Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 7-də Şamaxıda zəlzələdən zərər çəkmiş ailələr üçün tikilən yeni evlərlə tanış olublar.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əvvəlcə Şamaxı şəhərinin Salman Mümtaz küçəsində Rasim Həsənovun yeni tikilmiş evində yaradılan şəraitlə tanış olub, çay süfrəsi arxasında ailə üzvləri ilə söhbət ediblər.
Sonra dövlət başçısı və birinci xanım şəhərin Teymur Əliyarbəyov küçəsində Elmira Həsənovanın və Səttar Bəhlulzadə küçəsində Vüqar Teyfurovun ailələri üçün tikilən yeni evlərdə yaradılan şəraitlə tanış olub, ev sahibləri ilə söhbət ediblər.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 7-də Şamaxı rayonunda zəlzələdən zərər çəkmiş ailələr üçün şəhərin 20 Yanvar küçəsində dördmərtəbəli 44 mənzilli yeni yaşayış binasının təməlqoyma mərasimində, Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən “Məktəbəqədər təhsil proqramı” çərçivəsində Şamaxının Şəhriyar qəsəbəsində yeni inşa olunmuş 4 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər.
Yerli sakinlərin Prezidentlə çox səmimi və açıq söhbətləri olub. Məsələn, ev sahibi Həcər Zamanova ilə söhbət…
Həcər Zamanova: Sənə qurban olaram, başına dönərəm, xoş gəlmisən.
Prezident İlham Əliyev: Xoş gördük. Necəsiniz?
Həcər Zamanova: Sağ ol, qurban olum. Allahdan sənə cansağlığı arzulayıram.
Prezident İlham Əliyev: Çox sağ olun. İşlər necə gedir?
Həcər Zamanova: Hər şey yaxşıdır. Mən sənin yolunu gözləyirdim. Şükür Allaha ki, bu mənə qismət oldu.
Prezident İlham Əliyev: Əlbəttə, mən mütləq gəlməli idim. Gəlmişəm ki, görüm işlər necə gedir.
Həcər Zamanova: Sənə qurban olaram. Çox şükür. Televizorda görəndə deyirdim, ay Allah, kaş Prezidentlə görüşə biləydim.
Həcər Zamanova: Ağsuda hamı bilir, seyid qızıyam, Quran oxuyanam, namaz qılanam. And olsun o bir Allaha, Sənin rəhmətlik atan dünyadan köçəndən həmişə mən ona dua oxuyur, salavat çevirirəm. Deyirəm, ay Allah, o gəlməsəydi, Azərbaycanda bir dənə də olsun cavan qalmazdı. Gəldi müharibəni dayandırdı. Allah-təala qəni-qəni rəhmət etsin. Allah Səni, oğlunu saxlasın.
Prezidentin insanlarla söhbətlərində bütün məmurlara örnək ola biləcək saysız nümunələrdən tək birini xatırlayaq.
Prezident İlham Əliyev: Mən bu gün gəlmişəm ki, işlərə özüm nəzarət edim, müvafiq göstərişlər verim və sizinlə görüşüm. Burada mənə verilən məktubların hər birinə baxılacaq. Narahat olmayın, zəlzələdən uçan bütün evlər yenidən tikiləcək. Mən gəlmişəm ki, problemləri həll edim. Mənim işim sizə xidmət etməkdir. Mən öz vəzifəmi bunda görürəm. Prezident kimi həmişə çalışmışam ki, Azərbaycan xalqına ləyaqətlə xidmət edim. Vətəndaşları narahat edən problemlərin həlli üçün bütün lazımi addımlar atılacaq.