Vüqar Rəhimzadə: “Elektron media qurumlarında, xüsusilə sosial şəbəkələrdə kifayət qədər təhqiramiz ifadəyə yol verilir”
Vətəndaşların şərəf və ləyaqətinin qorunması ilə bağlı yeni qanun hazırlanır. Belə bir qanunun hazırlanması barədə Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov "Dini qurumlar və sosial media" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib. O qeyd edib ki, bəzi qüvvələr sosial şəbəkələrdən fəal istifadə etməklə Azərbaycanı geriyə aparmağa və islami dəyərlərin hakim olduğu islam dövlətinə çevirməyə çalışırlar. Odur ki, problemimiz radikal dini cərəyanlarla bağlıdır".
Ə.Amaşov qeyd edib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da ictimai fikir internet üzərindən yayımlanan mətbuat orqanları, əsasən də sosial şəbəkələr vasitəsilə yayılır. Hazırda "Mətbuat Şurası haqqında" qanun layihəsi üzərində iş gedir və qanunda vətəndaşların şərəf və ləyaqətinin qorunması məsələsi diqqətdə saxlanır.
Yeni qanun layihəsinə hansı məsələlərin təklif olunmasını öyrənmək məqsədilə “İki Sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadəyə müraciət etdik.
V.Rəhimzadə “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, elektron media qurumlarında, xüsusilə sosial şəbəkələrdə kifayət qədər təhqiramiz ifadəyə yol verilir. Eyni zamanda, dövlət sirrinin yayılması ilə bağlı faktlara rast gəlinir: “Kim nə istəyirsə, onu da yazır. İnsanlar nə yazdıqlarının fərqində olmurlar. Bu səbəbdən də hesab edirəm ki, müəllifin məsuliyyətini müəyyən edən qanun qəbul olunmalıdır. Burada söhbət hüquqi məsuliyyətdən gedir. Cəmiyyəti aşağılayan, geniş şəkildə qərəzli fikirlər yazanlar barədə məsuliyyət müəyyən olunmalıdır. Dövlət sirri birmənalı şəkildə qorunmalıdır. Bu kimi hallara yol verən şəxslər təbii ki, məsuliyyətə cəlb olunmalıdırlar. Hüquqi müstəvidə bu məsələyə qiymət verilməlidir”.
Həmsöhbətimizin sözlərinə görə, şərəf və ləyaqətin qorunması ilə bağlı qanun qəbul olunarsa, insanlar sosial şəbəkə üzərindən yazdıqlarının məsuliyyətini dərk edərlər. Qanun qəbul olunarsa, elektron saytlarda və sosial şəbəkələrdə müəyyən çərçivə yaranar. Sosial şəbəkə istifadəçiləri həmin çərçivəyə uyğun olaraq hərəkət edərlər.
Günel CƏLİLOVA