Elşən Manafov: “Bu baxımdan, Ermənistanda vəziyyət müəyyən mənada kövrəkdir”
Məlum olduğu kimi, Ermənistan baş naziri Nikol Paaşinyan Brüsselə səfər edərək bir sıra görüşlər keçirib. Ancaq görünən odur ki, onun bütün səylərinə rəğmən, Avropa qurumlarından yetərli miqdarda maliyyə vəsaiti ala bilməyib. Yəni Paşinyanın iqtisadiyyatın sıçrayışlı və inqilabi inkişafı barədə verdiyi bəyanata baxmayaraq, beynəlxalq maliyyə təşkilatları yaxın illərdə Ermənistanda heç bir iqtisadi möcüzə vəd eləmirlər.
Artıq erməni mətbuatı da etiraf edir ki, Avropa İttifaqı Ermənistana maliyyə yardımı göstərməyə o qədər də həvəsli deyil. Baş nazirin müavini Mqer Qriqoryan ölkə mətbuatına açıqlamasında səfərin yüksək səviyyədə keçdiyini təqdim etməyə çalışsa da, bəzi məsələlərin hələ açıq qaldığı məlum olub. Belə ki, N.Paşinyanla birgə mətbuat konfransında Avropa Komissiyasının sədri Jan-Klod Yunker bildirib ki, Avropa İttifaqının mesajı dəyişməyib. Ermənistan daha çox islahat apararsa, o zaman daha çox maliyyə və siyasi dəstək alacaq: “Biz 2017-2020-ci illər üçün 176 milyon avro nəzərdə tutmuşuq. Ancaq korrupsiyaya qarşı mübarizə və məhkəmə sahəsində çox işlər görülməlidir”.
Avropa liderləri ilə Ermənistan-Avropa İttifaqı çərçivə sazişinin ratifikasiyasına məcburetmə ilə bağlı müzakirələrə gəldikdə isə, Qriqoryana görə, sazişin müddəalarının əksəriyyəti ratifikasiya olunmadan qüvvəyə minib.
Görünən odur ki, Avropa İttifaqı yalnız bəzi şərtlərin yerinə yetirildiyi təqdirdə Ermənistana müəyyən qədər maliyyə yardımı edə bilər. Həmin şərtlərin Paşinyan hökuməti tərəfindən nə dərədəcə yerinə yetiriləcəyi isə qeyri-müəyyən görünür. Belə olan halda, bəlli olur ki, Avropa qurumları Ermənistana maliyyə yardımı göstərməkdə həvəsli görünmürlər.
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Elşən Manafov Avropa institutlarının Ermənistana maliyyə yardımı göstərməkdə maraqlı olmamasını bir sıra amillərlə əlaqələndirdi: “Bunun bir səbəbi bölgədəki geosiyasi amillərlə və daha çox Ermənistana Rusiyanın kifayət qədər təsir imkanlarının olması ilə bağlıdır. Çünki hələ ki, Ermənistan hakimiyyəti ölkəni Rusiyanın təsirindən çıxarmağa nail olmayıb. Etiraf etmək lazımdır ki, yaxın perspektivdə buna nail olmayacaq. Düşünürəm ki, həm də buna görə Avropa institutları Ermənistana məliyyə dəstəyi göstərməyə tələsmirlər. Digər tərəfdən, kredit verəndə həmin ölkənin hansı öhdəlikləri öz üzərinə götürəcəyi nəzərə alınır. Ermənistan yalnız ağır şərtlər müqabilində belə yükün altına girə bilər. Məlum məsələdir ki, Qərbin maliyyə institutları kreditləri sadəcə olaraq Paşinyan iqtidarına dəstək olmaqdan ötrü vermirlər. Həmin institutların bu və ya digər şəkildə Ermənistanda maraqları var. Onlar verdikləri kreditlərdən ciddi şəkildə mənfəət götürmək istəyirlər. Ən əsas amil ondan ibarətdir ki, xarici kapital qoyularkən həmin ölkədə sabitlik nəzərə alınır. Bu baxımdan, Ermənistanda vəziyyət müəyyən mənada kövrəkdir. Çünki Paşinyan iqtidarı ilə ona müxalif olan qüvvələr arasında münasibətlərə tam mənada aydınlıq gətirilməyib. Rusiya ilə Ermənistan arasında geosiyasi mübarizə qabaqdadır. Avropa qurumları da bütün bunların fərqindədirlər. Belə bir vəziyyətdə Paşinyanın nə dərəcədə ciddi islahatlara gedəcəyi sual altındadır. Ona görə də Avropa qurumları Ermənistana maliyyə yardımı göstərməkdə maraqlı deyillər”.
Vidadi ORDAHALLI