Ermənistanda Nikol Paşinyanın hakimiyyəti ələ keçirməsindən sonra Moskva-İrəvan münasibətlərində vəziyyətin əhəmiyyətli dərəcədə pisləşməsi heç kimə sirr deyil. Müəyyən gözləntilər var idi ki, bu ölkədə parlament seçkilərindən sonra İrəvan Moskva ilə əlaqələrini əvvəlki səviyyəyə çatdırmağa cəhd edəcək.
Amma son olaylar tərəflərin münasibətlərində daha gərgin bir atmosferin yarandığıın göstərir. Bunun real təsdiqlərindən biri, işğalçı ölkədə növbədənkənar parlament seçkilərindən xeyli vaxt keçməsinə baxmayaraq, Rusiya prezidenti Vladimir Putindən hələ də Paşinyana təbrik gəlməməsidir. Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin bildirib ki, belə təbrik dövlətlərarası protokolda nəzərdə tutulmayıb:
“Dövlətlərarası protokol var və orada belə təbriklər nəzərdə tutulmayıb. Təbriklər ancaq təyinatın özü baş tutandan sonra göndərilir. Biz hakimiyyət strukturlarının formalaşdırılması qrafikini izləyirik, ona görə də bununla bağlı suallar meydana çıxmır”. Amma erməni mediası yazır ki, Ermənistan parlament üsul-idarəçiliyinə keçdiyi üçün Nikol Paşinyan baş nazir statusunda ölkə rəhbəridir və deməli, başqa ölkələrin başçıları diplomatik protokola görə onun seçkilərdə qələbəsini təbrik edə bilərdi. Rusiya prezidentinə gəldiksə isə, Putinin parlament üsul-idarəçiliyinin hökm sürdüyü başqa ölkələrdə baş nazirləri partiyasının seçkilərdə qələbəsi münasibətilə təbrik etdiyinə dair çoxlu rəsmi xəbərlərə rast gəlmək olar. Məsələn, Putin Yunanıstanın baş naziri Aleksis Tsiprası partiyasının parlament seçkilərində qələbəsi münasibətilə təbrik edib. Rusiya prezidenti İsrailin və Yaponiyanın baş nazirlərinə də analoji təbriklər göndərib. Paşinyana belə təbrikin göndərilməməsi isə tamamilə başqa bir vəziyyətin yarandığını göstərir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun açıqlamaları da Moskva-İrəvan münasibətlərinin xoş olmayan məcrada inkişafından xəbər verir. O, “Komsomolskaya pravda”ya müsahibəsində jurnalistin “Niyə Ermənistanda ABŞ QHT-ləri bu qədər çox, Rusiyaya məxsus olanlar isə azdır” sualına belə cavab verib: “Rusiya bu sayla bağlı suala cavab verə bilməz. Biz marionet təşkilatlar qura bilmərik, çünki hər şeyi öz adı ilə çağırsaq, bu gün çoxlu provokasion çağırışlar var. Mən o fikirlə razıyam ki, biz bütün siyasi güclərlə mütləq işləməliyik, ancaq bunu etmədiyimizi demək düz deyil. Biz hər kəslə nəinki Zaqafqaziyada, bütün postsovet məkanında işləyirik. Bütün müxalif tərəflərlə çalışırıq. Sistemdənkənar, gizli siyasi iş aparan adamlarla işləmirik. Düşünürəm ki, doğru olan da budur. Parlamentin fərqli strukturları ilə çalışırıq. Serj Sarkisyan hakimiyyəti vaxtı belə əlaqələri Paşinyanın partiyasının parlamentdəki 9 deputatı ilə də saxlayırdıq. O ayrı məsələdir ki, görünür, biz itirdik, doğrudur, görünür biz inqilablara qarşı immunitet qazanmışıq, ona görə ki, Qərb postsovet məkanında inqilablar hazırlayır. Bəlkə də bu bizim bədbəxtliyimizdir”. Nazir bildirib ki, Rusiya Ermənistanda ABŞ kimi özünə bağlı QHT-lər yaratmağı, yaxud səfirliyinin ştatını artırmağı düşünmür: “Amerikalıların öz iş meyarları var. Bizim isə öz adətlərimiz, maliyyə çərçivələrimiz var. Keçmiş Sovet İttifaqı məkanında fəaliyyət göstərən bütün bu QHT-lər şəbəkəsi xeyli məsrəf deməkdir. Onların böyük əksəriyyətinin donoru USAİD, yaxud Respublikaçılar Partiyasının nəzarət etdiyi müxtəlif beynəlxalq qurumlardır. Həmçinin Corc Soros da, əlbəttə, böyük fəaliyyət göstərir”. O, Ermənistanda ABŞ diplomatlarının rusiyalı həmkarlarından sayca çox olduğunu da etiraf edib: “Biz eyni say çoxluğu ilə cavab verə, yaxud bu qədər oyuncaq təşkilatlar yarada bilmirik”.
Sergey Lavrovun Rusiya və Amerika qeyri-hökumət təşkilatlarının Ermənistandakı kəmiyyət nisbəti və Rusiyanın Ermənistanda itirməsi haqda açıqlamasını şərh edən rusiyalı politoloq Sergey Markov etiraf edir ki, hazırda qarşıdurma mövcuddur və bu qarşıdurmada bəzən itirir, bəzən qazanırıq: ”Müəyyən xarici qüvvələr Rusiyaya qarşı hibrid müharibə elan edib. Bu müharibə prosesi Ukraynada nasist rejimini hakimiyyətə gətirib. Bunun növbəti addımı Ermənistanda dövlət çevrilişi idi. Bu çevriliş qanunsuz güc vasitələrinin köməyilə həyata keçirildi. Paşinyan rejimi öz addımlarını ABŞ-ın göstərişi ilə müəyyən edir. Ermənistanda faktiki olaraq sosial-ictimai diktatura yaranıb. Ermənistan hakimiyyəti hər bir qərarı Paşinyanın göstərişi ilə qəbul edir. Rusiya, isə bütün bunlara baxmayaraq, Ermənistanla öz əlaqələrini tamamilə qırmaq istəmir, amma Rusiyaya zidd olaraq atılacaq bütün addımlara çox sərt cavab verəcək”. Belə sərt addımlar fonunda Rusiyanın Ermənistana qarşı iqtisadi təzyiqləri artırması gözlənilir. Məsələn, gələn ildən Rusiyanın Ermənistana qazı daha baha qiymətə satması proqnozlaşdırılır. Rusiyadan Ermənistana pul köçürmələrinin dayandırılması da əsas gözləntilər sırasındadır. Moskva Qarabağ kartı ilə də İrəvana təzyiq metodlarını işə sala bilər. Bunlar isə Rusiya və Erəmnistan arasında qarşıdurmanın daha da güclənməsi deməkdir.
Digər rusiyalı ekspert Dmitri Verxoturov vurğulayır ki, artıq yaranmış şəraitdə Ermənistanın kifayət qədər etibarlı müttəfiq olub-olmaması barədə sualı ortaya qoymağın vaxtı çatıb. Verxoturovun sözlərinə görə, Rusiyaya bağlı Robert Köçəryan və digərlərinin həbsinin bilavasitə səbəbi Moskvaya qarşı mübarizədir: “Nikol Paşinyan bu yolla ona gələcəkdə çətinliklər yarada biləcək siyasi rəqiblərini kənarlaşdırır. Bu da həbs olunan siyasətçilərin Rusiyayönümlü olması ilə üst-üstə düşüb və şübhəsiz ki, baş nazirin fəaliyyəti Rusiyaya qarşı da yönəlib. Əgər dinc vaxtda bu cür insidentlər baş verirsə, daha ciddi vəziyyətlərdə “öz müttəfiqimizdən” nələr gözləmək olar?”. Erməni ekspert Haqik Ambaryan isə bildirir ki, Ermənistan hakimiyyəti Moskvanın qarşısından çəkilməməli, daha sərt mübarizə formasına keçməlidir: "Erməni cəmiyyətində də antirusiya əhval-ruhiyyəsi güclənib. Bizim cəmiyyət artıq Rusiyanın Ermənistanı dəstəklədiyinə inanmır. Bunun üçün müxtəlif səbəblər var, həm iqtisadi, həm siyasi, həm də hərbi. Moskva ilə əvvəlki formada münasibətlər mümkün deyil”. Bütün bunlar isə qarşıdakı günlər ərzində Rusiya ilə Ermənistanın daha çox üz-üzə gələcəyini göstərir.
Nahid SALAYEV