Bu gün qonşu İranla əlaqələrin yüksək səviyyəyə çatdırılması həm Azərbaycanın, həm də ərazilərimizin bir hissəsini işğal altında saxlayan Ermənistanın xüsusi maraq dairəsində yer alır. Amma real vəziyyətin təhlili bu sahədə İrəvanın artıq daha böyük fərqlə Bakıya uduzmaqda olduğunu üzə çıxarır.
Xatırladaq ki, ötən ayın sonlarında Ermənistanın baş naziri İrana səfər etdi və bu səfər fonunda Tehranla çoxsaylı yeni müqavilələrin imzalanması, İrandan Ermənistana sərfəli qiymətlərlə qaz satışı kimi böyük gözləntilər var idi. Amma “İravnuk” qəzeti yazır ki, əslində, Ermənistan gözlədiklərinin heç birini əldə edə bilməyib, əvəzində Qərbin daha sərt təpkisi ilə üzləşib.
Bütün bunlar fonunda isə Azərbaycan-İran əlaqələri indi daha dinamik formada inkişaf edir və Tehran özü bu prosesə xüsusi maraq göstərir. Martın 6-da İranda açılışı baş tutan Qəzvin-Rəşt dəmir yolu xəttinin işə düşməsi fonunda İran rəsmiləri bu istəklərini ən yüksək səviyyədə dilə gətiriblər. Açılış mərasimində çıxış edən İran prezidenti Həsən Ruhani Qəzvin-Rəşt dəmir yolunun hissəsi olduğu “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsinin hər iki ölkənin dövlət başçılarının daim diqqətində olduğunu vurğulayıb. Qeyd edib ki, Qəzvin-Rəşt dəmir yolu yalnız İranın və Azərbaycanın deyil, eyni zamanda, Rusiya və Şimali Avropa ölkələrinin də dəmir yolları sistemlərini birləşdirəcək. Onu da diqqətə çatdırıb ki, bu beynəlxalq dəhlizin həyata vəsiqə qazanmasında, İranla yanaşı, Azərbaycan da böyük işlər görür. Onun sözlərinə görə, İranın yaxın dostu və qonşusu olan Azərbaycanla iqtisadi əlaqələrin daha da dərinləşməsi davam etdiriləcək.
Prezident bildirib ki, Qəzvin-Rəşt dəmir yolu gələcəkdə Astara şəhərinə qədər çəkiləcək və Azərbaycanla İranın dəmir yolları birləşəcək: “Bu yol yalnız iki ölkənin deyil, eyni zamanda, Asiya ilə Avropanın dəmir yollarının birləşməsini şərtləndirəcək. Qəzvin-Rəşt dəmir yolu yaxın gələcəkdə Fars körfəzi ilə Şimali Avropa dövlətləri arasında “körpü” rolunu oynayacaq. Fars körfəzinə daxil olan yüklər Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu ilə İran və Azərbaycan ərazisindən keçməklə Avropaya, eləcə də əks istiqamətə daşınacaq. Bu isə xalqların rifah halının yüksəlməsinə, dövlətlərin isə əlavə iqtisadi dividendlər qazanmasına səbəb olacaq”.
İranın iqtisadi işlər və maliyyə naziri Fərhad Dejpəsənd də vurğulayır ki, İranın strateji xarakter daşıyan siyasi xəttində Azərbaycanla əlaqələrin inkişaf etdirilməsi xüsusi yer tutur. Nazir bildirib ki, hər iki ölkə prezidentinin çoxsaylı görüşləri təsadüfi xarakter daşımır. Prezidentlər arasındakı görüşlərin intensivliyi əlaqələrin daha da inkişaf etməsi üçün böyük zəmin yaradır: “İranla Azərbaycan arasında elm, mədəniyyət, ticarət, turizm əlaqələri ildən-ilə inkişaf edir. Bu çox sevindirici haldır. Nəqliyyat sahəsində əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olmasını isə Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolunun çəkilişi göstərir. Azərbaycan regionun iqtisadi cəhətdən inkişaf etmiş dövlətidir və bu inkişaf tranzit yüklərin daşınması üçün infrastrukturun yaradılmasına imkan verib. Astara(İran)-Astara(Azərbaycan) dəmir yolunun çəkilişində, Astaraçay üzərində dəmir yolu körpüsünün inşasında Azərbaycan tərəfi İranla birgə böyük işlər görüb. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinə daxil olan Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu tam hazir olduqdan sonra ölkələrimiz arasında iqtisadi və ticarət əlaqələrinin daha da genişlənməsinə, beynəlxalq bazarlarda da əməkdaşlığına imkan yaradacaq”. F.Dejpəsənd qeyd edib ki, İranla Azərbaycan arasında bank və maliyyə sahəsində də əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məsələsinə baxılıb, yaxın gələcəkdə bu sahədə əməli addımlar atılacaq.
İran Prezidenti Aparatının (Dəftərxanasının) rəhbəri Mahmud Vaizi də eyni mövqe sərgiləyir: “İran İslam Respublikası və Azərbaycan Respublikası dost və qardaş ölkələrdir. İki xalq arasında böyük və qarşılıqı marağın mövcudluğu münasibətlərin dərinləşdirilməsi və genişləndirilməsi üçün yaxşı təməldir”. Mahmud Vaizi vurğulayıb ki, Bakı ilə əlaqələrin inkişafında rəsmi Tehran heç bir məhdudiyyət görmür. O, ikitərəfli əlaqələrin inkişafını dəstəkləyərək ölkələr arasında münasibətlərin yeni dinamika qazanması üçün səylərin artırılmasını vacib hesab edib. Prezident Aparatının rəhbəri qeyd edib ki, iki dövlətin hökumətlərinin iradəsi ilə bütün müqavilələr yaxşı icra olunur, xalqlar və regionun maraqları naminə əməkdaşlığın daha da inkişaf etdirilməsi zəruridir.
Bütün bunlar İranın Azərbaycanla əməkdaşlığın inkiaşfına xüsusi maraq göstərdyinin real təsdiqi sayılır. Ekspertlər isə bildirir ki, Qəzvin-Rəşt dəmir yolunun fəaliyyətə başlaması təkcə “Şimal-Cənub” deyil, eyni zamanda, “Cənub-Qərb” nəqliyyat dəhlizinin inkişafı istiqamətində atılmış çox mühüm addımdır. Bütün bunlar daşınan yüklərin həcminin artırılmasını təmin etməklə Azərbaycan və İranın nəqliyyat-tranzit, ticarət-iqtisadi potensialının gücləndirilməsinə böyük töhfə verəcək. Aydındır ki, belə vəziyyətdə də Ermənistan İran üçün daha çox arxa plana keçəcək.
Nahid SALAYEV