Ermənistanda yaxın tezlikdə əli Qarabağda çoxsaylı azərbaycanlının qanına batmış daha bir şəxsin həbsi gözlənir. Söhbət sabiq prezident Serj Sarkisyandan gedir. Belə görünür ki, Robert Köçəryaınn ardınca Sarksiyanın da həbsi qaçılmaz olacaq. Özü də Sarksiyanın siyasi dayaqlarının sürətlə sarsılması bunun üçün yeni imkanlar yaradır. Belə ki, Ermənistanın keçmiş baş naziri Karen Karapetyan Respublika Partiyasının sıralarından ayrılıb.
“Qraparak” nəşrinin məlumatına görə, Karapetyan artıq çoxdandır ki, partiya üzvləri ilə ünsiyyət saxlamır. Onun bu addımına səbəb isə partiya üzvlərinin Serj Sarkisyanla birlikdə onun əleyhinə çalışması və pis rəftarı olub. Karapetyanla birlikdə ona görə 2017-ci il seçkisi ərəfəsində Sarkisyanın partiyasına qoşulmuş 7 min nəfər də partiya sıralarından ayrılacaq. Respublika Partiyası Karen Karapetyanın partiya sıralarından ayrılmaq üçün ərizə ilə müraciət etdiyini təsdiqləyib. “Past” qəzeti isə yazır ki, Respublika Partiyasının daxilində parçalanmalar həqiqətən də sürətlənib: “Buna bir səbəb isə Serj Sarkisyanın fəaliyyətidir. Belə ki, partiya üzvlərinin bir hissəsi Sarkisyandan narazıdır. Onların fikrincə, Sarkisyan patiyanı uğursuzluğa düçar etdindən buradan getməlidir”.
Belə vəziyyətdə erməni mediası yazır ki, 2008-ci ilin 1 mart hadisələri ilə bağlı istintaq artıq Sarksiyanı da dindirib Köçəryan kimi həbsə atmağa hazırlaşır. Amma Sarksiyan təkcə bu hal üzrə təqsirli bilinməyəcək. Yayılan məlumatlara görə, Ermənistanın ədliyyə nazirinin vəzifələrini icra edən Artak Zeynalyan bu yaxınlarda həbsxanada Nairi Unanyanla – parlamenti gülləbaran etmiş silahlı qruplaşmanın başçısı ilə görüşüb və onunla söhbət edib. Xatırladaq ki, Nairi Unanyan 1999-cu ilin oktyabr ayının 27-də Ermənistan parlamentində terror aktı törətmiş qruplaşmanın lideridir. Həmin vaxt bir neçə terrorçu Ermənistan parlamentinin binasına daxil olaraq spiker Karen Dəmirçiyanı, baş nazir Vazgen Sarkisyanı, spikerin müavinləri Yuri Baxşyanı və Ruben Miroyanı, operativ məsələlər üzrə nazir Leonard Petrosyanı, deputatlar Armenak Armenakyanı, Henrix Abramyanı və Mikael Kotanyanı güllələyib.
Terrorçuların məhkəməsi 2001-ci ilin fevral ayında başlayıb və 2003-cü ilin dekabr ayına qədər davam edib. Altı terrorçu, o cümlədən qruplaşmanın rəhbəri Nairi Unanyan, onun qardaşı Karen Unanyan, onların dayısı Vram Qalstyan, həmçinin Derenik Becanyan, Edik Qriqoryan və Aşot Knyazyan ömürlük həbs cəzasına məhkum edilib. Hamlet Stepanyan 14 il müddətinə həbs edilmişdi. Adları çəkilənlərin hamısı vətənə xəyanətdə, terrorçuluqda, xüsusilə təhlükəli dövləti cinayətlərin törədilməsində ittiham edilib.
Xatırladaq ki, uzun illər ərzində Ermənistan müxalifəti Qarabağ klanının liderləri Robert Köçəryanı və Serj Sarkisyanı siyasi rəqiblərini meydandan götürmək məqsədilə terror aktının təşkilində ittiham edib. İndi Artak Zeynalyanın Nairi Unanyanla yeni görüşü bu məsələnin yenidən istintaq tərəfindən araşdırılıcağını göstərir. Bu dəfə də Robert Köçəryanın və Serj Sarkisyanın həmin məsələdə günahkar bilinmə ehtimalı kifayət qədər yüksək dəyərləndirilir. Bundan əlavə, Serj Sarkisyanın adı bank və müəssisələrin səhmləri ilə fırıldaqçılıqla bağlı cinayət işində də hallanır. Ermənistan İstintaq Komitəsi bildirir ki, “Kredit İrəvan” ASC və “Lev Marsed” MMC-nin səhmləri ilə fırıldaqçılıq üzrə 2009-cu ilin 27 iyulunda açılmış cinayət işi çərçivəsində icra hakimiyyəti orqanlarının yüksək vəzifəli rəsmilərinin, o cümlədən Serj Sarkisyanın vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi barədə faktiki sübutlar əldə olunub. Bütün bunlar Sarksiyan ətrafında halqanın daraldığını göstərir. İndilikdə isə Sarkisyanın Qarabağ separatçıları arasında müəyyən tərəfdarları var və bunun da ləğvi üçün Nikol Paşinyan müəyyən addımlar atır. Belə ki, Paşinyan Sarksiyanın tərəfdarı olan Qarabağ separtçılarını lideri Bako Saakyanın yerinə separatçıların keçmiş “müdafiə naziri” Samvel Babayanı gətirməyə hazırlaşır. “Jamanak” qəzeti bunu Sarksiyan üçün növbəti zərbə adlandırır. Belə ki, Babayan 2017-ci ildə Serj Sarkisyanın əmrilə həbs edilmişdi. O, ölkəyə “İqla-S“ sistemləri keçirməkdə və Sarkisyana sui-qəsd hazırlamaqda ittiham edilmişdi. Paşinyanın hakimiyyətə gəlməsindən sonra “Sasna Tsrer“ qruplaşmasının üzvləri kimi o da azadlığa buraxıldı. Babayan indiyə qədər Bako Saakyanın əsas rəqiblərindən biri sayılır. Qarabağda onun Serj Sarksiyanın tərəfdarlarını daha sürətlə sıradan çıxarması gözlənilir və bu da Paşinyanın əsas istəklərindən biridir. Çünki bu halda Sarkisyanın müqavimət imkanları daha sürətlə tükənəcək.
Tahir TAĞIYEV