“Mən bunu daha çox sifarişə oxşadıram” “Bunda xaricdən və daxildən maraqlı qüvvələr ola bilər”
Martın 6-da Qarabağ Komitəsinin iclası keçirilib. İclasda Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının komitənin idarə heyəti üzvlüyünə xitam verilib. Eyni zamanda, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı QK-ya üzv olub. Deputat Fərəc Quliyevin rəhbəri olduğu Milli Dirçəliş Hərəkatı Partiyasının Qarabağ Departamentinin sədri, partiya sədrinin müavini Şakir Ağayev iclasda iştirak edərək, növbəti toplantıda komitəyə üzv olacağını bəyan edib.
Barəsində çıxarılan qərarla bağlı Akif Nağının fikirlərini öyrəndik. O, qəzetimizə açıqlamasında bildirdi ki, belə bir qərarın qəbul ediləcəyini gözləmirmiş: “Doğrusu, bunun səbəbini mənim özüm də anlamıram. Belə bir qərarın qəbul edilməsi heç də bizim şıltaqlığımızdan irəli gəlməyib. Tələm-tələsik qərar qəbul edib, Akif Nağının fəaliyyətinə xitam verməklə nə qazanacaqlar? Qeyri-səmimi bir yanaşma sərgilədilər. Qaydaları pozaraq barəmdə belə qərar qəbul etdilər. Qarabağ Komitəsinin əsasnaməsində idarə heyətindən və komitədən çıxarılma ilə bağlı heç bir maddə, müddəa yoxdur. Bizim qəbul etdiyimiz əsasnamədə komitənin tərkibindən çıxarılma ilə bağlı bənddə belə deyilir ki, komitəyə üzv qəbul oluna və oradan çıxarıla bilər. Yəni orada ”kimsə iclasda iştirak etməsə, çıxarılacaq" kimi söhbət yoxdur. Ən azından, şifahi xəbərdarlıq olunmalı idi ki, 3 iclasda iştirak etməsən, çıxarılacaqsan. Buna əməl etmədilər. Mən indiyə qədər üç iclasda iştirak etməmişəm. Bu üçüncü idi. İclasın əvvəlində bu məsələni gündəmə çıxarıb belə qərar qəbul ediblər. Bəlkə iclasın ortasına və ya axırına gəlib çatacaqdım”.
Akif Nağı hesab edir ki, görünür, hansısa qüvvələrə onun həmin komitədə təmsil olunması sərf etməyib: “Qarabağla bağlı məsələlərdə biz şəxsi ambisiyamızı kənara qoymalıyıq. Maksimum çalışmalıyıq ki, ortada irəliləyiş olsun. Atılan addımın mahiyyəti o oldu ki, Akif Nağı uzaqlaşdırılsın. Bunun fonunda da başqalarını çağırıb ora üzv edirlər. Görünür, mən orada hansısa proseslərə mane olurmuşam. Burada qısqanclığın və ya kənardan sifarişin olub-olmadığını aydınlaşdırmağa çalışıram”.
“Ola bilərmi ki, sizin uzaqlaşdırılmağınız Qarabağla bağlı sərt mövqeyinizlə əlaqəli olsun” sualına Akif Nağı belə cavab verdi: “Bunu istisna etmirəm. Bəlkə də kimlərinsə qərəzli mövqeyinin nəticəsidir. Ancaq mən bunu daha çox sifarişə oxşadıram. Kənardan verilən sifarişə. Bunda xaricdən və daxildən maraqlı qüvvələr ola bilər. Hər halda, mən sifariş əhval-ruhiyyəsini hiss edirəm”.
“Axı sizin qurumdan uzaqlaşmanız səsvermə nəticəsində olub, belə çıxır ki, sizinlə bağlı ictimai fikri qurumun daxilində formalaşdırıblar” sualına Akif Nağı belə cavab verdi: “Burada ictimai rəydən söhbət gedə bilməz. Orada üzvlərin çoxu partiya üzvləridir. Onlar daha çox partiyanın verdiyi qərarlara tabe olurlar. Bundan sonra da biz fəaliyyətimizi QAT çərçivəsində davam etdirəcəyik. Hətta bir qədər də gücləndirəcəyik. Komitə doğru mövqe tutarsa, orada da fəaliyyətimizi davam etdirmək barədə düşünərik. Tədbirin hansı partiyanın qərargahında keçirilib-keçirilməməsi kimi xırda ambisiyalar kənara qoyularsa, ortada bir iş alına bilər, yoxsa, heç bir nəticədən söhbət gedə bilməz”.
Məhəmmədəli QƏRİBLİ