Əliməmməd Nuriyev: “Bütün bunlar Avropa Məhkəməsinə edilən şikayətlərin sayının azalmasına öz təsirini göstərir”
Azərbaycandan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə edilən şikayətlərin sayında azalma müşahidə edilir. Məlum olduğu kimi, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında daimi nümayəndəsi, Azərbaycan Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov deyib. O qeyd edib ki, Azərbaycan Avropa Məhkəməsində öz maraqlarını, mövqeyini lazımi qaydada müdafiə edir.
Ç.Əsgərovun fikrincə, Avropa Məhkəməsinin Azərbaycanla bağlı qərarlarının icrasında hər şey qaydasındadır. Onun sözlərinə görə, bununla bağlı həm hüquqi, həm də ümumi xarakterli tədbirlər həyata keçirilir.
Məlumat üçün qeyd edək ki, Avropa İnsan Hüquqları Məhkəməsi "İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında" Konvensiya əsasında yaradılmış beynəlxalq məhkəmədir. İnzibati binası Fransanın Strasburq şəhərində yerləşir. Məhkəmə Konvensiyanın qəbul edilməsindən 9 il sonra, qüvvəyə minməsindən isə 6 il sonra, yəni 1959-cu ildən fəaliyyətə başlayıb. Bu əsasən onunla izah olunur ki, iştirakçı-dövlətin Konvensiyanı ratifikasiya etməsi avtomatik olaraq məhkəmənin yurisdiksiyasını da tanıması demək deyildi. Bu halda, dövlətin xüsusi bəyanatı tələb olunurdu.
Onu da qeyd edək ki, Avropa Məhkəməsinə şikayət ərizəsi aydın və dolğun tərtib olunmalı, müraciət edən və ya onun vəkalətnamə ilə təsdiq edilmiş səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmalıdır.
Əvvəllər indiki dövrlə müqayisədə Azərbaycandan Avropa Məhkəməsinə şikayət edənlər çox idi. Son illər bu tendensiya əhəmiyyətli dərəcədə azalıb.
Maraqlıdır, şikayətlərin sayında müşahidə olunan azalma nə ilə bağlıdır?
Sözügedən məsələyə aydınlıq gətirən Konstitusiya Araşdırmalar Fondunun prezidenti, Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətə Nəzarət üzrə İctimai Komitənin üzvü Əliməmməd Nuriyev bunu bir sıra amillərlə əlaqələndirdi: “Azərbaycanda insan hüquq və azadlıqları ilə bağlı qanunvericilik daha da təkmilləşdirilib. Bu həm də Prezident İlham Əliyevin 10 fevral 2017-ci ildə imzaladığı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamla bağlıdır. Həmin sərəncamdan sonra dövlət qanunvericiliyində əhəmiyyətli dəyişikliklər baş verdi. Belə ki, qanunvericilikdə 300 tərkibdə dəyişiklik oldu. Bununla da bir çox normalar dekriminallaşdırıldı, cəzanın sanksiyası azaldıldı. Eyni zamanda, əfv sərəncamlarının imzalanması, məhkəmələr tərəfindən azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların təyini prosesi buna öz təsirini göstərib. Həmçinin, qət-imkan tədbirinin azalması bura daxildir. Yəni bütün bunlar insan hüquq və azadlıqlarının qorunması istiqamətində atılan mühüm addımlardır. Başqa bir tərəfdən, vəkillik institutunun daha da möhkəmləndirilməsi istiqamətində atılan addımlar, insanların hüquqi yardıma çıxış imkanlarının genişlənməsi, Ədliyyə Nazirliyinin hüquqi maarifçilik istiqamətində apardığı genişmiqyası fəaliyyətlər, elektron xidmətlərin siyahısının genişləndirilməsi bu məsələdə müəyyən rol oynayır. Digər tərəfdən, “ASAN xidmət”in daha çox regionu əhatə etməsi və digər dövlət qurumlarında şəffaflığın artması bu istiqamətdə ümumi işə öz töhfəsini verir. Prokurorluq və daxili işlər orqanlarının səmərəli fəaliyyəti də bu məsələdə öz sözünü deyir. Ümumilikdə, hüquq-mühafizə orqanlarında işin yüksək səviyyədə təşkili bütün bunlara öz müsbət təsirini göstərib. Bu da ölkədə insan hüquq və azadlıqlarının qorunmasına inamın, etimadın güclənməsinə gətirib çıxarıb. Bunlar, öz növbəsində, Avropa Məhkəməsinə edilən şikayətlərin sayının azalmasına təsir göstərən faktorlardan biridir. Bəzi hallarda görülən bir sıra işlərin birbaşa təsiri olmasa da, dolayısı təsiri olur”.
Vidadi ORDAHALLI