Arzu Nağıyev: “Xarici işlər nazirlərinin görüşlərində tam başqa bir fikir söylənir, sülhün bərqərar olması istiqamətində danışılır, lakin Paşinyan daxili auditoriya üçün öz çıxışlarını tamamilə başqa bir şəkildə yönəldir”
Məlum olduğu kimi, Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə dövlət başçısı qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri əsasında, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir və danışıqların formatı dəyişdirilə bilməz. Azərbaycanın münaqişənin tezliklə ədalətli həllində ən maraqlı tərəf olduğunu deyən Prezident İlham Əliyev işğal olunmuş ərazilərin azad edilməsinin danışıqlar prosesinin həmişə vacib komponenti olduğunu nəzərə çatdırıb. O, Ermənistan tərəfindən verilən ziddiyyətli rəsmi açıqlamaların qəbuledilməz olduğunu və danışıqlar prosesinə əngəl yaratdığını qeyd edərək, beynəlxalq ictimaiyyətin bunu ciddi şəkildə nəzərə almasının və Ermənistana ünvanlı bəyanatların çatdırılmasının vacibliyini vurğulayıb.
Prezident İlham Əliyev Ermənistan tərəfin ziddiyyətli rəsmi açıqlamalar verdiyini qeyd etməklə konkret olaraq nəyi nəzərdə tutur?
Politoloq Arzu Nağıyev mözvunu “Bakı-Xəbər”ə şərh edərkən bildirdi ki, burada ziddiyyətli məqam Paşinyanın açıqlamaları ilə bağldır. “Ziddiyyətli məqamlardan biri budur ki, Paşinyan Dağlıq Qarabağ separatçılarını üçüncü tərəf kimi danışıqlar prosesinə cəlb etməyə çalışır. Buna baxmayaraq, ATƏT-in Minsk Qrupunun həmsədrləri bu məsələdə cavabdehdirlərsə, eyni zamanda, BMT-nin patronajlığı altında bu məsələnin həlli onlara həvalə olunubsa, danışıqlar masasında da məhz bu tərəflər əyləşməlidir. Məlum məsələdir ki, Azərbaycan bunu həm diplomatik yolla, həm də hüquqi müstəvidə həll etməyə çalışır. Burada Azərbaycanın öz ərazilərində antiterror əməliyyatları keçirməklə bağlı hərbi həll variantı da var, Ermənistan isə bu variantı Azərbaycanın müharibə elan etmək istəyində olması kimi qələmə verir. Paşinyanın Brüsseldə verdiyi son açıqlama da buna bənzər bir açıqlama idi. Eyni zamanda, bir-birinin mövqeyini aydınlaşdırmaq üçün xarici işlər nazirlərinin görüşlərində tam başqa bir fikir söylənir, sülhün bərqərar olması istiqamətində danışılır, lakin Paşinyan daxili auditoriya üçün öz çıxışlarını tamamilə başqa bir şəkildə yönəldir. O həm İranda, həm Brüsseldə, həm də öz seçiciləri ilə görüşdə separatçı bəyanatlar verdi” - deyə bildirən A.Nağıyevin sözlərinə görə, Ermənistanda iqtisadi vəziyyət çox gərgindir. Aprel ayında Paşinyanın hakimiyyətə gəlməsinin 1 ilinin tamam olacağını xatırladan A.Nağıyev qeyd etdi ki, o tam şəkildə bir hesabat verməlidir. “Ona görə də daxili siyasətlə oynayaraq, gah Ermənistanın xüsusi xidmət orqanının rəhbərini Qarabağa göndərərək onu bir bəyanatla çıxış etdirir, gah da digər istiqamətdə ziddiyyətli açıqlamalar verir. Düşünürəm ki, ən ziddiyyətli bəyanat məhz budur” - deyə A.Nağıyev vurğuladı.
İradə SARIYEVA