Məhəmməd Əsədullazadə: “2019-cu il Qarabağ münaqişəsi ətrafında həlledici dönüş ili olmalıdır”
“Uzun müddətdən sonra ilk dəfə Milanda erməni həmkarımla son görüşüm zamanı qarşılıqlı anlaşma əldə edə bildik”. Məlum olduğu kimi, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun rəhbərləri ilə 2018-ci ilin yekunlarına həsr edilmiş qəbulda deyib.
Nazirin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarının axtarışı 2019-cu ildə Azərbaycan üçün əsas vəzifə olaraq qalacaq: “Əsas vəzifələrimizdən biri müstəqilliyimizin möhkəmləndirilməsi idi. Fəaliyyətimin böyük hissəsini Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının axtarışına həsr etmişəm. Bu, gələn ilin də əsas vəzifəsi olacaq. Əsas məqsəd nəzərəçarpacaq nəticələrə nail olmaqdır. Bu təkcə mənim yox, hər bir azərbaycanlının arzusudur. Hesab edirəm ki, uzun müddətdən sonra ilk dəfə Milanda erməni həmkarımla son görüşüm zamanı qarşılıqlı anlaşma əldə edə bildik”.
E.Məmmədyarov onu da bildirib ki, növbəti ayda Ermənistanın xarici işlər naziri ilə görüşü olacaq: “Biz Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edəcəyik. Azərbaycan münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır”.
Qeyd edək ki, Nikol Paşinyan bu ilin mayında baş nazir seçilsə də, parlamentdə əsas üstünlüyün ona müxalif ilan “Respublika” partiyasının əlində olması Dağlıq Qarabağ danışıqları ilə bağlı qeyri-müəyyən vəziyyət yaradırdı. Ancaq dekabrın 9-da Ermənistanda keçirilən növbədənkənar parlament seçkiləri bu məsələdə üstünlüyün Paşinyanın tərəfinə keçməsi, müəyyən ümidlərin yaranmasına səbəb oldu. Bu da, prinsip etibarilə, Paşinyana danışıqlar məsələsində bəhanə yeri qoymur. O baxımdan növəti il danışıqlarla bağlı ciddi gözləntilər var.
Bütün bunlardan çıxış edərək, E.Məmmədyarovun məlum açıqlamasını ekspertlər necə dəyərləndirirlər?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, 20 ildən sonra Ermənistan ilk dəfədir birgə sənədlə razılaşır: “Ermənistanda siyasi vəziyyətin stabilləşməsi və Paşinyan hakimiyyətinin legitimləşməsi imkan verir ki, Qarabağ münaqişəsində substantiv danışıqlara start verilsin. Hesab edirəm ki, Milanda keçirilən ATƏT xarici işlər nazirlərinin görüşündə ermənistanlı vəzifədaşı ilə birgə bəyanatı razılaşdıran Məmmədyarovun açıqlaması məhz növbəti ildən danışıqlarda müəyyən gözləntilərin olacağının vurğusudur. Çünki 20 ildən sonra ilk dəfə Ermənistan tərəfi birgə sənədlə razılaşır və danışıqlarda maraqlı görünür. Hesab edirəm ki, yanvarda keçiriləcık XİN rəhbərlərinin görüşü Milanda birgə imzalanmış bəyanatlar üzrə aparılacaq və müəyyən nəticələrə gəlinəcək. Azərbaycan danışıqlar naminə deyil, substantiv danışıqlar üçün prosesə qatılır. Eyni zamanda, ortada bunun üçün siyasi şəraitin yetişdiyi elementlər var. Göründüyü kimi, regionda vəziyyət artıq konfliktin həllini labüd edir. Paşinyanın da əsas vəzifəsi ölkəsinin inkişafı naminə münaqişəni beynəlxalq hüquq çərçivəsində həll etməkdir. Buna getməsə, ilk zərbə ölkəmiz tərəfindən olacaq. Bu da onun üçün arzuolunmaz gedişat olacaq. 2019-cu il Qarabağ münaqişəsi ətrafında həlledici dönüş ili olmalıdır. Paşinyanın buna nə dərəcədə cəhd etməsi və səmimi olması bir müddət sonra məlum olacaq. Azərbaycan Ermənistandan konfliktin həllini növbəti ildən konkret tələb etməlidir”.
Vidadi ORDAHALLI