Aydın Mirzəzadə: “Hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Ermənistanın valyuta ehtiyatı azalmalı idi, çünki…”
“Ermənistan Mərkəzi Bankının valyuta eytiyatları günbəgün sürətlə azalır. Vəziyyət bu cür davam edərsə, ölkənin xarici kreditorlardan asılılığı daha çox artacaq ki, bu da dövlət borcunu pik həddə çatdıracaq”. Bu məlumatı Ermənistanın nüfuzlu “168 saat” qəzeti yazıb. Qəzet yazır ki, cəmi son bir ay ərzində valyuta ehtiyatları 255 milyon dollar, yəni 11%-dən çox azalıb: “Ermənistan Mərkəzi Bankının xaricdəki valyuta ehtiyatları 2018-ci ilin dekabrındakı 2 milyard 249 milyon dollarla müqayisədə bu ilin yanvarında 1 milyard 994 milyon dollar təşkil edib”.
Qeyd olunub ki, Nikol Paşinyanın başçılıq etdiyi Ermənistan hökuməti 255 milyon dolları milli valyuta olan dramın kursunun sabit saxlanmasına sərf etdiklərini deyir. Lakin hətta Paşinyanın korrupsioner adlandırdığı əvvəlki hökumətlərin vaxtında belə, cəmi 1 ay ərzində Ermənistanın valyuta ehtiyatında bu qədər azalma müşahidə edilməyib.
N.Paşinyan Ermənistana hakimiyyətə gəldikdən sonra həmin ölkənin milli valyutası 11 faiz azalıb.
Ermənistan valyuta ehtiyatının 11 faiz azalması barədə fikir bildirən millət vəkili Aydın Mirzəzadə “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Ermənistanın valyuta ehtiyatı azalmalı idi: “Çünki Ermənistan iki güclü ölkə ilə qonşudur. Ermənistan özündən qat-qat güclü dövlətlər olan Azərbaycan və Türkiyə ilə düşmən münasibətindədir. Məlumdur ki, Ermənistanın dənizə çıxışı yoxdur. Bu səbəbdən də həmin ölkəyə investisiya yatırmaq istəyən, demək olar ki, yox səviyyəsindədir. Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxlaması onun özü üçün hərbi büdcə saxlamasına vadar edir. Təbii ki, belə olan halda, Ermənistanın valyuta ehtiyatı azalmalıdır. Həmin ölkənin var olan azacıq valyuta ehtiyatı əsasən xaricdə yaşayan ermənilərin pul köçürmələri hesabına formalaşır”.
Millət vəkili onu da vurğuladı ki, Ermənistan Azərbaycanla düşmənçilik münasibətinə son qoymadığı üçün, həmin ölkənin ilk növbədə iqtisadi vəziyyəti daha da pisləşəcək.
Günel CƏLİLOVA