Məhəmməd Əsədullazadə: “Düşmən ordusu zaman-zaman cəbhədə böyük itkilərə məruz qalır”
Düşmənin canlı qüvvəsi və döyüş texnikalarının məhv edilməsində yeni növ milli müdafiə təyinatlı məhsullar mühüm rol oynayıb. Xəbər verildiyi kimi, bunu müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev Müdafiə Sənayesi Nazirliyinin əməkdaşlarının peşə bayramı münasibətilə keçirilən tədbirdə deyib.
O deyib ki, görülmüş işlər nəticəsində bu gün beynəlxalq reytinqlərə görə, Azərbaycanın Silahlı Qüvvələri hazırda dünyanın ən güclü 50 ordusu sırasında yer tutur: "Azərbaycan Ordusu öz gücünü və döyüş qabiliyyətini 2016-cı ilin aprelində həm düşmənə, həm də dünyaya nümayiş etdirdi. Azərbaycan tarixinə şanlı səhifələrdən biri kimi daxil olan aprel döyüşlərində qüdrətli ordumuz Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərinin bir qismini işğalçılardan təmizləyərək böyük bir əraziyə nəzarəti ələ aldı. 2018-ci ilin mayında isə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Günnüt kəndi düşməndən azad edildi, dövlət sərhədi boyunca əlverişli yüksəkliklər ələ keçirildi. Həmin döyüşlərdə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlardan geniş istifadə olundu. Düşmənin canlı qüvvəsinin və döyüş texnikalarının yerinin müəyyən edilərək məhv edilməsində yeni növ milli müdafiə təyinatlı məhsullar mühüm rol oynadı".
Y.Musayev onu da qeyd edib ki, müxtəlif istiqamətlər üzrə müasir texnologiyalara əsaslanan yeni istehsal sahələrinin yaradılması, idxalı əvəz edəcək məhsulların yerli istehsalının təşkili, ixrac potensialının artırılması və digər məsələlər nəzərdə tutulub.
O da məlumdur ki, Azərbaycanda silah sənayesinin tarixi yeni olsa da, qısa müddət ərzində bir sıra işlər görülüb. Belə ki, ölkədə bir sıra müasir silahlar istahsal olunur və onlar beynəlxalq sərgilərdə uğurla nümayiş etdirilir. Düşmənin canlı qüvvəsi və döyüş texnikalarının məhv edilməsində yeni növ milli müdafiə təyinatlı məhsulların mühüm rol oynaması bu sahədə Azərbaycanın əldə etdiyi uğurlardan xəbər verir. O baxımdan ekspertlər bunu necə dəyərləndirirlər?
Sözügedən məsələni dəyərləndirən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, Azərbaycanda istehsalı olunan silahlar cəbhədə özünü çox yaxşı doğruldur: “Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti bu ölkəyə yeni-yeni problemlər gətirir. Bu da Ermənistana getdikcə daha baha başa gəlməkdədir. Çünki Ermənistan ordusu zaman-zaman cəbhədə böyük itkilərə məruz qalır. Azərbaycan güclü şəkldə Ermənistana hərbi təzyiqlər edir. 2016-ci ilin aprelində baş vermiş 4 günlük müharibədə Azərbaycan öz istehsal etdiyi silah və sursatlarla Ermənistana ağır və dağıdıcı zərbələr vurub. Ermənistan Azərbaycanın dağıdıcı silahlarının açdığı atəş nəticəsində ciddi itkiyə məruz qalıb. Müxtəlif vasitələrlə çalışıb ki, öz müdafiə xəttini möhkəmləndirsin. Ancaq Azərbaycan istehsalı olan silahların tətbiqi buna imkan verməyib. Görünən odur ki, Azərbaycan istehsalı olan silahlar heç də xaricdə istehsal olunan silahlardan geri qalmır. Əksinə, bəzi parametrlərə görə onlardan üstündür. Azərbaycan öz müdafiə sənayesində uğurlara imza atıb. İstehsal olunan silahlarla nəinki daxili tələbat ödənilir, eyni zamanda, həmin silahların bir qismi xaricə ixrac olunur. Ölkəmizin öz silahları ilə düşmənə daim zərbələr vurması Ermənistanı artıq düşünməyə vadar edəcək. Ermənistan anlamalıdır ki, işğalçı siyasət onun sosial-iqtisadi deqradasiyasına və məğlubiyyətinə gətirib çıxaracaq. Gec-tez, bu baş verəcək. Hesab edirəm ki, Azərbaycanın müdafiə sahəsində üstünlüyü regionda onun lider dövlət statusunu artıracaq”.
Vidadi ORDAHALLI