Molla rejiminin Azərbaycana qarşı xain münasibətdə olduğu hər kəsə bəllidir. Tehrah hakimiyyəti bu istəyini açıq şəkildə nümayiş etdirir. Bu günlərdə Tehran küçələrində Azərbaycan düşmən kimi təqdim olunub.
Həmas-ın İsrailə hücumuna sevinən İran rejiminin tərəfdarları Tehranda ermənilərlə əlbir olaraq "Bizim ortaq düşmənlərimiz var: Azərbaycan, İsrail, Ukrayna" yazılmış vərəqələr paylayıblar”.
“Ermənistan və ASALA kimi terrorçu təşkilatlar Azərbaycana hansı münasibət bəsləyirsə İran rejimi də o mövqedədir”
Molla rejiminin yeni şüarı ilə bağlı fikir bildirən Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltan “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, İran hakimiyyəti Azərbaycanla münasibətləri düzəltmək istəyərkən özünün əsl simasını göstərir: “Həmçinin, bu ölkədə Azərbaycan əleyhinə aksiyaların keçirilməsinə şərait yaradılır. Kimsənin də şühbəsi olmasın ki, bu tip tədbirləri İran hakimiyyəti təşkil edir. Çünki ölkədə keçirilən istənilən etiraz aksiyası İran hakimiyyəti tərəfindən qəddarlıqla yatırılır.
Ukrayna müharibəsini İran Rusiyaya hərbi yardım göndərməklə dəstəkləyir. Həmçinin, Ukraynanın İran ərazisində vurulmuş sərnişin təyyarəsi ilə bağlı zərərçəkənlərə təzminat ödənilməsindən də imtina edir. Bir sözlə, Ukrayna İran hakimiyyətinin hədəfində mənfi obrazdır. Onu da nəzərə almaq lazımdır ki, Ukrayna Qərblə tərəfdaşdır və ora inteqrasiya etməyə çalışır. Azərbaycan Respublikası ərazi suverenliyini bərpa etmiş qonşu ölkədir. Azərbaycana qarşı İran ərazisində çoxsaylı qruplar fəaliyyət göstərir. Digər tərəfdən, İran hakimiyyəti Azərbaycanda 5-ci kolon hazırlayır. Beləliklə, İran hakimiyyəti Ukrayna və Azərbaycanı öz ərazi bötüvlüyünü qoruyub saxladığı üçün sərfəli, faydalı ölkə saymır. Çünki Tehran hakimiyyəti Azərbaycanın daim Ermənistanın qalmaqallarına qarışmasının tərəfdarı idi”.
Ekspert hesab edir ki, İranın İsrail, Azərbaycan və Ukrayna əleyhinə şüarlar səsləndirməsi daha çox Tehran hakimiyyətinin xarici siyasətinin görünən tərəfidir: “Çünki İsrail də Qərbyönümlü dövlətdir. Ümumiyyətlə, kim müstəqil dövlət olmaq istəyirsə İran tərəfi ona mane olmağa çalışır”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Ermənistan və ASALA kimi terrorçu təşkilatlar Azərbaycana hansı münasibət bəsləyirsə İran rejimi də o mövqedədir.
Günel CƏLİLOVA