Rauf Zeyni: “Bütün bunlar həssas təbəqələrdir və təsadüfən seçilməyib”
Jurnalist və hərdən özünü hüquq müdafiəçisi kimi də qələmə verən Xədicə İsmayılova Qərb təşkilatlarından 500 min avro qrant alıb. Bu barədə məlumatı beynəlxalq donor təşkilatlardan birinin ofisinə istinadən bir çox KİV-lər yayıb. Məlumatda qeyd edilir ki, həmin iri məbləğdə qrant Xədicə İsmayılovaya müxtəlif kanallarla, kiçik partiyalarla çatdırılıb. Çünki vergi orqanları ilə məhkəmə mübahisəsinə görə X.İsmayılovanın bank hesabları bağlıdır və nəticədə o, qrant pullarını birbaşa ala bilmir.
Mənbəmiz bildirir ki, qrantın verilməsində məqsəd dini qruplar, seksual azlıqlar, gənclər, habelə tələbələr arasında sosioloji araşdırmalar aparmaqdır. Bu araşdırmanın nəticələrindən isə həmin sosial qruplar arasında təşkilatlanma işlərinin aparılması üçün istifadə edilməsi nəzərdə tutulub. Yəni qrant uzunmüddətli planda ölkədə müxtəlif sosial qruplar arasından və dini icmalardan narazıları aşkar edib səfərbər etmək məqsədinə hesablanıb.
Məlumata görə, Xədicə İsmayılova yarım milyon avroluq qrantın bölüşdürülməsini təkbaşına həyata keçirir. Yəni pulları özünə yaxın olan fəallara ötürür. Bu isə bəzi müxalifət liderləri arasında bərk qıcıq yaradıb. Onlar pulların əsas müxalifət partiyalarına deyil, X.İsmayılovaya ötürülməsindən narazılıq edirlər və bu barədə Qərb səfirliklərinə şikayətlənirlər.
Xədicə İsmayılovaya ayrıldığı iddia olunan qrant tranşının xərclənəcəyi ünvanlar ciddi maraq doğurur. Göründüyü kimi, xüsusilə cinsi azlıqlar və dini qruplar arasında sosioloji sorğuların aparılması pulu ayıranların diqqətini xüsusilə cəlb edir. Bu xüsusda seksual azlıqlar və dini qruplar kimi zümrələrin xüsusi tədqiqat obyekti olaraq götürülməsi nəyin əlaməti sayıla bilər?
Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni qəzetimizə açıqlamasında bildirdi ki, belə qrupların hədəf olaraq seçilməsi təsadüfi xarakter daşımır: “Dediyiniz məlumatlarla mən də KİV-lər vasitəsilə tanış oldum. Hər halda, sözügedən məbləğ ciddidir. Yəni həmin pulla ölkədə bir çox işləri görmək olar. Maliyyənin mənbəyi və onun xərclənməsi şəffaf olmayanda, görüləcək işlərin də sağlam niyyətli olacağı şübhə doğurur. Bilirsiniz ki, Azərbaycanda belə şübhəli tranşlarla bağlı ciddi mübarizə aparılıb və əvvəllər də qarşısı alınıb. Onda da məlum oldu ki, bütün vasitələrlə ölkədəki sabitliyin pozulmasına əl atırlar. Buna görə də müxtəlif əhali qrupları ilə işləyirlər. Adını da qoyurlar ki, guya onların arasında sorğu keçirib, münasibətlərini aydınlaşdırırlar. Yadınıza gəlirsə, 15 il bundan əvvəl də ölkəmizdə şübhəli layihələr həyata keçirilirdi. Məsələn, sülh naminə əməkdaşlıq adı ilə gedib cəbhəyə yaxın olan ərazilərdə layihə icra edirdilər. Mahiyyət də bundan ibarət idi ki, həmin adamlar gedib döyüş bölgələrinə yaxın olan ərazilərdə məcburi köçkün ailələri ilə təmasda olurdular, qadınları həyat yoldaşlarının müharibəyə yox deməsini təbliğ edirdilər. Siz təsəvvür edirsinizmi müharibə şəraitində olan ölkədə bu, hansı anlama gəlir? Belə layihələr bütün ölkələrdə həyata keçirilir ki, müəyyən qrupları öz təsirləri altında saxlasınlar. Cinsi azlıqlar və dindar qrupları seçməklə onlar həmin çevrələr üzərindəki nəzarəti də əllərində saxlamaq istəyirlər. Fikir versəniz, yayılan məlumatda tələbələrlə işin aparılması da qeyd edilir. Bütün bunlar həssas təbəqələrdir və təsadüfən seçilməyib, gələcəkdə təxribatlar törətmək üçün elektoral baza təminatını hazırlamaq üçündür. Hesab edirəm ki, bu ciddi amildir, dərhal qarşısı alınmalıdır”.
Məhəmmədəli QƏRİBLİ