Bakıda Avropanın və Çinin taleyi barədə müzakirələr... - FOTO

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar" mövzusunda keçirilən V Qlobal Bakı Forumu dunən işini davam etdirib.
Dövlət Komitəsindən "Trend"ə verilən məlumata görə, Forum çərçivəsində baş tutan ilk iclas "Beynəlxalq münasibətlərdə Çinin rolu: Köhnə qaydaların tətbiqi üsullarının müzakirəsi" mövzusuna həsr olunub. İclasın moderatoru olan Harvard Biznes Məktəbinin dosenti Qautam Mukunda Bakı Forumunda mühüm məsələlərin müzakirə edildiyini bildirib. O, bu iclasın da olduqca aktual mövzuya həsr edildiyini diqqətə çatdırıb.
İclasda çıxış edən Serbiyanın sabiq prezidenti Boris Tadiç böyük siyasi və iqtisadi güc olan Çinin yenidən qlobal arenaya qayıtdığını diqqətə çatdırıb. Bildirib ki, iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün tərəfdaşlarının sayını artıran Çin bu istiqamətdə "60+1" platformasını uğurla genişləndirir: "Çin bu strategiya çərçivəsində Serbiya ilə də tərəfdaşlığa dair saziş imzalayıb. Məhz buna görə də Çinin dünyada iqtisadi çəkisi get-gedə artmaqdadır". Çinin dünya siyasətində də fəal çıxış etdiyini vurğulayan B.Tadiç bildirib ki, öz maraqlarını fəal müdafiə edən Çin çoxtərəfli institutların qurulmasına çalışır.
Pakistanın sabiq Baş naziri Şaukat Aziz beynəlxalq aləmdə Çinin iqtisadi və siyasi nüfuzunun artdığını vurğulayaraq bildirib ki, bu təsir ilk növbədə, Çinin yerləşdiyi regionda daha çox hiss olunur: "Çin öz milli maraqları əsasında siyasət yürüdərək ölkənin inkişafına, əhalinin rifah səviyyəsinin artmasına çalışır. Çinin maraq dairəsində dünyaya hegemonluq iddiası dayanmır. Məhz buna görə də Çin son illərdə sürətli inkişafına görə dünyada bütün ölkələri qabaqlayır".
Ölkələrin yalnız dialoq və qarşılıqlı əməkdaşlıq yolu ilə inkişaf edə biləcəyini diqqətə çatdıran sabiq Baş nazir bildirib ki, Çin beynəlxalq iqtisadi əməkdaşlığı genişləndirmək istiqamətində qlobal miqyasda yeni təşəbbüs və ideyalarla çıxış etməklə bu prosesdə istəkli davrandığını ortaya qoyur.
İtaliya Prezidentinin sabiq diplomatik müşaviri Antonio Zanardi Landi vurğulayıb ki, qlobal iqtisadi və siyasi proseslər bizim qarşımızda bir çox problemlər müəyyənləşdirir: "Belə bir şəraitdə Çinin davranışı və atacağı addımlar dünya siyasəti üçün çox böyük əhəmiyyət daşıyır. Son müşahidələr göstərir ki, Çin mövcud qaydalara uyğunlaşmağa çalışır. Çin azad ticarəti və əməkdaşlığı təşviq etməklə dünyada mövcud balansı öz xeyrinə dəyişməklə qlobal inteqrasiyaya çalışır".
Qırğız Respublikasının sabiq Baş naziri Apas Jumaqulov aktual məsələlərə həsr olunan mühüm Forumun uğurla təşkilinə və yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycanın sürətlə inkişaf edərək mühüm uğurlar qazandığını vurğulayan A.Jamaqulov deyib: "Prezident İlham Əliyev XX əsrin ən nüfuzlu şəxsiyyətlərindən olan Heydər Əliyevin oğludur. Heydər Əliyev nəinki təkcə XX əsrdə, növbəti əsrlərdə də ən məşhur şəxsiyyətlərdən biri kimi tanınacaq. Heydər Əliyev təkcə Azərbaycanın deyil, Sovet İttifaqının da ən nüfuzlu siyasi rəhbərlərindən biri olub. Mən Sovet İttifaqı dövründə Heydər Əliyev ilə işləmək şərəfinə nail olmuşam. Heydər Əliyev siyasətini təkcə ölkə miqyasında deyil, qlobal səviyyədə uğurla davam etdirdiyinə görə Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm. Bu gün iştirak etdiyimiz və getdikcə daha geniş miqyas alan bu Forum sübut edir ki, Azərbaycan bu platformanın və xalqlar arasındakı əlaqələrin inkişafına öz töhfəsini verir".
Qırğızıstanın son illər bir sıra ciddi çətinliklərlə qarşılaşdığını və onların öhdəsindən gəlməyə çalışdığını qeyd edən sabiq Baş nazir bildirib: "Belə bir vəziyyətdə qonşumuz Çin bizim ağır durumumuzdan sui-istifadə etməyə çalışmadı. Əksinə, biz Çinlə əməkdaşlığı daha da dərinləşdiririk".
Macarıstanın sabiq Baş naziri Peter Medgiessi bildirib ki, hazırda dünyada olduqca maraqlı mənzərə yaranıb. O qeyd edib ki, Çin qlobal əməkdaşlıq, azad ticarətin genişləndirilməsi təşəbbüsü ilə çıxış edir. Yeni prosesdə Çinin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayan P.Medgiessi diqqətə çatdırıb ki, bu baxımdan Çin özünün maliyyə və bank sektorunu gücləndirməli, iqtisadi inkişafını sabit və dayanıqlı saxlamağa çalışmalıdır.
Tsingua Universitetinin "Schwarzman" Kollecinin dekanı David Qinqconq Pan bildirib ki, Çin kənardan nə qədər güclü görünsə də, ölkənin daxilində bəzi ciddi çətinliklər hələ də var: "Çində hələ də 800 milyon nəfər yoxsulluq şəraitində yaşayır. Onların illik gəliri 800 dollar təşkil edir. Bu, olduqca aşağı göstəricidir".
Son 25 ildə Çinin sürətlə və dayanıqlı şəkildə inkişaf etdiyini vurğulayan D.Pan bildirib ki, bunu nəinki ölkəmizə gələn qonaqlar, hətta Çində yaşayan hər bir insan aydın hiss edə bilir. Çinin daxili problemlərinin həllinə nə qədər diqqət ayırsa da, beynəlxalq əməkdaşlığa da xüsusi fikir verdiyini qeyd edən D.Pan bildirib ki, ölkəsinin üç il əvvəl irəli sürdüyü və regional iqtisadi münasibətlər modeli olan "Bir yol-Bir kəmər" təşəbbüsü bunun əyani göstəricisidir: "Çinin sürətli inkişafının əsasında ölkənin yürütdüyü açıq qapı siyasəti, bazar əsaslı iqtisadiyyatın qurulması, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi, azad ticarətin genişləndirilməsi dayanır".
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış nitqində qeyd etdi ki, biz əməkdaşlığımızın praktiki olmasını istəyirik. Çinin sürətli inkişafının və əldə etdiyi nailiyyətlərin əsasında da məhz bu dayanır", - deyən D.Pan Çinin gələcək beynəlxalq münasibətlərin inkişafı baxımından təhsilin inkişafına mühüm diqqət yetirdiyini bildirib. Qeyd edib ki, Çin təkcə bir il ərzində 3,5 milyon tələbəni xaricdə təhsil almaq üçün göndərib. Eyni zamanda, 1,8 milyon xarici tələbə ölkə ilə yaxından tanış olmaq üçün Çinə dəvət edilib: "Bu addım Çinin dünyanı, dünyanın isə bizi daha yaxından anlamasına xidmət edir. Hesab edirəm ki, bu addım gələcəkdə öz müsbət töhfəsini verəcək".
Çıxışlardan sonra mövzu ilə bağlı müzakirələr aparılıb, auditoriyanın sualları cavablandırılıb.
Bakı Forumunda Avropanın gələcəyi barədə mülahizə - Miqrasiya, böhranlar Aİ-də sərbəst ticarətin əsasını darmadağın edir
V Qlobal Bakı Forumunun növbəti iclası "Avropanın gələcəyi" mövzusuna həsr olunub. Dövlət Komitəsinin mətbuat xidmətindən "Trend"ə verilən məlumata görə, Bosniya və Herseqovinanın keçmiş Baş naziri Zlatko Laqumciyanın moderatorluğu ilə keçirilən iclasda Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri Mladen İvaniç Avropaya inteqrasiya ilə bağlı bir çox problemlərin olduğunu diqqətə çatdırıb.
Avropa İttifaqının (Aİ) gələcəyi ilə əlaqədar optimist düşüncələrinin olduğunu söyləyən Mladen İvaniç təhlükəsizlik baxımından Avropa ölkələrinin bir yerdə qalmasının əhəmiyyətinə toxunub: "Miqrantların Avropa İttifaqına daxil olması ilə yaranmış problemlərə baxmayaraq, bu qurum daha da stabil ola bilər. Aİ uğurlu model kimi fəaliyyət göstərir. Digər problemləri həll etmək mümkündür. Niderlandda keçirilən seçkilərin nəticəsi də pozitiv danışmağa əsas verir". Birləşmiş Krallığın Aİ-dən çıxmasının quruma təsirinin çox güclü olmayacağını deyən Mladen İvaniç keçid dövrünün uğurla başa çatacağını bildirib.
Polşanın keçmiş Prezidenti Aleksandr Kvasnievski demoqrafiyanın Avropa İttifaqı üçün fəsadlarının olduğunu dilə gətirib. O bildirib ki, miqrasiya məsələsi, qaçqın məsələsi Aİ-nin gələcəyi deməkdir: "Afrikadan, Asiyadan miqrasiya, böhranlar azad, sərbəst ticarətin əsasını darmadağın edir. Biz böhranların səviyyəsini düzgün ölçməmişik. Siyasət isə keçid dövrünü yaşayır. Sistem hələ də yaradılmayıb. Belə bir xaotik vəziyyətdə Avropa inteqrasiyası qorunmalıdır. Liderlik problemi, qərarvermə sistemi əslində əsas çətinliklərdən biridir. Texnoloji dəyişiklər prosesinin qarşısnı almaq mümkün deyil".
Gənclərin seçkilərdə iştirak səviyyəsinin azaldığını bildirən Belçika Krallığının sabiq Baş naziri Yves Leterme rəqabətin olmamasının siyasi bazarda daha çox vədlərin verilməsinə gətirib çıxardığını deyib. Sabiq Baş nazir sosial, iqtisadi proqramların seçkilərə mənfi təsir göstərdiyini qeyd edib: "Bildiyimiz kimi, informasiya kommunikasiya texnologiyalarının rolu çox vacibdir. Gənclər informasiya texnologiyalarına daha çox maraq göstərən təbəqədir. Lakin bu prosesdən kənarda qalanlar da var. Yeni debatlar da sol və sağçılar arasında ictimai fikir öyrənilməlidir. Bunun üçün referendum keçirilməlidir. Bütün rəylər göstərir ki, insanların siyasi təmsilçiliklə bağlı problemləri var. Vətəndaşlarımız valyuta kimi avrodan istifadə etməyə davam edir, Avropa İttifaqında sərbəst hərəkət edə bilirlər. Populizmin Avropa inteqrasiyasında qalib gəlmək şansı yoxdur".
İnsanların bütün çətinliklərə və problemlərə baxmayaraq Aİ-ni dəstəklədiklərini deyən Sloveniyanın sabiq prezidenti Danilo Turk Balkan ölkələrinin də bu quruma doğru irəlilədiyini bildirib. Şərq Tərəfdaşlığı ilə bağlı prinsiplərin yenidən düşünülməsinin vacibliyinə toxunan sabiq prezident deyib ki, Avropa İttifaqı mərkəzdir: "Gücləndirilmiş əməkdaşlıqdan istifadə etmək üçün bu mərkəzdə toplaşmaq lazımdır. Düşünürəm ki, sosial-iqtisadi inkişafda ehtiyatlı olmalıyıq. Təhlükəsizlik, hərbi nöqteyi-nəzərdən balkanlarda perspektivimiz olmalıdır. Biz bütün mümkün həmrəyliyi göstərməliyik. Avropa inteqrasiyası böyük məsələlərdə etibarlıdır".
İqtisadiyyat və maliyyə böhranından danışan Niderland Krallığının sabiq Baş naziri Vim Kok Afrikadan Avropaya növbəti on il ərzində qaçqınların gəlməsi prosesinin davam edəcəyini deyib. Avropa əməkdaşlığı təhlükəsizliyinin tam təmin olunmadığını qeyd edən Vim Kok bu istiqamətdə liderlərin uzaqgörənliyinin vacibliyini diqqətə çatdırıb: "Əməkdaşlıq üzrə prinsiplər mövcuddur. Avropa əməkdaşlığı tam təmin olunmalıdır. Biz dəyərlərin prinsip və standratlarını da qorumalıyıq. Keçmişdə buraxılan səhvlərdən nəticə çıxarılmalıdır. Əhalinin dəstəyi ilə Avropanın gələcəyi növbəti on ildə bərpa edilməlidir".
Gənclərə daha çox sərbəstlik verilməsinin vacibliyini qeyd edən Latviyanın sabiq prezidenti Valdis Zatlers geosiyasətdə tektonik dəyişiklərin baş verdiyini bildirib. Demokratiyanın tədricən inkişaf etdiyini deyən Valdis Zatlers populist fikirlərin beyinlərimizdə üstünlük təşkil edə biləcəyini dilə gətirib.
Forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkür edən Çexiyanın sabiq Baş naziri Jan Fişer Birləşmiş Krallığın çox vacib Avropa layihəsini tərk etdiyini vurğulayıb. O deyib ki, populizmin əsas morfologiyası var. "Demokratiya sadələşdirilməli, eyni zamanda, idarə davranış üslubu tətbiq olunmalıdır".
İtaliyanın sabiq xarici işlər naziri Franko Frattini "Çox sürətli Avropa" modelinin hər bir dövlət üçün şərait yaratdığını bildirib. Xarici siyasətdə qətiyyətliliyin göstərilməsinin vacibliyinə toxunan Franko Frattini deyib ki, daxili bazarlar gücləndirilməli, əməkdaşlıq təmin olunmalıdır: "Biz siyasi inteqrasiyaya doğru gedirik. Suriyadan gələn yol kifayət qədər sabitdir. Amma biz hər həftə Siciliya adasından 3-4 min miqrant qəbul edirik. İtaliya, Malta və Yunanıstan artıq bu problemi həll edə bilməyəcək. Biz on minlərlə miqrantı yerləşdirə bilirik. Səmimi desək, bölüşmə prinsipinə əməl edilmirsə, fərdi addımların atılması kifayət olmayacaq. Biz Avropa səviyyəsində miqrasiyanı idarə etməliyik".
Çıxışlardan sonra mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.
Ermənistan barışığa hazır olmayan tərəf kimi qəbul olundu
Ədalət yerinə yetirilməlidir, biz isə dailoqu davam etdirməliyik, sülhün bərqərar olunması üçün yeni üsullar tələb olunur. "Trend"in məlumatına görə, bunu jurnalistlərə V Qlobal Bakı Forumu çərçivəsində Rusiya baş nazirinin keçmiş müavini Gennadi Burbulis deyib.
O bildirib ki, biz daimi olaraq eyni ədalət tələblərini irəli sürə bilmərik: "Ermənistan tərəfini barışığa hazır olmayan tərəf kimi qəbul etmək lazımdır. Hesab edirəm ki, Azərbaycanın ən böyük missiyalarından biri bu olmalıdır. Şəxsən mən anlaşma və sülh üçün böyük olmasa da, müəyyən mövqelər tapmağa çalışacağam".
BMT-nin Dağlıq Qarabağla bağlı qətnamələri icra olunmalıdır
Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün əlindən gələni etməlidir, bundan başqa isə BMT-nin 4 qətnaməsinin icra olunması üçün səylərini əsirgəməməlidir, çünki bu, münaqişənin həllinə doğru ilk addımdır. "Trend"in məlumatına görə, bunu jurnalistlərə V Qlobal Bakı Forumu çərçivəsində Polşanın keşmiş prezidenti Aleksandr Kvasnevski deyib.
İki ölkə arasında münasibətlərdən danışan A.Kvsanevski qeyd edib ki, Polşa və Azərbaycan arasında siyasət və iqtisadiyyat sahələrində möhkəm əlaqələr qurulub. "Polşa Azərbaycanın köməyi ilə öz resurslarının diversifikasiyasında maraqlıdır. Bizim iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün çoxlu imkanlarımız var. Biz 25 il əvvəl əsası qoyulmuş kurs üzrə işləməkdə davam edirik".
Qırğızıstanın İslamabad İslam bəyannaməsini imzalamaması Bakıda da danışıldı
Dağlıq Qarabağ münaqişəsi sülh danışıqları yolu ilə həll olunmalıdır. "Trend"in məlumatına görə, bunu jurnalistlərə V Qlobal Bakı Forumunda iştirak edən Qırğızıstanın keçmiş baş naziri Apas Jumaqulov deyib.
O bildirib ki, bu münaqişənin həll olunmasl üçün hər şey edilməlidir.
Sabiq baş nazir İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) İslamabadda keçirilən sammitində Qırğızıstanın yekun bəyanata səs verməməsinə münasibət bildirərək deyib: "Ola bilsin elə məsələlər olub ki, orada olan insanlar öz üzərlərinə götürüb, həll edə bilməyiblər".
V Bakı Qlobal Forumu dünyada qarşılıqlı əməkdaşlığın inkişafına mühüm töhfə verir. "Trend"in məlumatına görə, bunu Qırğızıstanın keçmiş baş naziri Apas Jumaqulov deyib. A.Jumaqulov bildirib ki, bu gün dünyanı narahat edən bir çox problemlər mövcuddur, eyni zamanda Qırğızıstan da çətin siyasi proseslərdən keçib:
"Azərbaycan dünyanı narahat edən problemlərin müzakirə edilməsi və həlli yollarının tapılmasına şərait yaradır. Forumda çox əhəmiyyətli müzakirələr aparılır, yeni fikirlər səsləndirilir, problemlərin həlli yolları göstərilir. Əlbəttə, bu Azərbaycanın dünyada sülhün və sabitliyin qorunmasına verdiyi mühüm bir töhfədir".
Dünya liderlərinin Bakıda dialoq aparması çox böyük əhəmiyyət kəsb edir
V Bakı Qlobal Forumu dünyanı narahat edən problemlərin müzakirə edilməsi üçün çox əlverişli şərait yaradır. Bunu "Trend"ə Belçikanın keçmiş baş naziri Yves Leterme deyib. O qeyd edib ki, bu gün dünya liderlərinin bir araya gəlib dialoq aparması çox böyük əhəmiyyət kəsb edir: "Mövcud problemlərin müzakirəsi ilə yanaşı, onların həlli yollarının tapılması günümüzün aktual məsələsidir".
Y.Leterme bildirib ki, Azərbaycan bütün dünyadan olan liderlər, siyasətçilər üçün Bakı Qlobal Forumu kimi bir platformanı təqdim etməklə dünyanı narahat edən problemlərin müzakirə edilməsi və həlli yollarının tapılmasına imkan yaradır və sülhün, sabitliyin təmin olunmasına öz töhfəsini verir: "İkinci dəfədir ki, mən bu foruma qatılıram və forumun hər il daha uğurlu olduğunu görürəm".