarabağ üzərində nəzarətin itirilməsi ilə nəticələnəcək. Qarabağda nəzarəti itirən Ermənistan özü də yox olacaq”.
Digər rusiyalı ekspert Nikita İsayevin də fikrincə, Ermənistanda yeni elitaların formalaşması və mübarizəsi gedir, bu prosesdə isə Qarabağ amilindən geniş istfiadə olunur: “Birincisi, Ermənistan cəmiyyətində müxtəlif siyasi qruplar müəyyən səlahiyyətlərə sahib olmaq uğrunda mübarizə aparır. Mübarizənin əsas tərəfi həm də iqtiadiyyatın müxtəlif sektorlarına nəzarət uğrundadır.
İkincisi, Rusiya-Ermənistan münasibətlərinin kəskinləşməsi erməni cəmiyyətində narahatlıq yaradıb, xüsusilə Robert Köçəryana 2008-ci il 1 mart hadisələrinə görə cinayət işinin açılması bu narahatlığı artırıb. Üçüncüsü, erməni cəmiyyəti anlamağa çalışır ki, ölkənin iqtisadi və siyasi təhlükəsizliyinə hansı güc zamin olacaq: Rusiya, ABŞ, Çin, Avropa İttifaqı ölkələri - Almaniya və ya Fransa? Nikol Paşinyanın hazırda həyata keçirdiyi “qayıq diplomatiyası” belə sualların yaranmasına səbəb olur. Bu proseslər fonunda Qarabağda hərbi eskalasiyanı istisna etmirəm”.
Digər ekspert Stanislav Tarasov da vurğulayır ki, Ermənistanın tutduğu indiki mövqe Qarabağ münaqişəsinin dinc həllinə xidmət etmir. Onun sözlərinə görə, rəsmi Bakı hələ ötən il Ermənistandakı inqilabdan istifadə edərək müharibə başlada və öz torpaqlarını geri qaytara bilərdi. Rusiyalı politoloq vurğulayır ki, bunun baş verməməsinin səbəbi Azərbaycan rəhbərliyinin Paşinyanın konstruktiv addım atacağına ümid etməsi idi. Lakin indi Paşinyanın əks mövqedə olması savaşı qaçılmaz edərək Qarabağ münaqişəsini yenidən alovlandıra bilər. Tarasov qeyd edir ki, bundan uduzan tərəf Ermənistan olacaq və Paşinyan Azərbaycanın hərbi gücünü nəzərə almalıdır. Ekspert onu da xatırladır ki, Ermənistanın danışıqlar formatına yeniiliklər gətirmək cəhdi də iflasa məhkumdur və vasitəçi ölkələr də daxil olmaqla, dünya mövcud formatı dəstəkləyir. Bütün bunlardan Ermənistanın lazımi nəticələr çıxarmaması isə, yuxarıda qeyd olunduğu kimi, sonda İrəvanın öz əleyhinə işləyən faktor olacaq.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.