Vüqar Rəhimzadə: “Örl Litsenbergerin ölkəmiz haqqında işlətdiyi xoş ifadələr dəyərlidir”
Məlumdur ki, ABŞ-ın Azərbaycana yeni səfiri təyin olunub. Yeni səfir Örl Litsenberger Azərbaycan haqqında müsbət fikirlərini özünün “Tvitter” hesabından paylaşıb. O qeyd edib ki, ABŞ-ın Azərbaycandakı səfiri olmaq onun üçün böyük şərəfdir.
Səfir bildirib ki, diplomat kimi xidmət göstərdiyi 34 il ərzində Əfqanıstan, Əlcəzair, Belçika, Bolqarıstan, Fransa, Gürcüstan, Qazaxıstan, Qırğızıstan və Serbiyada çalışıb. İndi isə Azərbaycana gəlməyindən çox məmnundur: “ABŞ və Azərbaycan arasında sıx əməkdaşlıq mövcuddur. Ölkələrimiz 25 ildən çoxdur təhlükəsizlik, energetika, iqtisadi artım və demokratik inkişaf kimi mühüm sahələrdə əməkdaşlıq edir. ABŞ-ın Azərbaycandakı səfiri kimi ikitərəfli əməkdaşlığımızın bütün aspektlərini gücləndirməyə davam etmək naminə çalışacağam”.
ABŞ-ın yeni səfirinin məlum fikri Azərbaycan-ABŞ əlaqələrinin inkişafının hansı yeni perspektivlərindən xəbər verə bilər?
“İki sahil” qəzetinin baş redaktoru, politoloq Vüqar Rəhimzadə “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, ABŞ-ın Azərbaycana yeni təyin olunan səfiri Örl Litsenbergerin ölkəmiz haqqında işlətdiyi xoş ifadələr dəyərlidir: “Səfir xoşniyyətli olmalıdır. O hər hansı bir məsələyə birtərəfli qaydada yanaşmamalıdır. Eyni zamanda, qarşılıqlı münasibətlərin formalaşması və inkişaf etməsində maraqlı olmalıdır. Bu səbəbdən də hesab edirəm ki, yeni səfirin Azərbaycan haqqında xoş fikirdə olması sevindiricidir”.
Həmsöhbətimizin sözlərinə görə, terrorizmə qarşı mübarizədə Azərbaycan bir sıra ölkələrlə, eyni zamanda, ABŞ-la də həmfikirdir. Məlumdur ki, Azərbaycan Amerika ilə iqtisadi və bir sıra məsələlərlə bağlı əməkdaşlıq edir. İqtisadi əməkdaşlıqla yanaşı, siyasi əlaqələrin olması da vacib məsələlərdən biridir: “Hesab edirəm ki, qarşılıqlı əlaqələrin inkişafı fonunda, səfirin məlum açıqlaması ölkələrarası münasibətlərdə bir çağırışdır. Bu çağırış hər iki ölkə arasındakı münasibətlərin inkişaf etməsinə səbəb olacaq”.
Günel CƏLİLOVA