Nəzakət Məmmədova: “Bu qətnamənin ən mühüm və vacib cəhəti bütün münaqişə tərəflərini itkin düşmüş şəxslərlə bağlı hesabat verməyə cağırmasıdır ”
Məlumdur ki, BMT Baş Assambleyasının (BA) plenar iclasında Azərbaycan Respublikası tərəfindən irəli sürülmüş “İtkin düşmüş şəxslər” adlı qətnamə konsensusla qəbul edilib. 62 ölkənin həmmüəllif kimi qoşuluğu və Azərbaycan tərəfindən iki ildən bir irəli sürülən qətnamənin əsas məqsədi dünyada silahlı münaqişələr şəraitində itkin düşmüş şəxslərin probleminə diqqətin daha da artırılmasından ibarətdir.
Sənədə BMT baş katibinin BA-nın 75-ci sessiyasına (2020) və BMT-nin İnsan Hüquqları Şurasının müvafiq sessiyasına onun icrasına dair praktiki tövsiyələrin də yer aldığı müfəssəl hesabat təqdim etməsi çağırışı yer alıb.
BMT Baş Assambleyasının plenar iclasında Azərbaycan Respublikası tərəfindən irəli sürülmüş “İtkin düşmüş şəxslər” adlı qətnamənin konsensusla qəbul edilməsinin böyük əhəmiyyət daşıdığını deyən Respublika “Xatirə kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu qətnamə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində itkin düşmüş Azərbaycan vətəndaşlarının naməlum qalan taleyinin yenidən gündəmə gətirilməsinə böyük bir töhfə vermiş olacaq: “BMT səviyyəsində belə bir qətnamənin məhz Azərbaycan Respublikası tərəfindən irəli sürülərək qəbul edilməsi çox önəmli bir məsələ, böyük bir nailiyyətdir. Azərbaycan Respublikası tərəfindən iki il ardıcıl aparılan gərgin fəaliyyət nəticəsində nəhayət ki, qəbul olunmasına nail olunan bu qətnamə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində itkin düşmüş Azərbaycan vətəndaşlarının naməlum qalan taleyinin yenidən gündəmə gətirilməsinə böyük bir töhfə vermiş olacaq. Faktiki olaraq Ermənistanın cinayətkar hakimiyyətinin terrorcu-quldur fəaliyyəti səbəbindən törədilən insanlığa sığmayan hərbi cinayətlər nəticəsində hazırda 3888 nəfər Azərbaycan Respublikası vətəndaşının taleyi naməlum olaraq qalmaqdadır və Ermənistan hər vəchlə bu məsuliyyətdən yayınmaga çalışır. Məhz bu baxımdan bu qətnamənin qəbulu cox önəmli bir faktdır”.
N.Məmmədova, həmçinin, vurğuladı ki, Azərbaycan Respublikası yenə öz humanist prinsiplərinə sadiq qalaraq, belə bir qətnamə layihəsinin hazırlanması və dünyadakı bütün münaqişə ocaqlarında itkin düşmüş şəxslərlə bağlı belə bir qətnamənin 62 həmmüəllif ölkə ilə birgə BMT səviyyəsində qəbul olunmasına nail olub. “Bu qətnamənin ən mühüm və vacib cəhəti bütün münaqişə tərəflərini itkin düşmüş şəxslərlə bağlı hesabat verməyə cağırmasıdır” - deyə N.Məmmədova bildirdi.
İradə SARIYEVA