Qabil Hüseynli: “Azərbaycan onun çaldığı hava ilə oynamayacaq”
Ermənistanın baş naziri Nikol Paşinyan Avropaya səfəri çərçivəsində yenidən siyasi avantüraya əl atıb. Baş nazir bildirib ki, İlham Əliyevlə nəzərdə tutulan növbəti görüşdə əsas müzakirə məsələsi danışıqların formatının dəyişməsi olacaq.
Paşinyan bu xüsusda qeyd edib ki, söhbət separatçı qurumun tərəf kimi danışıqlar prosesində iştirakından gedir. O, bənzər bəyanatı artıq neçənci dəfədir verir. Hər dəfə də Azərbaycan tərəfi və həmsədr ölkələr bunun, ümumiyyətlə, müzakirə mövzusu ola bilməyəcəyini qeyd edsələr də, Paşinyan inadından əl çəkmir. Paşinyan Avropa səfərindən öncə də belə bir bəyanat vermişdi. Yəqin ki, həmin bəyanatı ilə Avropa qurumlarında format məsələsinin müzakirəsi üçün ilkin zəmin hazırlmaq istəyirmiş. Amma Paşinyan Avropa Birliyindən istədiyini ala bilməyib. Daha doğrusu, Avropa komissarları onun ağzından vuraraq, istəyini ürəyində qoyublar.
O, Brüsseldə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini və Avropa qonşuluq siyasəti və genişlənmə məsələləri üzrə komissarı Yohannes Hanla görüşüb. Görüşün yekunlarına dair Nikol Paşinyan və Yohannes Han birgə mətbuat konfransı keçiriblər. Mətbuat konfransı zamanı Paşinyan Qarabağ münaqişəsinin nizamlanmasına dair Azərbaycan Prezidenti İlham Əliyevlə baş tutacaq görüş barədə sualı da cavablandırıb. "Bizim görüşümüz, həmçinin, danışıqlar formatına da həsr olunacaq. Biz hesab edirik ki, münaqişənin nizamlanması üçün ilk effektiv format yaratmaq, Dağlıq Qarabağın iştirakını təmin etmək lazımdır" - deyə Paşinyan bildirib.
Yohannes Han isə, öz növbəsində, Paşinyanla razılaşmayaraq, xüsusilə vurğulayıb ki, tərəflər Qarabağ münaqişəsinin nizamlanması üzrə mövcud danışıqlar formatını saxlamalıdırlar: "Söhbət bizim dəstəyimizdən gedirsə, mən hesab edirəm ki, hazırkı danışıqlar formatını saxlamaq lazımdır. Yalnız yenilik üçün nəsə yeni bir şey yaratmağa çalışmaq lazım deyil. Ümumi planda söhbət tərəflər arasında inam əldə olunmasından gedir".
Qeyd edək ki, bu məsələyə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edən zaman bir daha toxunub.
Prezident İlham Əliyev Avropa İttifaqı Komissiyasının rəhbərliyi və bir sıra komissarlarının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq əsasında həll edilməsi, mövcud status-kvonun qeyri-dayanıqlı olması, danışıqların mövcud format əsasında davam etdirilməsi və danışıqlara qeyd-şərt qoyulmasının qəbuledilməzliyi barədə ictimai açıqlamalarının məmnunluq doğurduğunu və Azərbaycanın bunu dəstəklədiyini bildirib.
Göründüyü kimi, Paşinyanın formatın dəyişməsi ilə bağlı nümayiş etdirdiyi israrlı mövqeyi heç kim tərəfindən qəbul olunmur. Belə olan təqdirdə, o, daim bu məsələnin üzərinə gəlməklə nəyə nail olmaq istəyir?
Politoloq Qabil Hüseynli hesab edir ki, Ermənistanın və konkret olaraq Paşinyanın belə ziddiyyətli bəyanatlar səsləndirməsinin bir məqsədi var, o da sülh danışıqlarını pozmaqdır: “Aydın şəkildə görünür ki, o, sülh danışıqlarına getmək istəmir, ancaq hansısa dialoqdan danışır. O, hansı dialoqdan söhbət aça bilər? Əksinə, indi Azərbaycanın irəli sürdüyü tezis Ermənistanı sülhə məcbur etmək tezisidir, onun içərisində dialoq da, hər şey də var. Bu gün danışıqlar prosesini pozan, danışıqlara qeyri-konstruktiv yanaşan Ermənistandır, ona görə də Azərbaycan beynəlxalq təşkilatlardan tələb edir ki, Ermənistanı sülh danışıqlarına məcbur etsinlər, çünki ortada BMT-nin 4 qətnaməsi, digər beynəlxalq sənədlər, böyük ölkələrin, qurumların çağırışları var. Ermənistan bunların heç birinə məhəl qoymur, məhəl qoymayan, danışıqlara getmək istəməyən hansı məntiqlə Azərbaycanı dialoqa məcbur etdirmək istəyir? Sən özün sülh danışıqlarına getmirsən, sülh danışıqları da dialoq deməkdir, əksinə, ermənilərə təzyiq göstərib, onları sülh danışıqlarına məcbur etmək lazımdır”.
Politoloq hesab edir ki, Ermənistanın son zamanlar tutduğu siyasi xətt sırf qarşıdurmanın qızışdırılmasına yönəlib: “Onlar sülh üçün heç bir mühit yaratmırlar. Qeyd edirlər ki, “sülh əvəzinə, torpaq verəsi deyilik”. Bəri başdan hər şeyin içərisinə zəhər qatırlar. Format dəyişikliyi bilirlər ki, mümkün deyil. Bu fikri qəsdən səsləndirib, aranı qatıb, danışıqlar prosesini maksimum dərəcədə pozmaq istəyirlər. Belə olanda Azərbaycan onun çaldığı hava ilə oynamayacaq. Təbii ki, Azərbaycan öz siyasi xəttini yürüdəcək. Əgər söhbət sülh üçün xalqı hazırlamaqdan gedirsə, sən öz danışığına, oturuşuna, duruşuna fikir ver, üstəlik, başqalarını qınayırsan. Bu gün onun danışmağa haqqı yoxdur, öz xalqı üçün danışa bilər, amma Azərbaycan xalqı üçün danışmağa mənəvi haqqı yoxdur. Azərbaycan xalqı onun danışdıqlarını saya salmır. Azərbaycanı dialoq qurmağa heç kim məcbur edə bilməz. Çünki qarşı tərəf dialoq istəmir. Qarşı tərəfin müdafiə naziri yeni hücum əmrindən danışır, müdafiə taktikasından imtina edir, hərbə səylə hazırlaşdıqlarını deyir, bunun özü “torpaq əvəzinə, sülh olmayacaq” deməkdir, sülh tezisinin əleyhinə çıxır. Azərbaycana buna bənzər digər mənasız fikirləri ilə gözdağı verməyə çalışır. Azərbaycan da müəyyən qədər danışıqlarda cəhd göstərəcək və bu cəhdlər Paşinyanın kütbeyin ifadələri ilə qarşılaşdıqda məcbur olacaq ki, sülh danışıqlarından imtina etsin və müharibəyə hazırlaşsın, hərb variantını seçəcək. Ermənilər qulağını açıb, bunu birdəfəlik başa düşməlidirlər. Əgər istəyirlər ki, illər boyu bu qarşıdurmalar davam etsin, davam edəcək və paylarını da alacaqlar”.
Məhəmmədəli QƏRİBLİ