Mina terroru ümumilikdə erməni terrorizminin əsas göstəricilərindən biridir. Məlum olduğu kimi, uzun illərdir işğal altında saxlanılan və müzəffər Ordumuz tərəfindən azad olunan torpaqlarımızın böyük bir hissəsi ermənilər tərəfindən minalanıb.
Hətta 2020-ci ildə Ağdam, Kəlbəcər və Laçın rayonlarını tərk edərkən ermənilər həmin ərazilərə əlavə minalar basdırıblar. 2020-ci il noyabrın 10-dan indiyədək yüzlərlə insan mina terroru nəticəsində həlak olub və ya müxtəlif dərəcəli xəsarət alıb.
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "X" sosial şəbəkə hesabında yazaraq qeyd edib ki, Ermənistanın mina terroru nəticəsində qurbanların sayı 331 nəfərə çatıb: “Mina terrorunun, xüsusilə dinc sakinlər arasında günahsız qurbanların sayı artmaqda davam edir. 10 noyabr 2020-ci il tarixindən etibarən mina qurbanlarının sayı 331 nəfərə çatıb".
“Beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələrin parlamentləri, insan haqlarının müdafiəsi ilə məşğul olan qurumlar Azərbaycana qarşı qəddarcasına davam etdirilən mina terroruna biganə qalmamalıdırlar”
Ermənistanın mina terroru ilə bağlı fikir bildirən Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, ermənilər minaları hara gəldi basdırıblar və basdırdıqları minaların xəritəsini ölkəmizə verməməkdə israr edirlər: “Qarabağın bütün bölgələrində tikinti quruculuq işləri həyata keçirilir. Reinteqrasiya prosesinə start verilib. Erməni əsilli şəxslərin Azərbaycan vətəndaşı olaraq yaşamasına şərait yaradılır. Bütün qaydalara uyğun olaraq ölkəmiz tərəfindən lazımi addımlar atılır. Ancaq buna baxmayaraq, Ermənistan tərəfi öz üzərinə düşən öhdəlikləri icra etmir”.
Mərkəz sədrinin sözlərinə görə, Azərbaycan öz ərazilərinin minalardan təmizlənməsi işində beynəlxalq təşkilatlardan fəal dəstək gözləyir. Eyni zamanda, beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələrin parlamentləri, insan haqlarının müdafiəsi ilə məşğul olan qurumlar Azərbaycana qarşı qəddarcasına davam etdirilən mina terroruna biganə qalmamalıdırlar. “Onlar bu məsələ ilə bağlı Ermənistana çağırış və təzyiqlər etməlidirlər. Çünki müharibənin bitməsindən xeyli vaxt keçməsinə baxmayaraq, çoxlu sayda insan mina qurbanı olub. Ona görə də beynəlxalq birlik bu məsələdə Ermənistana ciddi təzyiq göstərməli, minaların dəqiq xəritələrinin verilməsini tələb etməlidir”.
Günel CƏLİLOVA