Qarabağda yerli əhali arasında təşviş yaradan və onları Ermənistana köçməyə məcbur edən məhz qondarma rejim olub. Bunu Prezident İlham Əliyev oktyabrın 6-da Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Henri Klugeni qəbul edərkən deyib.
Araşdırmalar və baş verən son hadisələr də göstərir ki, Qarabağda yaşayan şəxslər Ermənistana köçməyə məcbur edilir. Bununla bağlı müəyyən işlər belə görülür.
“Azərbaycan dövləti yenə də təmkinini qoruyur, ermənilərlə sülh şəraitində yaşayacağına dair siqnallar verir”
Mövzu ilə bağlı fikir bildirən siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycan məsələni dinc yolla etmək istədiyi dövrdə dəfələrlə bəyan edilmişdi ki, Qarabağda yaşayan erməniləri köçüb getməyə qoymayan xunta rejimidir: “Antiterror əməliyyatından sonra Azərbaycan dövləti açıq mətnlə ermənilərə çağırış etdi ki, heç kim qorxmasın, çəkinməsin. Azərbaycan dövləti erməni əsilli dinc şəxslərə sahib çıxacağını bildirir. Erməni əsilli şəxslərin bir qismi Azərbaycan qanunları ilə yaşayacağını bəyan edib. Həmin şəxslər artıq indidən görür ki, ölkəmiz onlara necə sahiblənir, vətəndaş kimi qoruyur. Ancaq xunta rejimi əks fəaliyyətlə məşğul olur, onlar ermənilərin Qarabağdan çıxarılmasını təmin edir. Erməni əsilli şəxsləri qorxudaraq Qarabağı tərk etməyə məcbur edirlər. Bütün bunların qarşılığında Azərbaycan dövləti yenə də təmkinini qoruyur, ermənilərlə sülh şəraitində yaşayacağına dair siqnallar verir. Sadəcə, erməni ideoloqları kütləvi çıxışları lentə alıb, dünyaya yalandan car çəkirlər ki, guya Azərbaycan erməniləri qovur. Təəssüf ki, Ermənistanın baş naziri Nikol Paşinyan belə Qarabağdan çıxan ermənilərin zorla qovulduğunu iddia edir. Əlbəttə ki, bu əsassızdır. Bu səbəbdən də cənab Prezident görüşlərdə qeyd edir ki, dinc ermənilər geri qayıdıb Qarabağda yaşamaq istəyirlərsə onlara heç bir problem yaradılmayacaq. Qayıtmaq, Azərbaycanda yaşamaq istəməyəni də heç kim zorla saxlayası deyil. Bizim elə bir öhdəliyimiz də yoxdur”.
Günel CƏLİLOVA