Mübariz Əhmədoğlu: “Beynəlxalq maliyyə qurumlarının bu rejimə hansısa maliyyə yardımı etməsi real görünmür”
Nikol Paşinyan növbədənkənar parlament seçkilərində qələbə qazansa da, iqtisadi sahədə Ermənistanda analoji uğuru təkrarlayacağı qeyri-müəyyən görünür. Çünki blokada rejimində, iki əsas qonşu - Türkiyə və Azərbaycanla sərhədlərin bağlı olduğu, siyasi-diplomatik və ticari əlaqələrin yoxluğu şəraitində iqtisadi yüksəlişdən danışmaq sadəlövhlük olardı.
Bu isə Dağlıq Qarabağ məsələsində real irəliləyiş olması zərurətini ortaya qoyur. Paşinyanın seçkisonrası “Türkiyə ilə sərhədlərin qeyd-şərtsiz açılmasına hazırıq” çağırışına cavab olaraq Ankara bildirib ki, Azərbaycan torpaqları, Qarabağ işğal altında qaldıqca Ermənistanla sərhədlər açılmayacaq.
Bu arada o da məlum olur ki, Paşinyanın beynəlxalq maliyyə qurumlarından ölkəyə vəsait cəlb ediləcəyi ilə bağlı verdiyi vədlər özünü doğrultmur. Reallıq ondan ibarətdir ki, nəinki maliyyə qurumları, o cümlədən heç bir xarici ölkə Ermənistana böyük pullar vəd etmir. Hakimiyyətdə olduğu müddətdə ona 30-40 milyon avro vəd etmişdilər, ancaq bunu belə əldə edə bilmədi. Halbuki, Ermənistanın daha böyük maliyyəyə ehtiyacı var. Ekspertlərin fikrincə, Paşinyan ilin ortasına qədər heç bir irəliləyiş əldə etməsə, ilin ortasına yaxın həm daxili, həm də xarici siyasətdə çox ciddi çağırışlarla, sınaqlarla üz-üzə qalacaq. Ciddi maliyyə yardımları, kreditləri olmadan ölkədə islahatlar aparmaq mümkün deyil. Ancaq Paşinyanın bütün cəhdlərinə baxmayaraq, xarici donorlar bu ölkəyə kredit verməkdə maraqlı görünmürlər. Belə vəziyyət Paşinyan üçün nə vəd edir?
Məsələyə münasibət bildirən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlunun sözlərinə görə, belə vəziyyət nə Ermənistana, nə də Paşinyana yaxşı heç nə vəd etmir: “Obrazlı desək, Paşinyanın hərəkəti buz üstünə çıxmış inəyin hərəkətinə bənzəyir. Ümumiyyətlə, o özü də bilmir nə addım atır. Beynəlxalq maliyyə qurumlarının bu rejimə hansısa maliyyə yardımı etməsi real görünmür. Ermənistanda ölkənin Maliyyə Nazirliyi ilə Beynəlxalq Valyuta Fondunun birgə fondu var idi. Fond islahatlara dəstək verirdi. Paşinyan həmin fondu ləğv etdi. Baxmayaraq ki, istər ölkə daxilində, istərsə də ölkə xaricində fondun saxlanması ilə bağlı çağırışlar səsləndi. Hökumət iclasında Paşinyan açıq dedi ki, kimsə BVF-nin mənafeyini müdafiə edirsə, gedib onlarla işləsin. Yəni Paşinyan bu dərəcədə xamdır. Onun apardığı siyasət Ermənistanda dağıdıcılıq xarakterlidir. O, ölkəni dağıdır. Belə düşüncəyə malik olan siyasətçi ilə beynəlxalq maliyyə qurumları əməkdaşlıq etməkdə maraqlı olmayacaqlar. Onun seçdiyi parlamentdə deputatların bir qrupu kriminaldan gəlib. Digər qrup da onun qohum-əqrəbasıdır. Yəni bu adamda yaxşı heç nə görmürəm. Ermənistana pul əsasən Rusiyadan gəlirdisə, get-gedə o da azalır. Həmçinin, hər il keçirilən telemarafonda çoxlu pul yığılırdı, bu dəfə o olmadı. ABŞ-ın Ermənistana sərmayə qoymaq niyyəti yoxdur. Çünki ABŞ Ermənistanı etibarsız ölkə hesab edir. Qorxur ki, sərmayə qoyacaq, Rusiya gəlib əlindən alacaq. Birləşmiş Ştatların əsas məqsədi odur ki, Ermənistanı Rusiyanın təsirindən çıxarsın, sonra sərmayə qoysun. Ona görə də Paşinyan həm siyasi, həm də sosial-iqtisadi planda heç bir vədi yerinə yetirə bilməyəcək”.
Vidadi ORDAHALLI