Antiterror tədbirlərindən sonra Qarabağ iqtisadi rayonunda tərk edilmiş döyüş mövqelərindən birinə baxış keçirilərkən hərbi tibbi yardım üçün nəzərdə tutulan nəqliyyat vasitəsinin hərbi yükün daşınması məqsədilə istifadə edilməsi müəyyən edilib.
Artilleriya atəşi nəticəsində yararsız vəziyyətə düşən qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus nəqliyyat vasitəsi “Kornet” tank əleyhinə raket kompleksinin idarə olunan raketlərinin saxlanılması və daşınması üçün istifadə edilib.
Qeyd edək ki, mülki təyinatlı texnikanın hərbi məqsədlərlə istifadə edilməsi beynəlxalq humanitar norma və prinsiplərinə ziddir və qəbuledilməzdir.
“Azərbaycana qarşı əsassız ittiham irəli sürən beynəlxalq təşkilatlar, Fransa kimi dövlətlər bu kimi faktlara münasibət bildirməlidir”
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, ermənilər hər zaman Qarabağdan istifadə etmək istəyib: “Xatırladım ki, ötən ilin 12 dekabr tarixində başlayan Vətəndaş Cəmiyyətlərinin etiraz aksiyası ermənilərin ekologiyanı pozmasına qarşı idi. Ermənilərin Azərbaycan xalqına məxsus yeraltı və yerüstü sərvətlərimizi qanunsuz istismar etməsi bizə onu deməyə əsas verir ki, onlar Laçın yolundan qanunsuz olaraq istifadə ediblər. Danılmaz faktdır ki, o yol heç vaxt humanitar məqsəd üçün bağlı olmayıb. Ancaq Ermənistan tərəfinin əsas niyyəti həmin yoldan öz məqsədi üçün istifadə etmək olub. Daha sonra ermənilər Xankəndi-Xəlfəli-Turşsu yolundan istifadə etməyə başladılar. Xankəndi-Xəlfəli-Turşsu və digər alternativ yolların da Azərbaycan tərəfindən nəzarətə götürülməsindən sonra ermənilər qanunsuz niyyətlərini fərdi şəkildə həyata keçirməyə başladılar. Xankəndidən təcili tibbi yardım adı ilə maşınlar göndərilirdi. Təəssüf ki, həmin maşınlarda da xəstə, tibbi ləvazimat deyil, hərbi yüklər daşınırdı. Onu da xatırladım ki, humanitar yük adı ilə hərəkət edən nəqliyyat vasitələrində də yardım daşınmırdı”.
Həmsöhbətimizin sözlərinə görə, Azərbaycan tərəfi öz ərazisində suverenliyi tam bərpa etdikdən sonra ermənilərin bu kimi addımları ifşa olunmağa başladı: “Təcili tibbi yardım maşınında silahlar daşımaq ancaq ermənilərə xas ola bilər. Ümumiyyətlə, bu kimi addımları ancaq terrorçu təşkilatlar, qanunsuz silahlı birləşmələr atır. O cümlədən, işğal niyyəti ilə yaşayanlar da fərdi maşınlardan qara, məkrli niyyət üçün istifadə edir”.
X.Bəşirov onu da əlavə etdi ki, Azərbaycana qarşı əsassız ittiiham irəli sürən beynəlxalq təşkilatlar, Fransa kimi dövlətlər bu kimi faktlara münasibət bildirməlidir. Qarabağın digər ərazilərində humanitar böhran iddiası irəli sürən dövlətlər aşkarlanan qanunsuz faktlarla bağlı mövqe bildirməlidir: “Onu da deyim ki, təcili tibbi yardım maşını və ya digər fərdi nəqliyyat vasitələrində hərbi avadanlıqların daşınması qanunsuzdur”.
Günel CƏLİLOVA